

Dünya Azərbaycanlılarının Həmrəyli Günü-Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq Azərbaycanlılara əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm roy oynayır.
Dünya Azərbaycanılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya Azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. İndi həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər. Ümummilli Liderimiz 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir". Dünya azərbaycanlıların birliyi, soydaşlarımızın həmrəyliyi ideyası Ulu Öndər Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərindən biridir. 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə 31 dekabr tarixi rəsmi olaraq dövlət bayramı - Dünya Azərbaycanlıların Həmrəyliyi Günü elan olunmuşdur. Mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram soydaşlarımızın qəlbindəki Vətən sevgisi və milli təəssübkeşlik duyğularını təcəssüm etdirir. Müasir Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu strategiyanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkədə siyasi və iqtisadi sabitliyə nail olunmuş, bütün sahələr üzrə köklü islahatlar aparılmış, davamlı sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılmışdır.
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il mayın 23-də Heydər Əliyevin imzaladığı sərəncamla 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultayda dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsı zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirdi.
"Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - müdrik rəhbərin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.
Dahi şəxsiyyətin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktualdır. Dövlət başçısının imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda qurultaylar bir daha dünya azərbaycanlılarının Prezident İlham Əliyevin, deməli, Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini təsdiqlədi. Bütün bunlarla yanaşı dünya azərbaycanlılarının həmrəyliyi tarixi Qələbəmizi daha inamlı etdi. Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur.
Qoca Qocazadə, İmişli RİHB Aparatı Ərazi idarəеtmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi