isaznow.com
Az Iw En Ru

Ağdam şəhəri Azərbaycanın böyük sənaye, turizm və iqtisadi mərkəzlərindən birinə çevriləcək

Prezident İlham Əliyev 13 fevral 2022-ci il tarixində Ağdama səfər edib. Qırx dörd günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata əsasən 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşaldıldı. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu. 27 ildən sonra Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başladı.

Prezident  İlham Əliyev  Ağdam Cümə məscidində  çıxış edərək qeyd edib ki, Ağdamın gələcək inkişafı ilə bağlı çox önəmli addımlar atılıb. Qısa müddət ərzində görülmüş işlər yaxın gələcəkdə konkret nəticələrə gətirib çıxaracaqdır.

Ağdam şəhərinin gələcək inkişaf planlarında, ilk növbədə, yaşayış binalarının inşası və iş yerlərinin açılması var. Burada yaşayacaq ağdamlılar işlə təmin olunmalıdırlar. İş yerlərinin yaradılması ilə bağlı əlavə addımlar da atılacaq. Yaxın gələcəkdə Ağdam Sənaye Parkında onlarla müəssisə işə başlayacaqdır.

Dövlətimizin başçısı vurğulayıb ki, bu gün Azərbaycanda biznes üçün, sahibkarlar üçün çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda, güzəştli kreditlər verilir. Bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Ağdamda müasir mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə başlayacaqdır.

Ağdamın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Avtomobil yolu təqribən bir ilə hazır olacaq. Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlamışdır. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaqdır.

Ölkə Prezidenti qeyd edib ki, Ağdam Cümə məscidinin bərpa-restavrasiya işləri Heydər Əliyev Fondu tərəfindən aparılır. Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar KərbəlayiSəfixan Qarabaği tərəfindən tikilib. Məscid Ağdamın işğal altında olduğu müddətdə şəhərdə ermənilər tərəfindən dağıntıya nisbətən az məruz qalan yeganə tikilidir.Ağdam Cümə məscidinin bərpa işləribaşlanıb. Artıq bütün tədqiqatlar aparılıb və mart ayından başlayaraq məscidin həm daxilində, həm çöl hissəsində təmir-bərpa işlərinə start veriləcəkdir.

Ağdama və Şuşaya avtobus marşrutları təşkil edilib. Ağdamlılar, şuşalılar və digər bölgələrdən olan vətəndaşlar gəlirlər, tanış olurlar və öz gözləri ilə görürlər ki, bizim xalqımız hansı bəla ilə üz-üzə idi. Otuz il ərzində məqsədyönlü şəkildə bütün şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz, qəbiristanlıqlarımız ermənilər tərəfindən dağıdılıb. İmarət ermənilər tərəfindən dağıdılıb, təhqir edilib.

Artıq Ağdamın bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü başlayıb. Düşmənin 30 ilə yaxın müddətdə talayıb dağıtdığı şəhərə indi yeni nəfəs gəlib. Çox keçməyəcək ki, biz azad edilmiş torpaqlarımıza ayaq basanda işğalın ağır nəticələri, ağrı-acıları ilə deyil, gözəlliklərlə, doğma yurdlarına dönmüş insanların çöhrəsindəki xoşbəxt təbəssümlə qarşılaşacağıq.

 

Gülarə Mirzəyeva,

Sabirabad rayonu Qaraqaşlı kənd həkim məntəqəsinin müdiri

 


03:27 17.02.2022