isaznow.com
Az Iw En Ru

Ölkənin enerji resursları uzunmüddətli inkişaf proqramlarının reallaşdırılmasına imkan verir

Fevralın 4-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib. Dəyəri 33 milyard ABŞ dolları olan və XXI əsrin ən böyük layihələrindən biri hesab edilən Cənub Qaz Dəhlizi dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir.  Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Cənub Qaz Dəhlizinin xüsusi rolu var. Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığın formalaşması Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP-ın istismara verilməsilə daha yüksək səviyyəyə keçmiş oldu və bu nailiyyət, ilk növbədə, Prezident İlham Əliyevin  uzun illər ərzində nümayiş etdirdiyi prinsipial mövqeyi, qətiyyəti və strateji idarəçiliyi sayəsində əldə olunub. Bir məqamı da xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir və bu da ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir.

Cənub Qaz Dəhlizi qlobal beynəlxalq əhəmiyyət kəsb etməklə Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunu müstəsna edib və ölkəmizin Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətlərini tamamilə yeni formata keçirib. Prezident İlham Əliyevin  toplantıda etdiyi çıxışında bildirdiyi kimi, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artırıb. Azərbaycan keçən il bu istiqamətdə 19 milyard kubmetr təbii qaz ixrac edib - Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr. Yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub. Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var və ona tələbat getdikcə artır. Azərbaycan neft ixracatına 2006-cı ildən başlayıb. Bütün bu illər ərzində Azərbaycan özünü etibarlı tərədaş kimi göstərərək, təchizatda hər hansı bir fasiləyə və ya müqavilə şərtlərinin pozulmasına yol verməyib.

Azərbaycanın enerji siyasəti həmişə açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. Ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alır və bu göstəricilər də getdikcə artır. Ölkəmizin Avropanın enerji təhlükəsizliyi baxımından önəmini artıran əsas məqamlardan biri də budur ki, Avropa ölkələrinin enerji resurslarına getdikcə artan tələbatı fonunda Azərbaycanın isbat edilmiş qaz ehtiyatları kifayət qədər böyük rəqəmlərlə ifadə olunur. Bu barədə Məşvərət Şurasının toplantısında açıqlama verən dövlət başçımız bildirdi ki, bu göstərici 2,6 trilyon kubmetrdir. O cümlədən, ən böyük yataq bir trilyon kubmetr ehtiyatı təsdiqlənmiş “Şahdəniz” yatağıdır. Lakin  mövcud perspektivlər Azərbaycanın isbat edilmiş qaz ehtiyatları göstəricilərinin yaxın gələcəkdə dəyişərək daha yüksək olacağını deməyə əsas verir. Beləliklə, Cənub Qaz Dəhlizi layihəsi başa çatıb, tərəfdaş ölkələrin işi isə davam edir və tərədaşlıq Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, mövqeylərinin möhkəmlənməsinə əhəmiyyətli töhfələr verməklə ölkəmizin milli mənafeylərinə tamamilə uyğundur. 

 

Azər Quliyev,

Sabirabad rayon Təhsil şöbəsinin müdir müavini

 


17:46 08.02.2022