

Hər bir xalqın ən möhtəşəm nailiyyəti, ən böyük xoşbəxtliyi zəngin mədəniyyətə malik olmasıdır.Mənəvi xəzinəni qorumaq, yaşatmaq, inkişaf etdirmək və dünyaya tanıtmaq olduqca vacibdir. Ölkəmizdə bu istiqamətdə məqsədyönlü işlər həyata keçirilir. Bu baxımdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti təqdirəlayiqdir. Hər il olduğu kimi, 2017-ci ildə də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə genişmiqyaslı mədəniyyət layihələri həyata keçirildi. Həmin beynəlxalq tədbirlər milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin, elm, təhsil, ədəbiyyat, incəsənət və musiqimizin qorunması, inkişafı və dünya miqyasında təbliği baxımından əhəmiyyətli oldu.
Xatırladaq ki, Heydər Əliyev Fondunun fəaliyyətində milli irsimizin qorunması xüsusi yer tutur. Çoxəsrlik tarixə malik Azərbaycan muğamı da UNESCO tərəfindən bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına fondun təşəbbüsü ilə daxil edilib. Muğamların qorunub saxlanılması və inkişafı, dünyada yayılması və beynəlxalq muğam tədbirlərinin keçirilməsi məqsədilə Bakıda Beynəlxalq Muğam Mərkəzi inşa olunub. Azərbaycan xalqının ən dəyərli mənəvi xəzinələrindən olan musiqi sənətimizin və bu sənəti yaşadanların tanıdılması istiqamətində gördüyü məqsədyönlü işləri fond 2017-ci ildə də bütün il boyu davam etdirdi. Bunlardan biri də Heydər Əliyev Fondunun dəstəyi ilə altıncı dəfə təşkil edilən “Muğam televiziya müsabiqəsi” oldu. Müsabiqənin keçirilməsində məqsəd bizə ulularımızın əmanəti olan muğamlarımızın yaşadılması, təbliği, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsidir. 2017-ci il martın 14-dən iyunun 12-dək keçirilən “Muğam televiziya müsabiqəsi-2017” də əvvəlki müsabiqələr kimi yaddaqalan oldu. Üç ay müddətində gənc xanəndələr birincilik uğrunda mübarizə apardılar. Ötən ilin sentyabrında Bakıda Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı Rusiya, ABŞ, İsrail, Almaniya, Türkiyə və Gürcüstandan olan tanınmış musiqi kollektivləri konsert proqramları ilə çıxış etdilər. Musiqi festivalı günlərində ümumilikdə 30-dan artıq tədbir təşkil olundu.
Heydər Əliyev Fondunun mədəniyyət layihələri sırasında dünya əhəmiyyətli tarixi abidələrin bərpası, yeni mədəniyyət ocaqlarının yaradılması da daim diqqətdədir. Fondun dəstəyi ilə Azərbaycanda və xarici ölkələrdə bu istiqamətdə mühüm layihələr gerçəkləşdirilib. Cavad xanın qəbri üzərində məqbərə ucaldılıb, Nizami Gəncəvi Muzeyi, Məhsəti Gəncəvi Mərkəzi, Ağcabədidə Qarabağ Muğam Mərkəzi, Bakıda Beynəlxalq Muğam Mərkəzi inşa edilib, Comərd Qəssabın məzarı və məzarüstü türbəsi, Abdulla Şaiqin ev-muzeyi bərpa olunub, Mərdəkan qəsəbəsində kütləvi kitabxana üçün müasir bina tikilib, Mərdəkan Mədəniyyət Sarayı, Salyan Dövlət Rəsm Qalereyası yenidən qurulub, Qala Arxeoloji-Etnoqrafik Muzey-Kompleksi, Bakı Müasir İncəsənət Muzeyi, Qala Arxeoloji-Etnoqrafik Muzey-Kompleksi ərazisində Etno-Ekoloji Mərkəz və Qala Əntiq Əşyalar Muzeyi yaradılıb, Xəzər rayonunun Türkan və Binə qəsəbələrində yeni mədəniyyət mərkəzləri istifadəyə verilib, Bakıda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni bina tikilib. Fondun dəstəyi ilə Gəncədə yerləşən Mirzə Şəfi Vazeh Muzeyinin 2016-cı ilin martında başlanan tikinti işləri isə 2017-ci ilin noyabrında sona çatıb.
Noyabrın 10-da Prezident İlham Əliyev muzeyin açılışında iştirak edib Heydər Əliyev Fondunun daha bir unudulmaz tədbiri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində “Buta” sarayında uşaqlar üçün təşkil edilmiş ənənəvi şənlik oldu. Tədbirdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva, nəvəsi, fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak etdilər.
Sevil Məmmədova,
Sabirabad rayonu Nizami kənd mədəniyyət evinin müdiri