

Azərbaycanda sosialyönümlü siyasətinin prioritet istiqaməti olaraq vətəndaşların sosial təminatı, onların rifahının yaxşılaşdırılması məsələsi diqqətdə saxlanılır, bu sahədə layihələr böyük uğurla gerçəkləşir. Prezident İlham Əliyevin göstərişi ilə bu istiqamətdə görülən işlər gündən-günə inkişaf edir və şaxələnir. Bu baxımdan, dövlət başçımızın yeni sosial paket olaraq təqdim olunan sərəncamları bu sahədə ardıcıl, genişmiqyaslı sosial islahatların növbəti mərhələsinə başlanmasına zəmin yaradıb.
Gələn ilin əsas maliyyə sənədində sosialyönümlüyün davam etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsinə xüsusi önəm verilib. Beləliklə, növbəti ilin dövlət büdcəsinin 46,4 faizini sosialyönümlü xərclər təşkil edir. İldən-ilə bu istiqamətdə görülən işlər üçün sosial xərclər məqsədilə ayrılan vəsaitlərdə artımlar nəzərdə tutulur. Elə növbəti ilin xərcləri də əvvəlki illə müqayisədə 13,5 faiz çoxdur.
Qeyd edək ki, 2022-ci ilin sosial islahatları dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır. Yeni ildən tətbiq ediləcək bu islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək. Prezident İlham Əliyevin 17 dekabr 2021-ci il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırıldı. Minimum əməkhaqqının artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə artımlara – orta hesabla 20 faiz artıma imkan verəcək. Bu məqsədlə Nazirlər Kabineti həmin işçilərin tarif (vəzifə) maaşlarını minimum əməkhaqqı artımına uyğunlaşdırılmış şəkildə, əməyin ödənilməsinin dərəcələri üzrə artımlarla ifadə edən yeni cədvəli təsdiq edəcək. Cədvəldə işçilərin maaşları hər bir dərəcə üzrə artırılmış məbləğlərdə əksini tapacaq. Əməkhaqları VTC əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı, balıqartırma sahələrində çalışanlar daxildir. Həmçinin dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilərin maaşları da aidiyyəti dövlət orqanlarının kateqoriyaları üzrə müvafiq intervalda artacaq. Minimum əməkhaqqı artımı dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min nəfər olmaqla, ümumən 800 min işçini əhatə edəcək. Minimum əməkhaqqı artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir.
Prezident İlham Əliyevin 2021-ci il dekabrın 17-də imzaladığı yeni iki Sərəncamla dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin maaşları orta hesabla 40 faiz artırılır. Habelə dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin maaşları orta hesabla 40 faiz, fiziki tərbiyə rəhbərlərinin maaşları orta hesabla 30 faiz artırılır. Bu əməkhaqqı artımı 165 min təhsil işçisinə şamil olunmaqla, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Artımlar üçün dövlət büdcəsində 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub.
Vurğulamaq lazımdır ki, son üç ildə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Gələn il minimum əməkhaqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu (210 manat) da 43 faiz üstələyəcək. Digər tərəfdən, bu artım ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əmək haqqına olan nisbəti göstəricisinin də növbəti dəfə yüksəlməsinə imkan verəcək. Son üç ildə həmin nisbət 2018-ci ildəki 26,5 faizdən 2019-cu ildə 33,3 faizə, 2020-ci ildə 38 faizə yüksəlib, 2022-ci ildə isə təqribən 40-41 faiz səviyyəsinə yüksələcək. Bununla da həmin nisbətin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində daha bir irəliləyişə nail olunacaq.
Prezident İlham Əliyevin ölkədə minimum əməkhaqqının artırılması ilə əlaqədar imzaladığı Sərəncam vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına təsir göstərməklə yanaşı, dayanıqlı yaşayışın təmin edilməsinə də müsbət çalarlar qatacaq. Ümumiyyətlə, minimum əməkhaqqının artırılması 800 mindən çox insanın maaşlarının artmasına təsirini göstərəcək.
2022-ci il yanvarın 1-dən təkcə minimum əməkhaqqı deyil, həmçinin pensiyalar, müavinətlər və təqaüdlərdə də artımlar olacaq. Prezident İlham Əliyevin 2021-ci il dekabrın 20-də imzaladığı yeni Sərəncam və Fərmanlarla müavinət və təqaüdlərin artırılması 732 min şəxsi, o cümlədən 132 min doktorant və tələbəni əhatə edəcək. Bu müavinət və təqaüd artımları üçün illik əlavə 200 milyon manat ayrılıb.
Əlilliyə görə müavinətlər 2022-ci ilin əvvəlindən I dərəcə üzrə — 150 manatdan 220 manata, II dərəcə üzrə — 130 manatdan 180 manata, III dərəcə üzrə — 110 manatdan 120 manata çatdırılacaq. Birinci dərəcə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü də 60 faiz artırılaraq gələn ilin əvvəlindən 80 manata çatdırılır. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət də 150 manatdan 200 manata çatdırılıb. Onlara qulluğa görə 2019-cu ildə Prezidentin aylıq təqaüdü də təsis olunub ki, yeni Fərmanla həmin təqaüd də 60 faiz artımla 50 manatdan 80 manata çatdırılıb. Həmin müavinətlərdən əlavə, ümumi səbəbdən I dərəcə əlilliyi olanlar Prezidentin aylıq təqaüdü olaraq 130 manat ödənişlə də təmin olunurlar. Müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlara isə dövlət başçısının aylıq təqaüdü olaraq I dərəcə üçün 400 , II dərəcə üçün 350, III dərəcə üçün 300 manat ödənilir. Həmin təqaüdlər bu ilin əvvəlində növbəti dəfə orta hesabla 50 faiz artırılıb. Birinci dərəcə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü də 60 faiz artırılaraq gələn ilin əvvəlindən 80 manata çatdırılır. Müharibə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlar pensiya almadıqda müavinət və təqaüd formasında ayda I dərəcə üzrə 700 manat, II dərəcə üzrə 530, III dərəcə üzrə 420 manat alacaqlar. Həmin kateqoriyalara aid əlilliyi olan şəxslər əmək pensiyası aldıqda orta hesabla aylıq I dərəcə üzrə 915 manat, II dərəcə üzrə 845 manat, III dərəcə üzrə 610 manat alacaqlar.
