isaznow.com
Az Iw En Ru

Cənubi Qafqaz regionunda yaranmış yeni geosiyasi konfiqurasiya Avropa İttifaqı tərəfindən qəbul olunur

 

Dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib. Görüş zamanı bir sıra önəmli məsələlər müzakirə olunub. 

Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü bir daha nümayiş etdirdi ki, Azərbaycan özünün haqlı-ədalətli mövqeyini dünyaya qəbul etdirə bilib. Diqqət yetirsək görərik ki, Avropa İttifaqının yanaşması bütövlükdə, Azərbaycanın haqlı maraqlarına tam uyğundur. Göründüyü kimi, Avropa İttiffaqı Şurası Prezidenti Şarl Mişellə birgə keçirilən üçtərəfli görüşün yekununa dair bəyanatda Azərbaycan üçün vacib olan bütün məqamlar öz həllini tapıb. Beləliklə, Azərbaycanın bu gün fəaliyyəti dəstəkləndiyi istiqamətlər bütövlükdə Avropa İttifaqı tərəfindən də dəstəklənir.

Görüşün nəticəsi olaraq yayılan bəyanatda  məhz bu məqamlar göstərilir. Konkret olaraq, bəyanatda qeyd olunur ki, ötən ilin noyabr ayının 10-da, bu ilin yanvar ayının 11-də və noyabrın 26-da imzalanmış sənədlər üzrə addımların atılması dəstəklənir. Bildiyimiz kimi, bu sənədlərdə regionda kommunikasiyanın qurulması, iqtisadi layihələrin həyata keçirilməsi, bütövlükdə regional təhlükəsizliyə və sülhə xidmət edəcək digər addımların da atılması öz ifadəsini tapıb. Onu da qeyd edək ki, Azərbaycan Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyasının aparılması ilə bağlı işçi qrupunun yaradılması, bu istiqamətdə təsirli addımların atılması da Avropa İttifaqının dəstəklədiyi məqamlardır. Ayrıca olaraq nəqliyyat-kommunikasiyasının açılması istiqaməti də Şarl Mişelin simasında özünün açıq dəstəyini ifadə edir. Xüsusilə, dəmir yollarının açılması, dəmir yolları üzərində gömrük nəzarət postlarının qurulması məsələsində qarşılıqlılığının göstərilməsi də Avropa İttifaqının vacib qəbul etdiyi məsələlərdəndir. Yeri gəlmişkən onu da xatırladım ki, Prezident İlham Əliyev çıxışında onu da vurğulayıb ki,  Laçın dəhlizində gömrüyə nəzarət sistemləri yoxdursa Zəngəzur dəhlizində də olmamalıdır. Yox əgər Zəngəzur dəhlizində belə bir nəzarət sistemi olacaqsa bu, eləcə də Laçın dəhlizində də olmalıdır. Göründüyü kimi, Azərbaycan hər iki varianta tam açıqdır. Mahiyyət etibarı ilə bəyanatda bu məqam da dəstəklənir. Bütün bunlar aydın şəkildə göstərir ki, Azərbaycanın haqlı mövqeləri, ölkəmizin fəaliyyət istiqamətləri Avropa İttifaqı tərəfindən dəstəklənir.

Yəni, Azərbaycanın iradəsi ilə Cənubi Qafqaz regionunda yaranmış yeni geosiyasi konfiqurasiya Avropa İttifaqı tərəfindən qəbul olunur. Sözsüz ki, bu da Azərbaycanın növbəti qələbəsinin göstəricisidir. Bütün bunlar onu göstərir ki, bu dəfə də Paşinyan Brüsseldən kor peşman qayıdır. Ümid edirdi ki, Brüsseldə ən azından zaman qazana biləcək. Amma bütün bunlar baş vermədi. Yəni, Azərbaycanın təşəbbüsləri, ölkəmizin hazırda postmünaqişə mərhələsində fəaliyyət istiqamətləri Avropa İttifaqı tərəfindən də dəstəkləndi, Ermənistana bununla da manevr imkanları qoyulmadır.

 

Tursun Əzizov,

Sabirabad rayonu Axısxa kənd tam orta məktəbinin direktoru


00:49 19.12.2021