

Xalq tərəfindən seçilən hər bir rəhbərin həyatda xüsusi təyinatı olur. Amma bu missiyanı həyata keçirmək hər kəsə nəsib olmur. İlham Əliyevin Azərbaycan dövlətçiliyində ərazi bütövlüyümüzü təmin etmək kimi xüsusi təyinatı onun özünün əslində hərbi mənada xüsusi təyinatlı kimi yüksək hazırlığının nəticəsi idi. Zaman keçdikcə ictimaiyyətimiz Vətən Müharibəsi gedişinin və uğurunun bütün detallarının hərbi taktiki müəllifinin məhz Ali Baş Komandanın olduğunu görməkdədir. Beləliklə, Prezident kimi dövlət və xalq qarşısında xüsusi təyinatını icra etmiş İlham Əliyev həm də bölgənin ən güclü xüsusi təyinatlıları olan ordunun Ali Baş komandanıdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır.
2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Azərbaycanın iqtisadi siyasətinin ən böyük uğurlarından sayılan BTC ölkəmizin Avrasiya regionunda mövqeyini xeyli gücləndirib, dövlətimizi Cənubi Qafqazın liderinə çevirib. Bu gün BTC təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb edən bir layihədir. BTC mühüm texniki-iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı, həm də böyük siyasi məzmun kəsb edir. Belə ki, bu kəmər dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan verib, ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə zəmin yaradıb.
Ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilib. Avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Bakı-Tbilisi-Qars dəmir yolunun və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirib. 2017-ci ildə istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bakı Beynəlxalq Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tona bərabərdir və ehtiyacdan asılı olaraq bu həcm 25 milyon tona qədər artırıla bilər. “Şərq-Qərb nəqliyyat dəhlizi” Çinlə Avropa arasındakı ən qısa marşrut olduğundan tranzit və yükdaşıma baxımından səmərəlidir. Orta hesabla 5400 km uzunluğunda olan “Şərq-Qərb nəqliyyat dəhlizi”nin tranzit müddəti 15 gündür
Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı tarixi hadisə post-sovet məkanında yeganə və bəlkə də sonuncu hadisə olacaq. İlham Əliyevin bu təcrübəsini indi çoxları öyrənir, amma tətbiq edə biləcəkləri böyük sual altındadır. Çünki, İlham Əliyev heç kimin edə bilmədiyini etdi, o əsrlər boyu ilk dəfə olaraq qonşuluğumuzda olan böyük dövlətlərin marağını Azərbaycanda birləşdirə bildi. Bundan sonra isə Qarabağı azad edib, bu bölgəni maraqlar uğrunda çəkişmədən xalqların rifahı və birgə inkişafı mərkəzinə çevirdi. Məhz buna görə də İlham Əliyevin “Qarabağ Azərbaycandır nə nida” ifadəsi sonra bir sıra dövlət başçıları tərəfindən tarixdə ilk dəfə olaraq “Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir” ifadəsi ilə yekunlaşmış oldu.
Əlişirin Əliyev,
Sabirabad RMX-nın Poliklinika şöbəsinin müdiri