isaznow.com
Az Iw En Ru

Sözlə əməl arasında olan vəhdət

Azərbaycanın iqtisadi qüdrəti və dünyada geosiyasi əhəmiyyəti artmaqda davam edir. Bu istiqamətdə ölkədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilən iqtisadi kurs əsasında məqsədyönlü siyasət aparılır, çoxsaylı dövlət proqramları həyata keçirilir, strategiyalar, konsepsiyalar reallaşdırılır, inteqrasiya prosesləri genişləndirilir və dərinləşdirilir. Bu göstəriciləri dəyərləndirməzdən öncə iqtisadi inkişafın özünün mahiyyətinə varmaq gərəkli sayılır. BMT-nin, Dünya bankının, nüfuzlu beynəlxalq təşkilatların, habelə ayrı-ayrı ölkələrin milli statistika xidmətlərinin hesabatlarında mühüm reytinq təyinatları üzrə Azərbaycan 195 ölkə sırasında əksər göstəricilər üzrə ilk yüzlüyə, ümumilikdə götürüldükdə isə bütün parametrlər üzrə Azərbaycanın dünya dövlətləri təsnifatında mövqeyi ortalamada 50-ci sırada dayanır. Elə göstəricilər var ki, Azərbaycan hətta qəti olaraq 30-40-cı yerləri tutur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 12 yanvar 2022-ci il tarixində yerli televizya kanallarına verdiyi müsahibəsində Azərbaycanın iqtisadi inkişafı barədə danışarkən valyuta ehtiyatlarımız barəsində aşağdakıları demişdir: “Bizim valyuta ehtiyatlarımız artıb, baxmayaraq ki, keçən il böyük xərclərimiz olub. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində və ölkəmizin digər yerlərində investisiya proqramı tam icra edilmişdir. Buna baxmayaraq, valyuta ehtiyatlarımız 2,5 milyard dollar artıb. Bildiyiniz kimi, mənim hökumətə ümumi göstərişim ondan ibarət idi ki, biz valyuta ehtiyatlarının azalmasına imkan verməməliyik. Əgər lazım olarsa, xərcləri, xüsusilə investisiya xərclərini bir qədər azaldıb, ancaq valyuta ehtiyatlarımızı sabit saxlamalıyıq və çalışmalıyıq ki, artıraq. Çünki bu, bizə iqtisadi müstəqillik verir və iqtisadi müstəqillik olmadan, siyasi müstəqillikdən danışmaq mümkün deyil.
Azərbaycan bəlkə də nadir ölkələrdən biridir ki, bizdə xarici ticarət balansının saldosu müsbətdir. Çünki dünyanın əksər ölkələrində idxal ixracı üstələyir. Bizdə isə ilin yekunlarına görə, ixrac idxalı böyük dərəcədə üstələyib və müsbət saldo 10 milyard dollardan çoxdur. İqtisadiyyatla məşğul olan hər bir adam bunun nə dərəcədə əhəmiyyətli olmasını görür. Əlbəttə ki, ilk növbədə, manatın sabit qalmasına bunun ən böyük təsiri var. Uzun illər ərzində manat sabitdir və həm ölkə əhalisi bundan faydalanır, həm də manata inam böyük dərəcədə artıb. Manat depozitlərinin həcmi artır və ümumi depozitlərin balansında artıq üstünlük təşkil edir. Bunun investorlar üçün də çox böyük faydası var. Çünki investorlar da görürlər ki, milli valyuta sabitdir. Belə olan halda investisiyalar, o cümlədən xarici investisiyalar daha böyük həcmlə təşkil oluna bilər”.
İşğaldan azad olunmuş ərazilərimizə “Böyük qayıdış”ın təmin edilməsi üçün Azərbaycan dövləti tərəfindən kompleks fəaliyyət planlarının hazırlanması ilə bərabər artıq bu istiqamətdə olduqca əhəmiyyətli praktiki fəaliyyətlərə də başlanılıb. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində kənd təsərrüfatının bərpası və inkişafı istiqamətlərinin müəyyən olunması məsələləri, mövcud dünya təcrübəsi ilə yanaşı, bir sıra spesifik məqamların da nəzərə alınmasını tələb edir. Bu ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin xəritələndirilməsi, elektron məlumat bazası mövcud deyil, bələdiyyə və xüsusi mülkiyyət bölgüsü yoxdur. Buna görə də işğaldan azad olunmuş ərazilərdə torpaqların dəqiq uçotu aparılmalı və torpaq kadastrı yaradılmalı, regionun rəqəmsal topoqrafik xəritəsi hazırlanmalıdır. Bunun hesabına potensial əkin sahələrinin, örüş-otlaqların və biçənəklərin ölçüləri barədə dəqiq informasiya müəyyən olunacaq ki, bu da həm regionda aqrar sahə üzrə istehsalın effektiv şəkildə planlaşdırılması mümkün olacaqdır.
Ərazilərimizin işğaldan azad edilməsi nəticəsində yaranmış yeni reallıqla bağlı ölkə rəhbəri İlham Əliyev tərəfindən indiyədək çox sayda açıqlamalar verilib. Azərbaycan və Türkiyə respublika¬larının prezidentləri iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanma mərasimindən sonra mətbuata birgə bəyanatlarla çıxış edərkən də bu barədə ətraflı bəhs edilib. Dövlətimizin başçısı bəyanatında deyib: “Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haq¬qında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Ümumiyyətlə, Zəngəzur dəhlizi layihəsi təkcə Nax¬çıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat imkanlarının açılmasına deyil, bütövlükdə Xəzər və Aralıq dənizi hövzələrinin, daha geniş mənada isə Cənub-Şərqi və Mərkəzi Asiya ilə Avropanın əlaqələndirilməsinə xidmət göstərəcək.
Yuxarda qeyd etdiklərimizdən belə bir yekun qənatə gəlmək olar ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində artıq Azərbaycan bölgə və dünya dövlətləri arasında nüfuz və söz sahibinə çevrilmişdir. Onu da xüsusi şəkildə və pafosla qeyd etmək lazımdır ki, “Azərbaycan artıq o Azərbaycan deyil ki, onun mənafelərinə hər hansı bir dövlət tərəfindən etinasızlıq göstərilsin”.

Elşən İbadzadə, İmişli RİHB Aparatı Ərazi idarəеtmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi


20:21 18.01.2022