isaznow.com
Az Iw En Ru

Qadın hüquqlarının qorunması Azərbaycanın dövlət siyasətinin tərkib hissəsidir

Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynamışdır. Xalq yaradıcılığı nümunələrində, qədim rəvayət və dastanlarımızda yüksək mənəvi sifətlərlə səciyyələnən gözəl qadın obrazlarının bədii təsviri verilmişdir. Mənəviyyatımızın təməl kitabı olan “Kitabi-Dədə Qorqud”un qadın surətləri bu gün də öz məziyyətləri ilə bəşəri idealların təntənəsinə xidmət edir.Azərbaycan gerçəkliyi şair və mütəfəkkirlərə qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf etmək üçün zəngin tarixi material vermişdir. Dahi Nizami öz əsərlərində Məhinbanu və Nüşabə kimi qadın hökmdar, əfsanəvi Fitnə və yeddi gözəl obrazlarını yaratmışdır. Görkəmli memar Əcəmi Naxçıvani tərəfindən ucaldılmış Möminə xatun türbəsi əzəmətli memarlıq abidəsi olmaqla yanaşı, xalqımızın qadına göstərdiyi ehtiramın parlaq təcəssümüdür. Azərbaycan mədəniyyətinin və elminin inkişafında mühüm mərhələ olan orta əsrlər dövründə Azərbaycan qadınının fəaliyyəti xalqımızın milli-mədəni ənənələrinin qorunub saxlanılması və zənginləşdirilməsinə xidmət etmişdir. XII əsr poeziyasının görkəmli nümayəndələrindən olan Məhsəti Gəncəvinin şeir məclisləri Azərbaycan qadınının adını uzaq ellərdə tanıtdı. XIX əsr Azərbaycanın həyatında qadınların fəallığı və böyük yaradıcılıq uğurları ilə səciyyələnir. Bu mənada Xurşid banu Natəvanın, Ağa Bəyim Ağa Ağabacının, Qönçəbəyimin, Fatma xanım Kəminənin, Şahnigar xanımın, Qəmərbəyim Şeyda Qarabağinin və başqalarının yaradıcılığı diqqəti cəlb edir. Həmin əsrdən Azərbaycanda baş verən siyasi, iqtisadi və mədəni proseslər qadınların maariflənməsi və ictimai həyatda daha fəal iştirak etməsinə güclü təkan verdi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan qadınının demokratik cəmiyyətin fəal üzvünə çevrilməsi üçün geniş imkanlar yaratdı. Sovet hakimiyyəti illərində də Azərbaycan qadını çox mürəkkəb və şərəfli yol keçmişdir. 1921-ci il Azərbaycan tarixinə qadınların ilk qurultayı ili kimi daxil olmuşdur. Nəriman Nərimanovun məruzə ilə çıxış etdiyi bu qurultayın əsas qayəsini qadın azadlığı ideyaları təşkil etdi. Qurultaydan keçən qısa bir müddət ərzində Azərbaycan qadınlarının maariflənməsi, ictimai fəallığının artırılması sahəsində böyük işlər həyata keçirildi.Həmçinin Azərbaycan qadınları XX əsrdə onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş vermişdir. Azərbaycan qadınları müstəqillik yollarında gedən mübarizlərin ön sıralarında idilər. 1988-ci ildən respublikada cərəyan edən mürəkkəb proseslərdə qadınlar kişilərlə bərabər iştirak edirdilər. 1990-cı il yanvarın 19—20-də sovet qoşunlarının Bakıda və respublikanın digər şəhər və rayonlarında törətdikləri qanlı faciənin qurbanları arasında qadınlar da var idi. Azərbaycanın milli qəhrəmanları—Qarabağ cəbhəsində həlak olmuş jurnalist Salatın Əsgərova və həkim Gültəkin Əsgərova yeni dövrün fədakarlıq rəmzi oldular. Erməni qəsbkarlarının Azərbaycanın ərazisinin 20%-ni işğal etməsi nəticəsində öz doğma ev-eşiyindən didərgin düşmüş bir milyona qədər Azərbaycan vətəndaşı arasında qadınların sayı çoxdur. Qarabağ müharibəsinin nəticələrindən doğan əsas problemlərin, o cümlədən qaçqınlıq və köçkünlük həyatının ağırlığı başlıca olaraq qadınların—anaların, bacıların, qız-gəlinlərin üzərinə düşdü. Həmişə sülhün, əmin-amanlığın çarçısı olmuş Azərbaycan qadınları respublikada baş verən mürəkkəb ictimai-siyasi proseslərin gedişində daim milli dövlətçilik mövqeyindən çıxış etmişlər. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı dövr qadınların qarşısında yeni məqsəd və vəzifələr qoydu. Bazar iqtisadiyyatının təşəkkül tapması, ölkəmizin müxtəlif sahələrində aparılan islahatlar, vətəndaş cəmiyyətinin formalaşmasında vətəndaşların fəallığının artırılması yolunda görülən işlər qadınların cəmiyyətdəki rolunun artırılmasını tələb edirdi.

 

Səbinə Qarayeva,

YAP Sabirabad rayon təşkilatının əməkdaşı

 


00:22 08.03.2022