

Prezident İlham Əliyevin Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın ən böyük siyasi mətbu orqanı olan “«İl Sole 24 Ore»” qəzetinin Yaxın Şərq üzrə müxbirinə müsahibəsində diqqəti cəlb edən məqamlardan biri də Azərbaycana, Ermənistana, Ukraynaya ayrılan dəstək paketinin ikili standartlardan qaynaqlanması, qeyri-reallığı əks etdirməsidir. Yardım paketinə əsasən Ermənistanla Ukraynaya bərabər həcmdə, 2 milyard dollar, Azərbaycana isə sadəcə, 140 milyon avro ayrılacaq. Məsələ ilə bağlı jurnalistin sualını “Siz tamamilə haqlısınız. Bu, bir çox müşahidəçiləri təəccübləndirən fakt oldu və Azərbaycan əhalisi üçün də çox xoşagəlməz bir sürpriz oldu. Bir məsələni dəqiqləşdirim – Avropa Komissiyası tərəfindən Ermənistana təqdim ediləcək paketin həcmi 2.6 milyard dollardır, Azərbaycana isə sizin qeyd etdiyiniz kimi 140 milyon. Yəni, fərq təqribən 20 dəfədir. Bu, ədalətlidirmi? Xeyr. Bu, hər iki ölkənin real ehtiyaclarına müvafiqdirmi? Xeyr. Hətta azad olunmuş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dəhşətli dağıntıları kənara qoysaq belə, hər iki ölkənin əhalisinin sayına nəzər salsaq, görərik ki, fərq 5 dəfədən çoxdur» sözləri ilə cavablandıran Prezident
İlham Əliyev onu da xatırlatdı ki, minaları təmizləmə prosesi olduqca baha başa gəlir və çox vaxt aparır. Ermənistanda heç bir dağıntı yoxdur. Bu ölkə işğal edilməmişdi, o, özü işğalçı idi. Fiziki cəhətdən belə Ermənistanın iqtisadiyyatı bu nəhəng həcmli paketi mənimsəyə bilməz. Azərbaycan istəyir ki, yanaşma vahid standartlara əsaslansın. Aİ Şurasının Prezidenti Şarl Mişellə görüşünü xatırladan Prezident İlham Əliyevin “Hətta təklif etdim ki, Avropa Komissiyası özünün fondları vasitəsilə Azərbaycanda minalardan təmizləmə prosesinin maliyyələşdirilməsini nəzərdən keçirsin. Dedim ki, pulu bizə verməyin, minaların təmizlənməsi ilə məşğul olan Avropa şirkətlərinə maliyyə yardımı ayırın ki, onlar Azərbaycana gəlsinlər və işə başlasınlar» sözləri ədalətə çağırışdır. Heç bir prinsipə uyğun gəlməyən yardımların ayrılmasının təşəbbüskarları onu da nəzərə almalıdırlar ki, işğaldan azad olunmuş ərazilərin problemləri minaların təmizlənməsi ilə məhdudlaşmır. Bütün yaşayış məntəqələri tamamilə dağıdılıb. Bu dağıntını törədənlər isə Azərbaycandan daha artıq yardıma, ianəyə layiq görülən barbar ermənilərdir. Bu baxımdan Ermənistana “maliyyə töhfəsi”” nin həcmi,- istər ianə olsun, istərsə də kredit, Azərbaycanla eyni, bəlkə daha az olmalıdır. Çünki dağıdan Ermənistan, qurub- yaradan isə Azərbaycandır.
Kənan Səmədov,
Sabirabad Gəncləri İnkişaf və Karyera Mərkəzinin direktor müavini