isaznow.com
Az Iw En Ru

Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılmasında Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olmuşdur

2004-cü ildən ulu öndər Heydər Əliyevin adını daşıyan Fonda rəhbərlik edən Mehriban Əliyevanın təşəbbüsü, dəstəyi ilə reallaşan çoxsaylı və irimiqyaslı layihələr təkcə ölkə daxilində deyil, bütün dünyada böyük rəğbətlə qarşılanır. Məhz onun təşəbbüsü və yaxından iştirakı ilə təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə bir sıra irimiqyaslı layihələr reallaşdırılıb. Çoxsaylı xeyriyyəçilik tədbirləri Heydər Əliyev Fondunu həm də şəfqət və mərhəmət ünvanına çevirib. Fondun mədəniyyətimizlə, incəsənətimizlə bağlı layihələri mənəvi, tarixi, mədəni irsimizin qorunması işində müstəsna rola malikdir. Azərbaycanın birinci xanımı ölkəmizdəki qədim tarixi abidə və ziyarətgahların, məscid və ibadətgahların bərpası və yenidən qurulması istiqamətində misilsiz xidmətlər göstərir. Müstəqillik tariximizin əlamətdar hadisələrinin – ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi “Eurovision-2012”nin, birinci Avropa Oyunlarının, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat komitələrinin sədri kimi fədakar fəaliyyəti Mehriban Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətinə malik olduğunu bir daha təsdiqlədi. Mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, xalqımızın mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Əliyeva Azərbaycanın ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edildi.

Heydər Əliyev Fondunun humanitar layihələri ölkə hüdudlarından kənarda da uğurla reallaşdırılır: Pakistanda qızlar üçün məktəb binasının tikilməsi, Versal sarayının bir hissəsinin və Strasburqda orta əsrlərə aid kilsənin, Luvr muzeyi qalereyalarından birinin, Roma katakombalarının bərpası, Həştərxanda Azərbaycan-Rusiya dostluq körpüsünün tikilməsi, Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılması… Bu siyahını xeyli uzatmaq olar.

2017-ci ilin yaddaqalan hadisələrindən biri də IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə uğurla keçirilməsi oldu. Yarışların böyük peşəkarlıqla təşkili, idmançılarımızın parlaq qələbələri bütün dünyaya ölkəmizin gücünü və potensialını bir daha nümayiş etdirdi. Əlbəttə, yarışların yüksək səviyyədə keçməsi, ilk növbədə, Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin xidməti idi.
Təltif olunduğu çoxsaylı beynəlxalq mükafatlar Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dünyadakı nüfuzunun göstəricisidir. Fransanın “Şərəf Legionu” ordeni, UNESCO-nun Qızıl “Motsart medalı”, Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeni, II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni… Bu mükafatların hər birinin arxasında bilik və bacarıq, peşəkarlıq və təcrübə, prinsipiallıq və xeyirxahlıq, ən əsası, xalqa, Vətənə, insanlığa sevgi dayanır.
Mehriban Əliyevanın ən böyük mükafatı isə Azərbaycan xalqının ona olan tükənməz sevgisidir, necə deyərlər, sevgidən doğan sevgidir.

 

Zəfər İbadzadə,

Sabirabad rayon Şahmat məktəbinin direktoru

 


18:07 21.02.2022