

İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində müxbirin “Avropa İttifaqı bu yaxınlarda Ermənistana 2 milyard dollar həcmində dəstək paketini elan etdi. Ukraynaya da 2 milyard dollara yaxın yardım ayrılacaq. Səhv etmirəmsə, Azərbaycana isə sadəcə, 140 milyon avro ayrılacaq. Yəni, burada çox böyük fərq var. Sizcə, nə üçün belədir? Belə bir qərar haradan qaynaqlanır?” sualına cavabında Prezident İlham Əliyev növbəti dəfə birmənalı və qətiyyətli mövqeyini ortaya qoydu. Bildirdi ki, bunun nədən belə olduğunu demək çətindir. Çünki bu suala cavab vermək üçün ixtiyarımda kifayət qədər fakt olmalıdır. Mən yalnız bununla öz fikrimi bildirə bilərəm. Siz tamamilə haqlısınız. Bu, bir çox müşahidəçiləri təəccübləndirən fakt oldu və Azərbaycan əhalisi üçün də çox xoşagəlməz bir sürpriz oldu. Bir məsələni dəqiqləşdirim – Avropa Komissiyası tərəfindən Ermənistana təqdim ediləcək paketin həcmi 2.6 milyard dollardır, Azərbaycana isə sizin qeyd etdiyiniz kimi 140 milyon. Yəni, fərq təqribən 20 dəfədir. Bu, ədalətlidirmi? Xeyr. Bu, hər iki ölkənin real ehtiyaclarına müvafiqdirmi? Xeyr. Hətta azad olunmuş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dəhşətli dağıntıları kənara qoysaq belə, hər iki ölkənin əhalisinin sayına nəzər salsaq, görərik ki, fərq 5 dəfədən çoxdur – Azərbaycanın əhalisi 10 milyon, Ermənistanda isə 2 milyon. Bundan əlavə, işğal illəri ərzində Livanın sahəsinə bərabər ərazilər tamamilə dağıdılıb”. Azərbaycan Prezidenti bəyan etdi ki, bu gün əcnəbi vətəndaşlar və jurnalistlər həmin ərazilərə səfər edəndə dağıntıların miqyasını öz gözləri ilə görürlər.
Eyni zamanda, hesablamalara görə orada 1 milyona yaxın mina basdırılıb. Minaları təmizləmə prosesi olduqca baha başa gəlir və çox vaxt aparır. Ermənistanda heç bir dağıntı yoxdur. Bu ölkə işğal edilməmişdi, o, özü işğalçı idi. Fiziki cəhətdən belə Ermənistanın iqtisadiyyatı bu nəhəng həcmli paketi mənimsəyə bilməz.
Beləliklə, bu, çox təəccüblüdür və bu paket elan edildikdən sonra, Prezident Mişelin bu yay Azərbaycana səfərindən sonra biz bu mövzunu daim müzakirə edirik. Biz istəyirik ki, yanaşma vahid standartlara əsaslansın”, - deyən Prezident İlham Əliyev növbəti bəyanatını səsləndirərək qeyd etdi ki, biz ədalət istəyirik və Azərbaycana eyni şərtlərlə, eyni həcmdə vəsaitin verilməsini istəyirik.
Bəli, başqa cür ola bilməz. Bunun əksi növbəti dəfə ikili standartların, ədalətsizliyin nümayişi ola bilər. Yenə də biz öz sözümüzü dedik, yenə də seçim qarşı tərəfindir. Biz indiyədək kimsənin köməyi olmadan çox şeylərə, Qələbə və Zəfərlərə, uğurlara nail ola bilmişiksə, bundan sonra da öz gücümüzə öz ayaqlarımız üstündə dik dayanmağı bacaracağıq.
Sabirabad rayonunun fəal gənci