

Fevralın 25-də BMT Baş Assambleyasının sədrinin “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda təşkil etdiyi yüksək səviyyəli tematik müzakirələr keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli qisimdə və Qoşulmama Hərəkatının sədri kimi Hərəkata üzv dövlətlər adından videoformatda çıxışı təqdim olunub. Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyev çıxışında bildirib ki, Qoşulmama Hərəkatına üzv dövlətlər BMT Baş Assambleyasının sədri cənab Abdulla Şahidin COVID-19 pandemiyası ilə mübarizədə universal peyvəndlənməyə dair belə yüksək səviyyəli tematik müzakirələrin keçirilməsi təşəbbüsünü təqdir edir.
Azərbaycan COVID-19 pandemiyasının nəzarətdə saxlanılması üçün təsirli və adekvat tədbirlərin həyata keçirilməsini davam etdirir. Bu günədək ölkədə yetkin əhalinin 68 faizinə peyvəndin hər iki dozası vurulub. COVID-dən əziyyət çəkmiş əhali və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün bu ilin dövlət büdcəsindən 1.6 milyardABŞ dolları məbləğində maliyyə yardımı ayrılıb. Azərbaycan pandemiya, “peyvənd millətçiliyi” və peyvəndlərdən istifadə ilə bağlı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında qeyri-bərabərliyə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində vacib qlobal təşəbbüslərlə çıxış edib.
Azərbaycan qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkələrdən biri, bəlkə də birincisidir. Prezident İlham Əliyev daim vaksinlərin ədalətsiz bölgüsünə qarşı qlobal səviyyədə çıxış edib. Həmçinin BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərə bərabər və universal çıxış və peyvəndlərin ədalətli bölgüsünə dair təşəbbüs də məhz dövlətimizin başçısına məxsusdur. BMT Baş Assambleyasının tematik müzakirələrinin gedişində etdiyi çıxışında da Prezident İlham Əliyev bildirdi ki, COVID-19 pandemiyası kimi qlobal fövqəladə vəziyyət qlobal yanaşma tələb edir. Lakin az və orta gəlirli ölkələrdə peyvəndlərin tədarükünün aşağı səviyyədə olması bu baxımdan hələ də çox işlərin görülməli olduğunu göstərir. COVID-19 peyvəndlərinin bölgüsü baxımından inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qeyri-bərabərlik beynəlxalq ictimaiyyətin qısa zamanda pandemiyanın tamamilə aradan qaldırılmasına nail olmasının qarşısını alır.
Dövlətimizin başçısı bu dəfə də konkret təkliflər irəli sürərək bildirdi ki, COVID-19 pandemiyası ilə effektiv mübarizəni təmin edə bilmək üçün bütün ölkələrin, beynəlxalq təşkilatların və aidiyyəti tərəfdaşların milli və regional hüquqi çərçivəyə uyğun olaraq peyvənd istehsalı, paylanılması və ədalətli qiymət qoyulması məsələlərində şəffaflıqla bağlı öhdəlik götürmələri vacibdir.
Aynur Rəhimova,
Sabirabad rayon Musiqi məktəbinin direktoru