

İtaliya nəinki təkcə Avropa qitəsində, dünya miqyasında bizim ən yaxın tərəfdaşlarımızdan biridir. Hesab edirəm ki, indi münasibətlərimiz çox yüksək səviyyədədir. Bunun göstəricisi odur ki, biz strateji tərəfdaşlıq haqqında sənəd imzalamışıq. İtaliya Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənəd imzaladığı Avropa İttifaqına üzv olan 9 dövlətdən biridir.
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Brüsseldə İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində söyləyib.
Dövlətimizin başçısı deyib ki, Transadriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan İtaliyanın mühüm təchizatçısına çevrilib. İtaliya istehlakında Azərbaycan qazının həcmi ilbəil artacaq.
Eyni zamanda, dost ölkə olaraq İtaliya bizim azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün dəvət etdiyimiz ilk ölkələrdən biri olub. Birincisi Türkiyə idi, ikincisi İtaliya. Sizə deyə bilərəm ki, hazırda italyan şirkətlərinin orada icra etdiyi çoxlu layihələr var. Biz italyan memarlarını Şuşadakı tarixi abidələrimizi və məscidlərimizi bərpa etmək üçün dəvət etmişdik.
İtalyan şirkətinin Bakıda Zəfər Muzeyinin tikintisinə fəal şəkildə cəlb olunduğunu diqqətə çatdıran Azərbaycan Prezidenti deyib: “Mən sizə italyan şirkətlərinin çox fəal iştirak etdiyi azad edilmiş ərazilərdə və Azərbaycanın digər yerlərində çoxsaylı tikinti layihələrini qeyd edə bilərəm. Sizə deyə bilərəm ki, Prezident Mattarellanın ölkəmizə səfəri zamanı biz birlikdə italyan şirkəti tərəfindən tikilmiş neft-kimya zavodunun açılışını etdik. İndi isə eyni şirkət bizim neft emalı zavodumuzun yenidən qurulması üzərində fəal şəkildə işləyir. Bunlar bir neçə milyardlıq layihələrdir. Bu sahələr sənaye, neft-kimya məhsulları, tikinti, memarlıq, bərpa işləri, geniş diapazonlu məsələlərdir. Bir daha qeyd edirəm, bu, bizim dostluğumuzu və tərəfdaşlığımızı nümayiş etdirir”.
Rövşən Hüseynov,
Sabirabad rayonu Şəhriyar kəndi, fermer