

Prezident İlham Əliyev ölkə vətəndaşlarının sosial rifah halının daha da yüksəldilməsi üçün dekabrın 20-də növbəti sərəncam və fərmanlar imzalamışdır. Həmin sərəncam və fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətində son illərdə geniş miqyas alan islahatların uğurla davam etdirilməsini təmin edəcək. Yeni fərman və sərəncamlarla müavinət və təqaüd artımı aşağıdakı kateqoriyalara aid şəxsləri əhatə edəcək. Əlilliyi olan şəxslər və birinci dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər; Sağlamlıq imkanları məhdud uşaqlar və onlara qulluq edənlər; Yaşa görə müavinət alanlar; Ailə başçısını itirməyə görə müavinət alanlar; Müddətli hərbi xidmətdə olanların uşaqları; Uşaqların qəyyumları; Beşdən çox uşağı olan qadınlar; Bir yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələr; Övladlığa uşaq götürənlər; İşləməyən pensiyaçı elmlər və fəlsəfə doktorları; «Xalq» və «Əməkdar» fəxri adı olanlar; Doktorant və tələbələr. Həmçinin aşağıdakı birdəfəlik müavinətlər artırılır: Uşağın doğulmasına görə birdəfəlik müavinət; Dəfn üçün birdəfəlik müavinətlər...
Bu artımlara illik əlavə 200 milyon manat ayrılmaqla ümumilikdə 732 min şəxsi, o cümlədən 132 min doktorant və tələbəni əhatə edəcək. Qeyd edək ki, cari ilin dekabrın 17-də də Prezident İlham Əliyev dörd yeni sərəncam imzalayıb. Həmin sərəncamlar da əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin artırılması istiqamətində növbəti mühüm addımların atılmasını təmin edir. Xatırladaq ki, Prezident İlham Əliyev hələ bu il oktyabrın 16-da «Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında» sərəncamı ilə ölkəmizdə sosial islahatların yeni mərhələsinə başlanılmasına təminat yaradıb. Yeni mərhələ 2,1 milyondan çox şəxsi əhatə edəcək və bu islahat mərhələsi üçün illik əlavə 1,5 milyard manat vəsait də nəzərdə tutulub. Sərəncama əsasən, ölkədə minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilir. Yəni hazırda 250 manat olan minimum orta aylıq əməkhaqqı 50 manat artırılır. Bu artımla 800 min işçi əhatə olunur. Minimum əməkhaqqı artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir. Qeyd edək ki, 2018-ci ildə minimum əməkhaqqı 130 manat idi. Beləliklə, hazırkı artım da nəzərə alındıqda minimum əməkhaqqında artım həmin dövrdən bəri 2,3 dəfə yüksəlib.
Onu da qeyd etmək yerinə düşər ki, minimum əməkhaqqı artımı əhalinin gəlirlərində artımı təmin etməklə, əmək bazarındakı proseslərə müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını, eyni zamanda, əməyin leqallaşdırılmasını stimullaşdırır. Gələn il minimum əməkhaqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu (210 manat) 43 faiz üstələyəcək. Digər tərəfdən, bu artım ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti göstəricisinin də növbəti dəfə yüksəlməsinə imkan verəcək.
Prezidentin dekabrın 17-də imzaladığı bu sərəncamlardan ikisi ölkəmizdə təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsinin növbəti təzahürüdür. Həmin sərəncamlardan biri «Dövlət ümumitəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında»dır. Belə ki, gələn il yanvarın 1-dən respublikanın dövlət büdcəsindən maliyyələşən dövlət ümumitəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılır.
Ölkə başçısı büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” da sərəncam imzalayıb. Həmin təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları da yanvarın 1-dən orta hesabla 20 faiz artırılır. Deyilənlərə əlavə edək ki, son 4 ildə Azərbaycanda orta aylıq əməkhaqqında 40 faiz artım olub. Bu müddətdə əmək müqavilələrinin sayı 30 faiz artıb. Bütün bu müsbət proseslər nəticədə 4 il ərzində əməkhaqqı fondunda 92 faiz artıma imkan verib və həmin göstəricinin gələn il daha da artacağı proqnozlaşdırılır.
Bütün bunlar bir daha göstərir ki, Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan dövlətinin modern sosial siyasətinin mərkəzində vətəndaşların rifah halının davamlı olaraq yüksəlməsi dayanır. Ümumilikdə bu da sevindirici faktdır ki, hər il ölkəmizin başçısının imzaladığı fərman və sərəncamların təxminən 65-70 faizi sosialyönümlü olmuşdur. Həm də nəzərə alaq ki, bu uğurlu sosial tendensiya ağır müharibədən yenicə çıxmış ölkəmizdə hələ də davam edir. Xüsusi vurğulamaq lazımdır ki, 2022-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş rayon və qəsəbələrin bərpasına və yenidən qurulmasına 2, 2 milyard manat vəsait ayrılıb ki, bu da məcburi köçkünlərin Böyük Qayıdış proqramının sürətləndirilməsi deməkdir.
Raisa Vəliyeva,
Sabirabad rayonu Yolçubəyli kənd tam orta məktəbinin direktoru