isaznow.com
Az Iw En Ru

İlham Əliyev müasir müsəlman və türk dünyasının parlaq şəxsiyyətidir

Əgər Qərb dünyası siyasi konyunkturanı kənara qoya bilsəydi növbəti Nobel sülh mükafatı ilə məhz Prezident İlham Əliyev təltif olunardı. Çünki Qarabağın işğaldan azad olunması təkcə Ermənistan-Azərbaycan konfliktinə son qoymadı, bütövlükdə Qafqaza və regiona sülh gətirdi. O, böyük dövlətlərin təmsil olunduğu təşkilatların 30 ildə edə bilmədiyini təkbaşına etdi.

Amma ən vacibi odur ki, müsəlman və türk xalqlarının qəlbində Prezident İlham Əliyev daha böyük dəyərə layiq görülmüşdür.

Pakistanın Strateji Araşdırmalar Mərkəzinin direktoru Xalid Teymur Əkrəm söyləyir: “Pakistan xalqı sizinlə çox qürur duyur. Siz Pakistanda məşhur bir şəxsə çevrilmisiniz... Biz sizinlə və Azərbaycan xalqı ilə çox qürur duyuruq.

Türkiyəli Nobel mükafatı laureatı Əziz Sancar isə deyir: “Mənim üçün Qarabağ zəfəri Türkiyənin Qurtuluş savaşından sonra türk dünyasının ən böyük zəfəridir”.

Beləliklə, İlham Əliyev  dünyanın güc mərkəzləri tərəfindən uzun illərdir əzilən, qaçqın və didərgin salınan müsəlman xalqlarının indi azadlıq, şərəf və qalibiyyət simvoluna çevrildi. Budur ən böyük mükafat.

Son üç ildə ölkəmiz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurla sədrlik edib. Bu dövr ərzində Prezident İlham Əliyev təşkilatın fəaliyyətinin gücləndirilməsi, türkdilli ölkələr və xalqlar arasında dostluq, qardaşlıq və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində ciddi səylər göstərib. Ölkəmizin sədrliyi dövründə Türk Şurasının digər mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı ilə səmərəli əməkdaşlıq münasibətləri davam etdirilib, Ümumdünya Səhiyyə Təşkilatı ilə faydalı əməkdaşlıq çərçivəsi qurulub. 2021-ci il 12 noyabr tarixində Prezident İlham Əliyev Qarabağın azad edilməsi işində göstərilən səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə Türk Dünyasının Ali Ordeni ilə təltif edilmişdir.

Konstruktiv əməkdaşlığa açıq olan Prezident İlham Əliyev bütün beynəlxalq təşəbbüslərə öz dəstəyini nümayiş etdirir. Hal-hazırda Azərbaycan Respublikası İƏT-nın ən aktiv və nüfuzlu üzvlərindən biridir. Azərbaycan son illərdə İƏT-in bir necə konfransına ev sahibliyi etmişdir. Azərbaycanın təşəbbüsü ilə 2013-cü il oktyabrın 28-də BMT tarixində ilk dəfə olaraq “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda iclas təşkil edilmişdir. 2017-ci ilin may ayında İƏT-in möhtəşəm idman hadisəsi – IV İslam Həmrəyliyi Oyunları Bakıda keçirililmişdir. 2017-ci il  Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuş, 2018-ci ildə 5 min illik qədim tarixə malik Naxçıvan şəhəri ISESCO tərəfindən İslam mədəniyyətinin paytaxtı seçilmişdir.

Əslində böyük tarixi şəxsiyyətlərin həyatında bir oxşarlıq mövcuddur. Keçən əsrin 80-ci illərində Heydər Əliyev SSRİ kimi nəhəng dövlətin rəhbərliyində təmsil olunarkən, o da yaşının məhz bu çağlarında idi. O zaman bir çox dünya mətbuatı Heydər Əliyevin ilk müsəlman şəxsin bu zirvəyə yüksəldiyini yazırdılar. Bu gün isə müasir, dünyəvi türk və müsəlman aləminin ən parlaq şəxsiyyəti İlham Əliyevdir.

 

Elnur Ağayev,

Sabirabad rayon Qeydiyyat şöbəsinin rəisi


19:21 24.12.2021