isaznow.com
Az Iw En Ru

Dövlət başçısının imzaladığı son sərəncamlar sosialyönümlü siyasətin yürüdüldüyünü göstərir

Sosial müavinət və təqaüdlər artırılması son günlərin ən müsbət hadisələrindən biridir. Vətən müharibəsindəki Qələbəmizdən sonra yaranmış yeni reallıqların sosial siyasət sahəsinə də təsir göstərəcəyi şəksiz idi. Bu mənada sosial məsələləri daim diqqətdə saxlayan Prezident İlham Əliyevin bu istiqamətdə yeni Sərəncam və fərmanlar imzalaması gözlənilən idi. Dövlət başçısının imzaladığı yeni sərəncam və fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətində atılmış əhəmiyyətli adımdır və bu da öz növbəsində xüsusilə son illərdə geniş miqyas alan islahatların uğurla davam etdirilməsinə əsaslı təminat verir. 

Prezident “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanına dəyişikliklə bağlı yeni  sənəd imzalamaqla və bu məqsədlə büdcədən kifayət qədər böyük vəsait ayırmaqla çoxlu sayda vətəndaşlarımızın maddi rifahının yaxşılaşdırılmasını təminat altına almış oldu. Belə ki, sosial müavinət və təqaüdlərin artırılması 732 min nəfəri əhatə edir. Bu artımlar üçün illik əlavə 200 milyon manat vəsait ayrılıb. Bu, bir daha onu göstərir ki, vətəndaş rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi həqiqətən də Prezident İlham Əliyevin daxili siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. 

Sözügedən fərman və sərəncamların imzalanması  eyni zamanda son illərdə ardıcıl, geniş miqyas alan sosial islahatların növbəti mərhələsinə başlanmasına zəmin yaradacaq bir adım kimi dəyərləndirilməlidir. Billdiyimiz kimi hələ 2018-2019-cu illərdən başlanan sosial islahatlar ilk növbədə əhalinin  həssas təbəqələrinin gəlirlərinin artırılmasına indekslənmişdi. Sonrakı etapda isə dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il oktyabrın 16-da imzaladığı sərəncam sosial siyasət sahəsində islahatların daha da genişləndirilməsinə şərait yaratdı. Prezidentin imzaladığı son fərman və sərəncamlar isə həmin islahatların məntiqi davamıdır. Müavinət və təqaüd artımı bundan sonra əhalinin bütün təbəqələrini əhatə edəcək. 

Bu artımlar aşağıdakı kateqoriyalara aid şəxsləri əhatə edəcək: Əlilliyi olan şəxslər və 1-ci dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər; Sağlamlıq imkanları məhdud uşaqlar və onlara qulluq edənlər; Yaşa görə müavinət alanlar; Ailə başçısını itirməyə görə müavinət alanlar; Müddətli hərbi xidmətdə olanların uşaqları; Uşaqların qəyyumları; Beşdən çox uşağı olan qadınlar; Bir yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələr; Övladlığa uşaq götürənlər; İşləməyən pensiyaçı elmlər və fəlsəfə doktorları; “Xalq” və “Əməkdar” fəxri adı olanlar; Doktorant və tələbələr. 

Gördüyümüz kimi əhatə dairəsi kifayət qədər genişdir. Bu fərman və sərəncamlarla faktiki olaraq əhalinin bütün təbəqələri nəzərə alınıb. Minimum əmək haqqının, müavinət və təqaüdlərin artımı sosial rifahın yaxşılaşdırılmasının, ümumən gəlirlərin artırılmasının əsas şərtlərindən biridir. Bu, ölkəmizdə sosialyönümlü siyasətin yürüdüldüyünü göstərir. Bu siyasət bundan sonra da davam etdirilməlidir. Əhalimizin həssas təbəqələrini pandemiyanın, dünyada cərəyan edən iqtisadi kataklizmlərin və sair neqativ proseslərin mənfi təsirlərindən maksimum dərəcədə qorumağa çalışmalıyıq. Dövlət başçısının imzaladığı son sərəncamların da məhz buna xidmət etdiyini, buna hesablandığını görürük. Ümid edirik ki, bu sahədə islahatlar və yeni dəstək proqramlarının tətbiqi bundan sonra da davam etdiriləcək. 

Azərbaycan post-konflikt və post-pandemiya dövrünün çağırışlarına uyğun adekvat addımlar atır və bu çox müsbət haldır. İqtisadi siyasətimizin və sosial islahatların əsas məqsədi vətəndaşın rifahını və layiqli həyatını təmin etməkdir. Beləliklə, 2022-ci ildə sosial müdafiə sistemi daha da gücləndiriləcək və 1 milyona yaxın vətəndaşımızın əməkhaqqı, müavinət və təqaüdləri artırılacaq. Eyni zamanda iqtisadi islahatların yeni mərhələsi başlayacaq. Bu isə öz növbəsində qarşıdakı illərdə iqtisadi durumun daha da yaxşılaşmasını stimullaşdıracaq. Bir sözlə, çox yaxın gələcəkdə ölkəmizin sosial-iqtisadi həyatında böyük canlanma və inkişaf gözlənilir. Qalib ölkənin iqtisadiyyatının da uğura və inkişafa hədəflənməsi tamamilə təbiidir. Azərbaycan artıq yeni quruluculuq və inkişaf mərhələsinə qədəm qoyur. 

 

Ziyafət Soltanov,

Sabirabad rayonu Cəngan kənd Mədəniyyət evinin direktoru

 


16:35 25.12.2021