isaznow.com
Az Iw En Ru

Azərbaycan həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur

Fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı özündən əvvəlkilərdən bir sıra cəhətlərinə görə fərqlənirdi. Əgər əvvəlki iclasların mövzusu layihənin icrası, o cümlədən ötənilki toplantı layihənin icrasının yekunlaşması ilə bağlı idisə, bu dəfə əsas mövzu Avropaya qaz nəqlinin artırılması oldu. Belə ki, “köhnə qitə”  təbii qaz idxalına cəmi bir ildir başlamasına baxmayaraq tədarükün artırılmasını istəyir.  Məsələnin detalları açıqlanmasa da iclasda keçən illə müqayisədə daha çox sayda ölkə və şirkətlərin iştirak etməsi onu deməyə əsas verir ki, Azərbaycan qazı əldə etmək istəyənlərin sayı artıb. Həmçinin  mövcud alıcılar arasında da idxalın artırılmasında maraqlı olanlar var. Başqa sözlə, Azərbaycan qazına maraq xeyli artıb.

Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Azərbaycan neft ixracatına 2006-cı ildən başlayıb. Təchizatda heç bir fasilə olmamışdır, müqavilə şərtləri pozulmamışdır, enerji siyasəti arxasında heç bir siyasi gündəm yox idi. Azərbaycanın enerji siyasəti həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. Ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artır.

Azərbaycan qazına marağın artmasının başlıca səbəbi Avropanın son bir ildə üzləşdiyi dərin qaz böhranıdır. Rusiya ilə məlum münasibətlərə iqlim amilinin də əlavə olunması xüsusən də Qərbi Balkan ölkələrinin qazla təminatında ciddi çətinliklər yaradıb. Nəticədə qazın qiyməti xeyli artıb. Bu baxımdan indiyədək Cənub Qaz Dəhlizinə skeptik yanaşanlar belə hazırda onun əhəmiyyətli olduğunu anlayırlar.  

 

Şalı Həsənov,

N.Gəncəvi adına 5 saylı Sabirabad şəhər tam orta məktəbinin müəllimi

 


16:06 09.02.2022