

Xalqımıza Qarabağ zəfərini qazandıran Xalq - Lider - Ordu birliyi, igidlərimizin şücaəti, qəhrəmanlığı sayəsində Azərbaycan tarixinin ən parlaq dövrünü yaşayır. Uzun illərdən bəri ilk dəfə olaraq bütövlüyünə qovuşmuş Vətənimizin gələcək inkişaf perspektivlərindən danışa bilirik. Bu günlərin hər biri dövlətçilik tariximizi şərəfləndirir, uğurlarımıza, keçdiyimiz sınaqlara bələdçilik edir. Nəcib əməllərinə, Azərbaycana xidmətlərinə görə vətəndaşlarımızın, bütün dünya azərbaycanlılarının böyük sevgi və ehtiramını qazanan ölkəmizin Birinci vitse-prezidenti çətin sınaq günlərində cəmiyyətimizdə milli həmrəyliyin əldə olunmasında xüsusi xidmətlər göstərdi. Müzəffər Ordumuzun hər şanlı qələbəsindən sonra Mehriban xanımın xalqımıza ünvanladığı təbrik sözləri, sevinc, qürur və ümid dolu kəlmələri insanlar arasında qələbə əzmini daha da gücləndirdi, onları vahid amala, milli hədəflərə doğru səfərbər etdi. Buna böyük Zəfərimizlə nəticələnən 44 günlük Vətən savaşında hər birimiz şahid olduq. Ali Baş Komandanın ən sadiq silahdaşı olan Mehriban xanım Əliyevanın ölkəmizin ədalətli mübarizəsi barədə həqiqətlərin beynəlxalq birliyə çatdırılması ilə bağlı vətənpərvər çağırışları hər bir azərbaycanlını mübarizəyə səfərbər etdi. Cəbhədə döyüşən igid əsgərlərimizə duaları ilə yaralılarımıza, həlak olan günahsız dinc insanlarımızın ağrı-acısına bir ana kimi şərik oldu.
Bütün bu fəaliyyətlərlə yanaşı, Mehriban xanım Əliyeva sadə, səmimi və təvazökar xarakteri ilə xalqın qəlbində özünəməxsus yer tutmuş və onun qürur duyduğu şəxsiyyətə çevrilmişdir. Yeni ideya və layihələrin müəllifi kimi hər kəsi tərəqqiyə və yeniliklərə ruhlandıran, ziyalı şəxsiyyət, cəmiyyətimizin firavanlığını qarşısına məqsəd qoymuş Mehriban xanım Əliyeva təkcə Azərbaycanda deyil, bütün dünyada hörmət və şöhrət qazanıb, əldə etdiyi uğurlar bir çox dövlətlər, nüfuzlu şəxslər, beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. XXI əsrin məşhur, görkəmli qadınları sırasında adı, bənzərsiz dəst-xətti olan Mehriban xanım Əliyeva böyük ictimai xadim olmaqla, mühüm rəhbər vəzifə daşımaqla yanaşı, gözəl, səmimi həyat yoldaşı, qayğıkeş ana kimi nümunəvi obraza malikdir. Humanizm və qayğı kimi keyfiyyətləri təcəssüm etdirməklə hamı üçün gözəllik, mərhəmət nümunəsinə çevrilib.
İnsansevərlik, kreativlik, alicənablıq kimi keyfiyyətləri ilə insanları mənəvi saflığa, nəcibliyə, xeyirxahlığa səsləyən Mehriban xanım Əliyeva hər kəsin qəlbində səmimiliyi ilə “Bizim Mehriban” kimi sevilir və seviləcək.
Vüqar Əmirov,
Sabirabad şəhər sakini, II Vətən müharibəsi iştirakçısı, qazi