isaznow.com
Az Iw En Ru

Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır

2022-ci ilin sosial islahatları dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır. Yeni ildən tətbiq ediləcək islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub və bu islahatların ümumilikdə 2,1 milyondan çox şəxsi əhatə edəcəyi gözlənilir.

Müavinət və təqaüdlərin artımı əhalinin demək olar ki, bütün təbəqələrini əhatə edəcək. Belə ki, nəzərdə tutulmuş əlilliyi olan və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənləri, sağlamlıq imkanları məhdud uşaqları və onlara qulluq edənləri, yaşa görə müavinət alanları, ailə başçısını itirməyə görə müavinət alanları, müddətli hərbi xidmətdə olanların uşaqlarını, uşaqların qəyyumlarını, beşdən çox uşağı olan qadınları, bir yaşadək uşağı olan aztəminatlı ailələri, övladlığa uşaq götürənləri, işləməyən pensiyaçı elmlər və fəlsəfə doktorlarını, “Xalq” və “Əməkdar” fəxri adı olanları; doktorant və tələbələri bir sözlə olduqca çox sayda insanı əhatə edəcək. Bundan savayı məlum olduğu kimi uşağın doğulmasına görə verilən birdəfəlik müavinətin,eləcə də dəfn üçün ödəilən birdəfəlik müavinətin də məbləğində artımlar nəzərdə tutulub.

Sosial islahatlar paketinin vacib məqamlarından biri gənclərin təhsil alma prosesinin stimullaşdırılması ilə bağlıdır. Dövlət başçısının imzaladığı yeni Fərman 132 min doktorant və tələbəni əhatə edərək müavinət və təqaüd formasında onlara yönələn sosial ödənişlərin gələn ilin əvvəlindən artırılmasını təmin edəcəkdir. Prezident İlham Əliyevin yeni “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması haqqında” Sərəncamı da 2022-ci ilin yeni sosial paketinin tərkib hissəsidir. Sərəncamın dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçiləri əhatə etməklə onların sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcəyi şübhəsizdir. Həmin təşkilatlarda çalışanların maaşları 2022-ci il yanvarın 1-dən orta hesabla 20% artırılacaq. Bu məqsədlə dövlət büdcəsindən 9 milyon manat illik əlavə vəsait nəzərdə tutulub və ümumilikdə götürsək bu sərəncam 4 mindən artıq insanı hatə edəcək.

Əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi də Prezident İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biridir. İmzalanmış fərman və sərəncamlara baxsaq görərik ki, əlilliyə görə  müavinətlər 2022-ci ilin əvvəlindən I dərəcə  üzrə - 150 manatdan 220 manata, II dərəcə  üzrə  - 130 manatdan 180 manata və III dərəcə üzrə  - 110 manatdan 120 manata  çatdırılacaqdır. Onu da yada salmaq yerinə düşər ki, müavinətlərdən əlavə I dərəcə əlilliyi olanlar Prezidentin aylıq təqaüdü olaraq 130 manat ödənişlə də təmin olunur.

Sosial islahatlar paketindəki digər vacib məqam müharibə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlara tətbiq olunacaq yeniliklərkə bağlıdır. Müharibə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlar pensiya almadıqda müavinət və təqaüd formasında ayda I dərəcə üzrə 700 manat, II dərəcə üzrə 530, III dərəcə üzrə 420 manat alacaqlar. Bu da 2019-cu illə müqayisədə dərəcələr üzrə müvafiq olaraq 2,5 dəfə, 2,2 dəfə və 2,2 dəfə çoxdur. Həmin kateqoriyalara aid əlilliyi olan şəxslər əmək pensiyası aldıqda orta hesabla aylıq I dərəcə üzrə 915 manat, II dərəcə üzrə 845 manat, III dərəcə üzrə 610 manat alacaqlar. Bu məbləğlər isə 2019-cu illə müqayisədə dərəcələr üzrə müvafiq olaraq 72%, 81% və 97% çoxdur.

Sosial ödənişlərin artımı sağlamlıq imkanları məhdud uşaqları da əhatə edəcəkdir. Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial ödəniş 2019-cu ilin əvvəlində cəmi 82 manat idisə, gələn ilin əvvəlindən həmin məbləğdən 3,4 dəfə çox olmaqla onlar üçün müavinət 200 manat və təqaüd 80 manat olmaqla aylıq 280 manat sosial ödəniş ediləcəkdir.

Müavinətlərin artımı özündə təhsil işçilərinin sosial müdafiəsini də ehtiva edir. Belə ki, yeni əməkhaqqı artımı 165 min təhsil işçisini əhatə edir. Artımların edilməsi məqsədlə 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Sərəncamlarla 2022-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin maaşları orta hesabla 20%, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40%, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları orta hesabla 20%, fiziki tərbiyə rəhbərlərinin maaşları orta hesabla 30% artırılır.

Yeni Fərman və sərəncamlar özündə həmçinin müddətli hərbi xidmətdə olan ailələrə dövlət dəstəyini də ehtiva edir. Belə ki, yeni Fərman əsasən 2022-ci ilin əvvəlindən müddətli hərbi xidmətdə olan hərbçilərin uşaqlarına 120 manat müavinət ödənəcək. Onu da qeyd edim ki, bu məbləğ üç il əvvəl 68 manat təşkil edirdisə 2019-cu ilin aprelindən 100 manata çatdırılmışdı və indi artımı da nəzərə alsaq bu 76,5% artım deməkdir.

Artımlar Vahid Tarif Cədvəli üzrə əməkhaqqı alan işçilərin də əmək haqlarında artıma şərait yaradır. Belə ki, minimum əməkhaqqının 300 manata çatdırılması, vahid tarif cədvəli üzrə işləyənlərin əməkhaqqının orta hesabla 20%  artırılmasını təmin edəcək.

2019-2020-ci illərdə həyata keçirilən böyük sosial islahatların nəticəsi olaraq əməkhaqları və sosial ödənişlərdə ciddi şəkildə artımlar baş vermişdi. Son illərdə minimum əmək haqqı və minimum pensiyalar təqribən 2 dəfə artmışdır. Orta pensiya 60%, orta əmək haqqı təqribən 40%, sosial ödənişlərin orta məbləği 2 dəfədən çox artmışdır. Bütün bunlar isə birmənalı olaraq dövlətin hər bir vətəndaşının yanında olmasının ən bariz göstəricisidir.

Bütün sadalananlar Prezident İlham Əliyevin sosial islahatlar proqramı nəticəsində Azərbaycanın sosial inkişafında davamlı irəliləyişlərlə xarakterizə olunan yeni keyfiyyət mərhələsinə keçildiyini göstərir və ölkəmizdə sosial firavanlığın təminatı istiqamətində mühüm addımların gələcəkdə də davam edəcəyinə əminlik yaradır.

 

Məqatil Yunusov,

“Aqrolizinq”in Sabirabad nümayəndəliyinin direktoru

 


01:32 24.12.2021