

Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.
Həmrəylik günü ideyasının müəllifi ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevdir. Məhz onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya Azərbaycanlılarının həmrəylik və birlik günü” haqqında 1991-ci ilin 16 dekabr tarixli qərarı ilə dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi günü elan etmişdir. Heydər Əliyevin təşəbbüsü ilə milli-mənəvi birliyə çağırış günü ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın Azərbaycançılıq ideyası əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoymuşdur. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dünya azərbaycanlılarının birlik və həmrəyliyi gündən-günə daha da möhkəmlənir. Dünyanın müxtəlif dövlətlərində fəaliyyət göstərən diaspor təşkilatlarımmız sıx şəkildə və davamlı Azərbaycan həqiqətlərini dünyaya çatdırırlar. Dünya azərbaycanlılarının bir amal, bir məfkurə uğrunda birləşməsi prosesi uğurla davam edir. 44 günlük Vətən müharibəsində dünyada yaşayan 50 milyonluq azərbaycanlının vətənimizin müdafiəsində bir yumruq kimi birləşməsinin şahidi olduq. Rusiya, Türkiyə, Almaniya, Fransa, Böyük Britaniya, Skandinaviya ölkələrində, ABŞ-da, Yaxın Şərq ölkələrində böyük azərbaycanlı diasporaları fəaliyyət göstərir.
Azərbaycan müstəqillik qazandıqdan sonra dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsi məsələsi ən aktual vəzifələrdən biri kimi qarşıda dururdu. Əlbəttə, bunun kifayət qədər ciddi səbəbləri mövcud idi. Birincisi, dünya azərbaycanlılarının təşkilatlanması müstəqil Azərbaycan dövlətinin sosial və siyasi əsaslarının möhkəmləndirilməsi baxımından vacib idi. İkincisi, bu, müxtəlif yerlərdə məskunlaşmış soydaşlarımızın Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə imkan yaradan amil kimi qiymətləndirilirdi. Nəhayət, Azərbaycandan kənarda yaşayan həmvətənlərimizin vahid bir güc mərkəzi kimi özünütəsdiqinə və dünyada cərəyan edən ictimai-siyasi proseslərə təsir imkanlarının artırılmasına əsas yaradırdı. Azərbaycan dövləti dünya azərbaycanlılarının potensial imkanlarını cəmləmək, müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həllinə yönəltmək, daha sıx əlaqələr yaratmaq, milli birliyə nail olmaq və mütəşəkkil qüvvə təşkil etmək səylərinə ciddi fikir verir.
Harada yaşamalarından asılı olmayaraq, soydaşlarımız məskunlaşdıqları ölkələrin həyatına inteqrasiya ilə yanaşı, öz milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini, tarixi Vətənlə bağlılığı qoruyur. Azərbaycanın bu günü və aydın sabahı naminə əməl və əqidə birliyi, sarsılmaz həmrəylik nümayiş etdirirlər. Xarici ölkələrdəki çoxsaylı diaspor təşkilatlarımızın əzmkar iradə və yüksək vətənpərvərliklə bu amallar uğrunda çalışır, xalqımızın və dövlətimizin şərəfli adını daim uca tuturlar. Həmrəyliyimiz, birliyimiz daim var olsun. Bu həmrəyliyimiz hər zaman dosta fəxarət düşmənə göz dağ verəcək.
Nadir Quliyev,
Sabirabad rayon Gənclər və idman idarəsinin rəisi