

Novruz Azərbaycanın ən qədim və ən kütləvi ümumxalq bayramlarından biridir. Milli adət-ənənələrimizi özündə yaşadan bu bayramın tarixi çox qədimdir və müxtəlif dövrlərdə təzyiqlərə məruz qalmasına baxmayaraq, bu günümüzə qədər gəlib çatıb.
Ulu öndər Heydər Əliyevin sözləri ilə desək: “Bu milli bayramın indi yüksək şəkildə dövlət səviyyəsində qeyd edilməsi Azərbaycanın müstəqil siyasətinin bəhrələrindəndir”. 1993-cü ildən Novruz dövlət statuslu bayram kimi qeyd olunur. Hər il xalqımız bu bayramı böyük coşğu ilə qeyd edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev hər il Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir bu bayramın insanlara, cəmiyyətə ötürdüyü çox mühüm mənəvi ismarıcları var: “Qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudar, küsülülər barışar, ziddiyyətlər aradan götürülər. Ona görə də Novruz bayramı həm də dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsində bu gün biz ölkəmizdə milli həmrəyliyi, vətəndaş birliyinin şahidiyik. 44 günlük Vətən müharibəsində hər bir vətəndaşımız bir yumruq kimi birləşərək erməni faşizminə qalib gəldi, Qarabağı işğaldan azad etdi. Ölkədə yaranan siyasi dialoq və əməkdaşlıq öz mühüm töhfəsini verməkdədir. Sosial ədalət, tolerantlıq, bərabərlik kimi xüsusiyyətləri özündə əks etdirən Novruz bayramı milli dəyərlərlə yanaşı, həm də bəşəri dəyərləri də yaşadır: Evdə hazırlanan yemək və şirniyyatlardan qonşulara pay verilir, xüsusi ehtiyacı olanlara yardım edilir, sovqat göndərilir. Hamı çalışır ki, hər kəsin evində bayram süfrəsi açılsın.
Biz başqa xalqlardan, millətlərdən olan qonşularımızı, döstlarımızı unutmuruq, onlara bayram payı göndərilirik. Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində 2009-cu ildə Novruz bayramı aşıq sənəti ilə birlikdə UNESCO-nun qorunan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan olunmuşdur. Bu bayram arzular bayramıdır. Həmişə bu bayramı keçirərkən hər birimiz arzu etmişik. Arzular müxtəlif, istəklər fərqli olsa da, xalqımızın bir arzusu var idi: “Tezliklə Qarabağ, torpaqlarımız erməni işğalından azad olsun”, “Gün o gün olsun ki, Novruz tonqalları Qarabağda alovlansın”. biz bu arzularımıza çatdıq. Bizi bu arzuya qovuşduran Ali Baş Komandana sonsuz təşəkkür edirik, Vətən uğrunda şəhid olan qəhrəman əsgər və zabitlərimizi, etməni terrorunun qurbanı olan dinc əhalimizi dərin ehtiram və hörmət hissi ilə yad edirik. Yaralı əsgərlərimizə, vətədaşlarımıza Allahdan şəfa diləyirik! Artıq işğaldan azad olan torpaqlarımızda bayram tonqalları yandırılır, burada böyük quruculuq işərinə başlanmışdır. İndi bizim hamımızın ümummilli, ümumxalq arzumuz vardır: Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənsin, güclənsin. Xalqımız sülh və əmin-amanlıq şəraitində, xoşbəxt və firavan yaşasın!
Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri