

Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlinin qoyulması çox mühüm iqtisadi və ekoloji hadisədir. Belə ki, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, ənənəvi olmayan enerji sektoruna xarici sərmayənin və innovativ texnologiyanın cəlb edilməsi, enerji istehlakında alternativ mənbələrin rolunun artırılması və dayanıqlı enerji təminatı olduqca vacibdir. Və bu təkcə bizim üçün deyil, bütün dünya üçün vacib prioritetlərdir. Çünki atmosferə atılan zərərli tullantıların həcminin artmasının qarşısının alınması, “yaşıl enerji”yə keçid sivil dünyanın gündəliyində ən mühüm yerlərdən birini tutur.
Bu gün dünya dövlətləri aktiv şəkildə atom elektrik stansiyalarının fəaliyyətinin azaldılması, kömür və qazla işləyən eləktrik stansiyalarının "yaşıl enerji" mənbələri ilə əvəz edilməsi istiqamətində müəyyən planlar qururlar. Məhz bu təşəbbüslərə qoşularaq Azərbaycanda 2030-cu ilə qədər istehsal ediləcək elektrik enerjisinin 30%-nin bərpaolunan enerji ilə əvəz edilməsi planlaşdırılır.
Stansiyanın inşası hesabına təbii qaza qənaətin təmin olunması da reallaşdırılacaqdır. Eyni zamanda, ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində bu stansiyanın çox böyük əhəmiyyəti olacaqdır. Belə ki, nəticə etibarilə 220 milyon kubmetr qaza qənaət olunacaq və bu da il ərzində 400 min ton karbon qazının atmosferə atılmasının qarşısını alacaq. Bununla da ölkəmizin regionda güclü enerji resurslarına malik dövlət kimi mövqeyi daha da artacaq, eyni zamanda, atmosferə atılan çirkli tullantıların azalması sayəsində ekoloji tarazlıq güclənəcək.
44 günlük Vətən müharibəsində 10 min kvadratkilometrdən çox ərazilərimiz işğaldan azad olunandan sonra Prezident İlham Əliyev bu əraziləri "yaşıl enerji" zonası elan etmişdir. Məhz qısa zaman kəsiyində həmiz ərazilərdə ermənilər tərəfindən dağıdılmış su elektrik stansiyaları bərpa edilir və işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji stansiyalarının yaradılması istiqmətində işlərin görülməsinə başlanmışdır. Təbii ki, "yaşıl enerji"nin payının enerji sektorunda artırılması istiqamətində atdığımız addımlar qlobal çağırışlara verdiyimiz töhfədir.
Ümumiyyətlə, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox sıx dostluq və qardaşlıq münasibətlər mövcuddur. Müstəqillik dövründə bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəal işlər aparılmışdır. Təməlqoyma mərasimində cənab Prezidentin qeyd etdiyi kimi bütün Azərbaycan xalqı işğal dövründə Səudiyyə Ərəbistanının ölkəmizə göstərdiyi siyasi dəstəkdən xəbərdardır. Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmamışdır və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstəyin əlamətidir. Bu gün Azərbaycan və Səudiyə Ərəbistanı energetika sahəsində OPEC+ formatında da fəal əməkdaşlıq edir.
Bu saziş, neft-qaz sektorunda xarici şirkətlərlə imzalanmış irihəcmli enerji sazişlərindən sonra regionda sərmayə tutumuna və enerji istehsalı imkanlarına görə, ən böyük qeyri-neft sazişlərindən biri kimi də tarixə düşəcək.
Cavanşir Nəsirov,
Sabirabad rayonu Ulacalı kənd sakini, təqaüdçü