

Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.
Ölkəmizdə bərpa olunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olub. Dövlət Proqramının qəbulu bərpa olunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaratdı.
2009-cu ildən başlayaraq ölkə rəhbərliyi tərəfindən bu sahədə qəbul edilmiş qərarlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsinə xüsusi diqqət göstərdiyini sübut edən nümunələrdir. Ölkə rəhbərliyi tərəfindən qəbul edilmiş qanunvericilik aktlarında milli enerji təhlükəsizliyinin genişləndirilməsində alternativ və bərpa olunan enerji istehsalının artırılmasının böyük rolu olduğu dəfələrlə vurğulanıb.
Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7516 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1278 MVt-dır ki, bu da ümumi gücün 17%-ni təşkil edir. “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli 1209 nömrəli Sərəncamı ilə Energetika Nazirliyinə bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi tədbirlərinə dair təkliflərin hazırlanaraq təqdim edilməsi tapşırılıb. Bu məqsədlə, tanınmış beynəlxalq məsləhətçi təşkilat olan Norveçin DNV GL Energy Advisory GmbH şirkəti cəlb edilməklə müvafiq sahədə dövlət siyasətinin əsas məqsədlərini, dövlətin vəzifələrini, təşviqedici mexanizmləri və digər əsas məsələləri özündə ehtiva edən “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsi hazırlanmış və dövlət qurumları ilə razılaşdırılaraq aidiyyəti üzrə təqdim edilmişdir.
Bundan başqa, bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı üçün mümkün potensialın qiymətləndirilməsi və bu potensialdan istifadə məqsədi ilə atılacaq addımların və yerinə yetiriləcək tədbirlər üzrə bir sıra işlər həyata keçirilməkdədir. Bərpa olunan enerji mənbələri potensialına malik ərazilərin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi istiqamətində ümumi gücü təqribən 1000 MVt olan 8 ərazi seçilmişdir. Seçilmiş 3 ərazidə pilot layihələrin həyata keçirilməsi ilə bağlı artıq müvafiq tədbirlər görülür. Əlavə olaraq külək enerjisi ilə müqayisədə ölkənin bütün ərazisində mövcud olan günəş enerjisi potensialından, kənd təsərrüfatına yararsız torpaqlardan istifadə edilməsi, bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı güclərinin paylaşdırılması üçün növbəti illərdə regionlarda layihələrin həyata keçirilməsi planlaşdırılır. Seçilmiş və prioritetləşdirilmiş bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ərazilərdə hərrac vasitəsilə investisiya qoyuluşu istiqamətində işlər davam etdirilib. Hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə “Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək” layihəsi həyata keçirilir. Layihə çərçivəsində hərrac qaydaları, hərraclar üçün şərtlər toplusu, həmçinin elektrik enerjisinin alqı-satqı müqavilələrinin hazırlanması təmin ediləcək.
Xəzər dənizində və sahilyanı ərazilərdə külək enerjisinin potensialının öyrənilməsi məqsədilə Energetika Nazirliyi Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası ilə “Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi”nin hazırlanması istiqamətində əməkdaşlıq edir. “Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi”nin hazırlanması prosesi coğrafi məkan xəritələrinin tərtib olunması, zonaların müəyyənləşdirilməsi, iqtisadi, maliyyə, ekoloji və sosial aspektlərdə təhlillərin aparılması, təsirlərin qiymətləndirilməsi, icazə və razılıqların verilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi, ötürücü şəbəkənin yenidən qurulması, təchizat zəncirinin öyrənilməsi kimi məsələləri əhatə edəcəkdir. “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Dünya Bankı Qrupu arasında dənizdə külək enerjisindən istifadə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması nəzərdə tutulur.
Təqdim edilmiş təkliflərin səmərəliliyi və xüsusilə də qiymət təkliflərinin ölkəmizdə külək və günəş enerjisi üzrə mövcud olan topdansatış qiymətləri çərçivəsində olduğu nəzərə alınaraq, 2020-ci ilin 9 yanvar tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb. Müqavilələrə uyğun olaraq “ACWA Power” şirkəti ilə 240 MVt gücündə külək, “Masdar” şirkəti ilə isə 230 MVt gücündə günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra edilməsi nəzərdə tutulub. 2020-ci ilin 30 dekabr tarixində Energetika Nazirliyi, “Azərenerji” ASC və “ACWA Power” şirkətinin iştirakı ilə icrası nəzərdə tutulan 240 MVt külək elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanmışdır. Torpaq İcarə Müqaviləsi, Müstəqil Mühəndis Müqaviləsi və Birbaşa Razılaşma Müqaviləsinin layihələri hazırlanıb və iki mərhələdə aidiyyəti qurumlardan rəy və təkliflər toplanaraq təkmilləşdirilmişdir. İcra müqaviləsinə uyğun olaraq, “Masdar” şirkəti ilə isə günəş elektrik stansiyalarının tikintisi ilə bağlı müqavilə layihələrinin müzakirəsi davam etdirilir və ən yaxın vaxtlarda bu müqavilələrin imzalanması nəzərdə tutulubdur.
2020-ci ilin dekabr ayında Energetika Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərin enerji təminatı məsələlərinin həllində zəruri koordinasiyanın təmin edilməsi məqsədilə İdarələrarası Mərkəzdə “Enerji təminatı məsələləri” işçi qrupunun yaradılması və “Yaşıl enerji zonası” konsepsiyasının yaradılması təklifi irəli sürülmüşdür. Qarabağ və ətraf regionlarda bərpa olunan enerji mənbələrinin potensialının qiymətləndirilməsi üzrə işlərin icrasına başlanılıb. İşğaldan azad edilmiş ərazilər üzrə 6 rayonda (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər) Günəş Elektrik Stansiyalarının (GES) tikintisi üçün ümumi potensialı 4000 MVt-dan yüksək qiymətləndirilən 8 perspektiv ərazi müəyyən edilmişdir. Laçın və Kəlbəcər rayonlarının Ermənistanla sərhəddə yerləşən dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin 7-8 m/s olduğu geniş ərazilər mövcuddur. Bu ərazilərin infrastruktur, coğrafi relyef və digər faktorlar nəzərə alınaraq ilkin külək enerji potensialı 500 MVt-dək qiymətləndirilir.
Ölkəmizin təbii su ehtiyatlarının 25%-nin Qarabağ regionunda formalaşdığını nəzərə alaraq Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı məqsədi ilə istifadə perspektivləri Energetika Nazirliyinin və BOEMDA-nın əməkdaşları tərəfindən nəzərdən keçirilib, regionda mövcud olan kiçik su elektrik stansiyaları haqqında məlumatlar toplanılıb. Mövcud su elektrik stansiyaları əsasən Tərtər, Laçın və Kəlbəcər rayonlarının ərazisində yerləşir. Bəzi kiçik su elektrik stansiyalarında təmir-bərpa işlərinə başlanması üçün artıq hazırlıq işləri görülür. Laçın rayonu ərazisində Həkəri çayı üzərində yerləşən 8 MVt gücündə “Güləbird” Su Elektrik Stansiyası artıq istifadəyə verilib. Ümumilikdə ölkədə energetika sahəsində köklü islahatlar aparılır və bu sahə beynəlxalq təcrübə əsasında dahada təkmilləşdiriləcək.
Orxan Qasımzadə, İmişli RİH başçısı Aparatı Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi