

Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə yüksək ehtiram sahibi olan Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva tariximizin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan şəxsiyyətlərdəndir. Xeyirxah əməlləri ilə xalqının sevimlisinə çevrilən Heydər Əliyev Fondunun rəhbəri Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən nəciblik missiyasını şərəflə yerinə yetirir.
Bu, bir həqiqətdir ki, insanlara bağlılığı onun daxilindən, mənəvi dünyasından, xoş münasibətindən irəli gəlir. Onun xidmətlərinin sevinci yüzlərlə insanın ömür səhifəsinə yazılıb, neçə-neçə ailəyə səadət bəxş edib, kimsəsizlərə, sosial qayğıya ehtiyacı olanlara həyat eşqi verib, onların qəlbində işıqlı sabaha inam yaradıb.
Xeyirxahlığına, yüksək bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Merhiban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır.
UNESCO və ISESCO-nun xoşməramlı səfirinin çoxşaxəli fəaliyyəti, ölkəmizin xaricdə təbliği istiqamətində atdığı addımlar Azərbaycana böyük dvidendlər qazandırıb. Onun nəcib, xeyirxah missiyasının bəhrələri artıq özünü dünyanın ayrı-ayrı məkanlarında da göstərməkdədir. Heydər Əliyev Fondunun dəstəyi ilə müxtəlif ölkələrdə məktəblər, uşaq bağçalarının tikintisi, eləcə də muzeylərin, tarixi abidələrin bərpası da xoşməramlı aksiyaların tərkib hissəsidir. Qayğını və mərhəməti, dünya mədəni irsinin qorunmasını hədəf seçmiş, böyük humanitar layihələrin müəllifi kimi çıxış edən Heydər Əliyev Fondunun istər Azərbaycanda, istərsə də ölkə xaricində artan nüfuzunun arxasında məhz onun yüksək mənəvi və işgüzar keyfiyyətləri dayanır.
Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda təbliği istiqamətindəki böyük xidmətlərinə görə Mehriban Əliyevanın "Heydər Əliyev” ordeni ilə təltif edilməsi bütün deyilənləri bir daha təsdiqləyir.
Vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda siyasi yenilik kimi tarixə düşdü və Birinci vitse-prezident kimi Mehriban xanımın gördüyü işlər ölkə vətəndaşlarının dövlətə etimadını daha da artırmış oldu. Respublikamızı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyevin yaxın silahdaşı kimi, Mehriban xanım Əliyevanın xalqın maraqlarının müdafiəsinə yönəldilmiş hərtərəfli fəaliyyəti Azərbaycan qadınının cəmiyyətin həyatında rolu barədə aydın təsəvvür yaradır. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının cəmiyyətdəki yeri, nüfuzu, işgüzarlığı, dövlətə layiqli xidmət missiyası bir daha aydın görünür. Ona görə Azərbaycan ictimaiyyəti bu təyinat zamanı əmin idi ki, Mehriban Əliyeva tarixin, zamanın, dövlətimizin onun üzərinə qoyduğu bu məsul vəzifəni də ləyaqətlə, mühüm nailiyyətlərlə həyata keçirəcək. Çünki insanlar ondan indiyədək təmsil olunduğu statuslarda yalnız xalqa, vətənə layiqli xidmət məramı görüblər.
İnsanlara təmənnasız yaxşılığı, qayğısı, mərhəməti, ehtiyacı olanlara əl tutması, xeyriyyəçiliyi onun siyasətinin prioritetidir. Hər zaman öz səylərini əhalinin zəif müdafiə olunan təbəqələrinə, doğma torpaqlarından məcburi köçkün düşmüş vətəndaşlarımıza qayğı ilə yanaşılması, onların sosial problemlərinin həllinə diqqət göstərilməsi və ümumiyyətlə cəmiyyətin nəzərini bu məsələyə cəlb etməsini özünün vətəndaşlıq borcu hesab edən Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirələrini məcburi köçkünlərin və müharibə əlillərinin sosial problemlərinə həsr etməsi onun doğma torpağını müvəqqəti itirmiş vətəndaşlarımıza olan diqqətinin bariz təcəssümüdür.
Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən layihələrin istiqamətləri təhsil, səhiyyə, mədəniyyət, eləcə də sosial, ekologiya, idman və s. sahələri əhatə edir. Demək olar ki, heç bir sahə onun diqqətindən kənarda qalmır. Bu gün həm Birinci vitse-prezident, həm də birinci xanım statusu onun sosial məsuliyyətini daha da artırır və öz müsahibələrinin birində etiraf etdiyi kimi, insanların rifahı naminə humanitar proqramların səmərəliliyinin gücləndirilməsinə yönəldilmiş bütün mümkün imkanlardan istifadə etməyə məcbur edir.
O, humanizm və qayğı kimi keyfiyyətləri təcəssüm etdirən rəmzə çevrilməklə hamı üçün gözəllik, xeyirxahlıq və mərhəmət nümunəsi olub. Hazırda Azərbaycan qadını Mehriban Əliyeva ilə, onun nüfuzu ilə haqlı olaraq fəxr edir, ondan nümunə götürür.
Həm xalqımıza, həm də beynəlxalq ictimaiyyətə məlum olduğu kimi Mehriban xanım Əliyeva deputatlıq fəaliyyəti dövründə də ölkə həyatının elə bir sahəsi olmayıb ki, oradakı problemli məsələlər onun diqqətindən kənarda qalsın.
Xalq onu sevir və ona inanır. Ona görə ki, Mehriban Əliyevanın sayəsində cəmiyyətin sosial həyatında xeyriyyəçilik ənənələri canlanıb. Birinci vitse-prezident insanlara xeyirxahlığa meyil, başqasının dərdinə şərik olmaq, köməyə ehtiyacı olana yardım əlini uzatmaq kimi hiss və bacarıqları aşılayıb. Onun "Xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətlərdən biridir və biz bu gün Heydər Əliyev Fondu olaraq ənənələri davam etdirməyə çalışırıq” sözləri xeyriyyəçiliyin həyatının kredosuna çevrildiyini bir daha təsdiqləyir.
Əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın gördüyü işlər çoxşaxəli və misilsizdir. Birinci vitse-prezident kimi hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verən Mehriban Əliyevanın bu çərçivədə gördüyü işləri təhlil etsək, əmin olarıq ki, onun çoxşaxəli və geniş əhatəli fəaliyyəti Azərbaycanın bugünkü inkişafı içərisində çox böyük çəkiyə malikdir.
Bir sözlə, ötən iki ilin yekunları göstərir ki, Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti kimi bundan sonra da fəaliyyəti ilə Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasına layiqli töhfələr verəcək.
Rəşad Qurbanov,
Sabirabad rayon Gənclərin Kariyera və İnkişafı Mərkəzinin direktoru