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət də 150 manatdan 200 manata yüksəldilib. Onlara qulluğa görə 2019-cu ildə Prezidentin aylıq təqaüdü də təsis olunub ki, yeni Fərmanla həmin təqaüd də 60 faiz artımla 50 manatdan 80 manata çatdırılıb.
Prezidentin dekabrın 20-də imzaladığı yeni fərmanlarla bir sıra digər kateqoriyalara yönələn müavinətlər də əhəmiyyətli şəkildə artırılıb. Belə ki, gələn il yanvarın 1-dən yaşa görə müavinət 130 manatdan 180 manata çatdırılır. Ailə başçısını itirməyə görə müavinət (hər ailə üzvü üçün) 80 manatdan 100 manata çatdırılacaq. Müddətli hərbi xidmətdə olan hərbçilərin uşaqlarına müavinət yeni Fərmanla isə 2022-ci ilin əvvəlindən 120 manat təşkil edəcək. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 100 manatdan 120 manata çatdırılacaq.
Dövlətimiz çoxuşaqlı anaları da unutmayıb. Belə ki, beşdən çox uşağı olan qadınlara (hər uşağa görə) aylıq müavinət isə 55 manatdan 70 manata artırılır. Bir yaşınadək uşağı olan aztəminatlı (ünvanlı dövlət sosial yardımı təyin edilmiş) ailələrə hər uşağa görə müavinət isə yeni Fərmanla əvvəlki 55 manat əvəzinə 70 manat olub. Övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud uşağa görə müavinət 2021-ci ilin əvvəlindən təsis olunub və yeni Fərmanla bu müavinət də 25 faiz artırılaraq hər uşağa görə 160 manatdan 200 manata, sağlamlıq imkanları məhdud hər uşağa görə isə 480 manatdan 600 manata çatdırılıb. Əgər övladı dünyaya gələn ailələr əvvəl dövlətdən 200 manat birdəfəlik müavinət alırdılarsa, indi bu məbləğ 300 manat olacaq. Dəfn üçün müavinətin məbləği isə 300 manatdan 350 manata çatdırılıb.
Məlum olduğu kimi, azı 25 il pedaqoji staja malik, işləməyən pensiyaçı olan elmlər doktorları və fəlsəfə doktorlarına 2021-ci il yanvarın 1-dən Prezidentin aylıq təqaüdü təsis olunub. Yeni Fərmanla bu təqaüd elmlər doktorları üçün 50 faiz artırılaraq 200 manatdan 300 manata, fəlsəfə doktorları üçün 67 faiz artırılaraq 120 manatdan 200 manata çatdırılır.
Yeni Sərəncamla fəxri adlara görə aylıq təqaüdlər də “Xalq” fəxri adına görə 33,3 faiz artımla 150 manatdan 180 manata, “Əməkdar” fəxri adına görə isə 20 faiz artımla 100 manatdan 120 manata yüksəldilib.
Dövlət başçısının digər yeni Sərəncamı doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdlərinin 20 faiz artırılmasını nəzərdə tutur. Sərəncamla gələn ilin əvvəlindən həmin təqaüdlərin məbləği elmlər doktoru hazırlığı üzrə doktorantlar üçün 360 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar üçün 216 manat, ali təhsil müəssisələrində və AMEA-da adlı təqaüd alan tələbələr üçün 204 manat, magistr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 174 manat, 71-100 bal olan tələbələr üçün 144 manat, 51-100 bal olan tələbələr üçün 96 manat, bakalavr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 156 manat, 71-100 bal olan tələbələr üçün 132 manat, 51-100 bal olan tələbələr üçün 90 manat təşkil edəcək.
Orta ixtisas təhsili müəssisələrində təqaüdün məbləği akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 90 manata, 71-100 bal olan tələbələr üçün 72 manata, 51-100 bal olan tələbələr üçün 60 manata, peşə təhsili müəssisələrində akademik göstəriciləri “5” olan tələbələr üçün 90 manata, “4” və “5” olan tələbələr üçün 72 manata, “3”-“5” olan tələbələr üçün 60 manata çatdırılacaq.
Göründüyü kimi, həyata keçirilən böyükmiqyaslı bərpa-quruculuq işlərinə, dünyanı sarsıdan qlobal pandemiyaya, iqtisadiyyatları geriləməyə sövq edən maliyyə böhranlarına baxmayaraq, ölkəmizdə heç bir sosial layihə təxirə salınmır əksinə, son illər əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirlər davam etdirilmiş və bu tədbirlərin əhatə dairəsi daha da genişləndirilmişdir. Bu isə son nəticədə vətəndaşlarımızın sosial rifahının daha da yaxşılaşmasına xidmət edir.
Pakizə Qəhrəmanova,
Sabirabad rayonu Surra bələdiyyəsinin sədri