

Erməni vandalları tərəfindən 30 ilə yaxın müddət ərzində işğal altında qalan bütün rayon və kəndlərimizdəki məscidlər, ziyarətgahlar və digər dini abidələr vəhşicəsinə dağıdılaraq məhv edilib. Bunlardan biri də Ağdam şəhər Cümə məscididir. 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilən Ağdam Cümə məscidi ölkə əhəmiyyətli abidələr siyahısındadır. Bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər tərəfindən dağıntılara məruz qalan Ağdam məscidinin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Ağdam Cümə məscidində ermənilər mal-qara saxlamaqla azərbaycanlılara, ümumilikdə müsəlman aləminə qarşı öz nifrətlərini nümayiş etdiriblər.
Artıq işğaldan azad edilmiş ərazilərimizdə mədəni və dini abidələrimiz bərpa edilir. Heydər Əliyev Fondu otuz ilə yaxın düşmən tapdağı altında qalan, dağıdılan, məhv edilən, təhqir olunan dini abidələrimizin, məscidlərimizin bərpası istiqamətində işlərini uğurla həyata keçirir.
Bu günlərdə növbəti dəfə Ağdama səfər edən Prezident İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanışlıqdan sonra məscidin önündəki çıxışı zamanı bu məqamlara xüsusi diqqət yetirib. Müharibədən sonra Ağdama 3-cü dəfədir ki, səfər etdiyini, hər dəfə buraya gələndə ürəyinin ağrıdığını, çünki Ağdamda bir dənə də salamat bina olmadığını söyləyən Prezident İlham Əliyev bildirib ki, təkcə bu yarıdağılmış məsciddir ki, onun da dam örtüyü zədələnmişdir. Bu məscid ermənilər tərəfindən təhqir edilib, burada inəklər, donuzlar saxlanılıb. Ermənilər nəinki Azərbaycan xalqını, bütün müsəlman aləmini təhqir ediblər.
Ölkə başçısı Ağdam rayonunda bu yarıdağılmış məsciddən başqa bir dənə də binanın ayaq üstə olmadığını deyib. O qeyd edib ki, bütün binalar, bütün kəndlərdəki evlər, ictimai binalar ermənilər tərəfindən dağıdılıb. Bu, misli görünməmiş barbarlıqdır, vandallıqdır, vəhşilikdir. Bu, erməni faşizminin eybəcər sifətinin göstəricisidir. Bütün dünya bunu görməlidir və görür. Biz bundan sonra da xarici vətəndaşları buraya dəvət edəcəyik. Onlar gələcəklər və erməni vəhşiliyi nədir onu görəcəklər.
Göründüyü kimi, Prezident İlham Əliyev bir məscidin simasında erməni vəhşiliyini, barbarlığını ifşa edir, məhz beynəlxalq ictimaiyyətin diqqətini növbəti dəfə konkret faktlara - reallıqlara cəlb edir. Ümumiyyətlə, dövlət başçısının ictimai rəylə iş strategiyası Ermənistanın sülh və insanlıq əleyhinə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə dolğun surətdə çatdırılması baxımından böyük əhəmiyyətə malikdir. Bu, həm erməni vandalizminin ifşası, həm də ermənipərəst dairələrin qara piar kampaniyasının iflasa uğradılması üçün olduqca vacibdir. Təsadüfi deyil ki, Ermənistan havadarlarına əsaslanaraq yenidən özü üçün münbit informasiya mühitini yaratmaq niyyətini gerçəkləşdirə bilmir. Beynəlxalq mediaya nəzər yetirdikdə görürük ki, qalib Azərbaycanın haqlı, ədalətli və prinsipial mövqeyi dünya miqyasında geniş təbliğ olunur. Dünyanın nüfuzlu nəşrlərində Azərbaycan həqiqətlərinin təbliğ edildiyi, ermənilərin çirkin təbliğatının darmadağın olunduğu çox sayda informasiyaya və analitik materiallara rast gələ bilərik. Xüsusilə də nüfuzlu ekspertlər, tanınmış jurnalistlər ölkə başçısının fikirlərinə və faktlara istinad etməklə mühüm məqamları gündəmə gətirirlər.
Hazırda işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan həm qurur, həm yaradır, həm də erməni vandalizminin ifşasına nail olur. Bu ərazilərimizdə kənd və şəhərlərimizin, mədəni irsimizin bərpa olunması, yeni reallıqlar əsasında ölkəmizin və regionumuzun gələcəyinin inşa edilməsi Zəfər yürüşümüzün davam etdiyini göstərir.
Elşad Şərifov,
N.Nərimanov adına Sabirabad şəhər 2 saylı tam orta məktəb-liseyin direktoru