isaznow.com
Az Iw En Ru

Zəngəzur dəhlizi reallığa çevrilir

Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində «Birlikdə gələcəyə» devizi ilə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında cənab İlham Əliyevin nitqində diqqət yönəltdiyi məsələlərdən də bəhs edərək bildirib ki, postmünaqişə dövrünün reallıqları bugünümüzün əsas müzakirə mövzusudur. Cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərindən və onların nəticələrindən bəhs edərək  statistikanı açıqamışdır ki, Azərbaycan  yalnız özünün maliyyə resurslarına arxalanaraq  sıfırdan  yeni şəhər və kəndlər salır.  Bu il bu məqsədlə  dövlət büdcəsindən 1,3 milyard dollar  ayrılıb. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə  vəsait ayrılacaq. Təbii ki, görülən işlər Azərbaycanan malik olduğu iqtisadi imkanların təqdimatında əhəiyyətli rol oynayır.  Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlar bölgəyə sülh, əmin-amanlıq, təhlükəsizlik gətirməklə yanaşı, iqtisadi inkişafı daha da sürətləndirəcək. Bu baxımdan Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq.

Rusiya Prezidenti Vladimir Putinin azərbaycanlı həmkarı İlham Əliyevə hörmət və ehtiramla yanaşması, Azərbaycan Prezidentinin regionun gələcəyi ilə bağlı bu vaxta kimi səsləndirdiyi fikirlərin Soçi Bəyanatında öz əksini tapması proseslərin rəsmi Bakının iradəsindən kənarda inkişaf etmədiyinin göstəricisidir. Ermənistan reallıqlarla barışmaq, sülh müqaviləsini imzalamaq məcburiyyətindədir. Əks halda onu hansı faciələrin gözlədiyi aydındır. Düşünürük ki, Ermənistan 44 günlük Vətən müharibəsinin  “Dəmir yumruq” əməliyyatını unutmayıb. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər çıxışında dəmir yumruğun yerində olduğunu bildirir. Ermənistanın  üzərinə qoyulan öhdəliklərdən qaça bilməsi mümkünsüz görünür.

Soçi Bəyanatının müddəalarının uğurlu icrası bölgəyə yeni həyat gətirəcək. Artıq keçmişlə deyil, gələcəklə yaşamağın zamanıdır. Azərbaycan daim gələcəyə baxır və  işğalçı Ermənistana da  bu çağırışı edir. Ümumilikdə Soçi Bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib. Onu da qeyd edək ki, Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin Soçi görüşünün ardınca Brüssel görüşü  olacaq. Avropa İttifaqı Şurasının Prezidenti dekabr ayının  15-də  Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə Görüşü çərçivəsində Azərbaycan və Ermənistan  rəhbərlərinin   görüşünün təşkil edilməsi təklifi ilə çıxış edib. Dünyanın gücləri, nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsində maraqlıdırlar. İntensivləşən  görüşlər tərəflər arasında təmasları möhkəmləndirəcək, hədəflərin reallığa çevrilməsini stimullaşdıracaq.

 

Elşad MÜHƏDDİNOV,

Sabirabad rayonu Bulaqlı kənd tam orta məktəbinin direktoru


02:12 30.11.2021