isaznow.com
Az Iw En Ru

Konstruktiv əməkdaşlıq platforması

44 günlük Vətən müharibəsi ilə öz ərazisinin işğalına son qoyan, Ermənistana kapitulyasiya aktı imzalatdıran Azərbaycan hərbi qələbəsini diplomatik qələbəyə və siyasi kapitala çevirməyə, maddiləşdirməyə uğurla davam edir. Aşqabadda Prezident İlham Əliyevin də qatıldığı İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə Toplantısı bu xüsusda növbəti mühüm və yadda qalan hadisə kimi dəyərləndirilir.
Rəsmi Bakı getdikcə daha böyük siyasi arealda və diplomatik meydançalarda, mötəbər tribunalarda öz haqq sözünü deyir, mövqeyini bəyan edir. Təkcə demir, eyni zamanda daha geniş və birmənalı güclü dəstək, tərəfdaş qazanır. Özü də konkret sənədlər və qətnamələr şəklində və həm də Ermənistanın formal müttəfiqləri sayılan ölkələr tərəfindən. Azərbaycan İƏT-in fəal üzvüdür . Qeyd edək ki, 1992-ci ildə quruma üzv olan Azərbaycan onun fəal üzvlərindəndir və digər üzv dövlətlərlə birgə beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlıq edir. Məsələn, hazırda ölkəmiz Qoşulmama Hərəkatının dönəm sədridir və sədrlik dönəmində bu qurum Prezident İlham Əliyevin təşəbbüsü ilə bir sıra mühüm ilklərə, o sırada pandemiya ilə mübarizədə tarixi təşəbbüslərə imza atıb. Həmin təşəbbüslər BMT səviyyəsində xüsusi sessiyalarda müzakirəyə çıxarılıb. Müxtəlif səviyyələrdə qərarlar qəbul olunub. Yeri gəlmişkən, COVİD-19 pandemiyası ilə mübarizədə Azərbaycan dünyada haqlı olaraq, artıq nümunəvi dövlətlərdən biri kimi tanınır. Ölkəmiz bu bəla ilə nəinki sırf öz resursları hesabına uğurla mübarizə aparır, habelə Prezidentin Aşqabad çıxışında vurğuladığı kimi, onlarla ölkəyə maddi yardım edib.
İlham Əliyev Aşqabaddakı çıxışında həmçinin erməni işğalı altında olmuş ərazilərdə bütün şəhər və kəndlərimizin, mədəni-dini irs abidələrimizin Ermənistan tərəfindən yerlə-yeksan edilməsini, bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində məscidlərin dağıdılmasını, orada donuz və inək saxlanmasını, qəbiristanlıqları görünməmiş vandalizmə məruz qoyulmasını bir daha yada salaraq, sammit iştirakçılarının diqqətinə çatdırdı. Bununla belə, Prezidentin Soçi sammitində də bəyan elədiyi kimi, Azərbaycan tarixin bu səhifəsini çevirmək istəyir və suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında qalib ölkə kimi məğlubiyyətin fəlakətli nəticələrə gətirib çıxardığı Ermənistanı sülh sazişi üzərində işə başlamağa dəvət edir. Soçi görüşündən sonra Ermənistanda bu çağırışa artıq müsbət reaksiyalarının müşahidə edilməsi müəyyən ehtiyatlı optimizmə əsas yaradır.
Aşqabad sammitinə gəlincə, Zirvə Görüşündə qəbul edilən sənəddə milli maraqlarımıza tamamilə səsləşən bir sıra müddəalar əksini tapıb. O sırada sənəddə Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir. Özü də təbrikə imza atan ölkələrdən üçü – Qazaxıstan, Qırğızıstan və türkdilli olmayan Tacikistan Ermənistanın təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləridir. Bu da çox mühümdür ki, İƏT ölkələri Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrinə investisiya qoymağa çağırılıb. Qurum çərçivəsində qəbul olunan hesabatlarda “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənədlərdə yer almış dəhliz” ifadəsinin əksini tapması isə Zəngəzur dəhlizi məsələsinin İƏT regionunda da uğurla təşviq edilməsinin və qəbul edilməsinin bariz nümunəsi sayılmalıdır. İƏT sammiti və orada İlham Əliyevin çıxışı, edilən çağırış və verilən mesajlar, qəbul olunan yekun sənədlər və oradakı mühüm tezislər həmçinin Zəngəzur dəhlizinin açılmasını da reallığa çevirir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər.

İmişli RİHB Aparatı İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini: Rüfət Muradov


00:59 30.11.2021