

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais” qəzetinə verdiyi müsahibənin mövzusu da əsasən məhz marağın doğurduğu suallar ətrafında formalaşmışdır. Qeyd etmək lazımdır ki, bu müsahibə post-müharibə dövründə regionda gedən proseslər, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması, tərəflərin imzaladıqları üçtərəfli bəyanatlardan irəli gələn öhdəlikləri hansı səviyyədə yerinə yetirmələri və digər bu kimi vacib məsələlər barədə məlumatların Avropa və dünya ictimaiyyətinə çatdırılması baxımından böyük siyasi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin müsahibəsində ən xırda detallara qədər konkret və dolğun cavablar verməsi istər Vətən müharibəsinin gedişində, istərsə də post-müharibə dövründə bütün məqamlara xüsusi diqqət ayırdığından və bu məsələlərdə qətiyyən heç bir boşluğa yol verilmədiyindən xəbər verir. İlk növbədə, Azərbaycan Prezidenti öz müsahibəsində Ermənistanla sərhəddə mövcud vəziyyət, eləcə də qarşı tərəfin hərbi əməliyyatlar başa çatdıqdan sonrakı təxribatları barədə məlumat verərək, ölkəmizin yalnız sülh və sabitlik istədiyini aydın və qəti şəkildə vurğulamış oldu. Müharibədən keçən 1 il ərzində vəziyyətin nisbətən sabit olduğunu qeyd edən dövlət başçımız stabilliyin məhz Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə daha dayanıqlı olduğunu da vurğuladı. Həqiqətən də Ermənistan-Azərbaycan sərhədində olan vəziyyət daha çox gərginliyi ilə diqqəti cəlb edir ki, bu da bütün hallarda yalnız Ermənistanın qisas almaq cəhdləri ilə izah oluna bilər.
İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyəti çox ağrılı oldu. Bu məğlubiyyət ermənilərin otuz il ərzində şişirdikləri “yenilməz ordu”, “cəsarətli əsgər və komandirlər” haqqında miflərini məhv etdi. 44 gün davam edən müharibə zamanı Ermənistan ordusu tamamilə darmadağın oldu və onlar ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldılar. Məhz buna görə də bu gün erməni separatçıları ölkədə revanşizm əhval-ruhiyyəsini yaşatmaq ümidilə ara-sıra təxribatlara gedirlər.
Ölkə Prezidentinin müsahibəsində Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiya və delimitasiyasının vacibliyini də diqqət mərkəzinə çəkildiyini vurğulayıb. Məlumdur ki, bu gün Cənubi Qafqazda davamlı sülhə və sabitliyə nail olmaq üçün, ilk növbədə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmalıdır. Bunun üçün isə iki ölkə arasında sərhədlərin demarkasiya və delimitasiyası vacib şərtdir. Öz müsahibəsində Prezident İlham Əliyev bu problemin də tezliklə həll olunmasının zəruriliyini vurğulamışdır. Dövlət başçımız bildirmişdir ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədi hələ də təyin olunmayıb. Azərbaycan Ordusu bu gün ölkəmizin dövlət sərhədində mövqe tutub. Lakin Ermənistan Azərbaycanın hər hansı bir səbəb olmadan Ermənistanın ərazisinə müdaxilə etməsi ilə bağlı əsassız iddialar irəli sürür. Halbuki, Azərbaycan Qarabağ müharibəsinin bitməsindən sonra dərhal Ermənistana sərhədlərin demarkasiyası üzərində işləməyə başlamağı və delimitasiya üzrə birgə işçi qrupunu yaratmağı və ərazidə bütün mübahisələri masa üzərində aydınlaşdırmağı təklif edib. Bunun müqabilində isə Ermənistan müharibə bitəndən sonra bir ildən çox müddətdə dövlət sərhədində bir neçə dəfə hərbi təxribatlar törətməyə cəhd edib. Lakin nəticədə onlar öz hərbi mövqelərini itirdilər, Azərbaycan isə dövlət sərhədində mövqelərini gücləndirdi. Azərbaycan Prezidenti növbəti dəfə qəti şəkildə bəyan etdi ki, bizim ölkəmiz sülh və sabitlik istəyir. Buna görə də biz Ermənistanın bütün manevrlərini, yenidən qruplaşmalarını və bizə təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün bütün cəhdlərini çox yaxından izləyəcəyik. Bunun baş verdiyini görsək, təhlükəni dərhal aradan qaldıracağıq və onlar bunu bilirlər.
Afiq Ağayev,
H.Z.Tağıyev adına 7 saylı Sabirabad şəhər tam orta məktəbin müəllimi