

Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir.
Azərbaycanın prezidenti İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir. İndi Azərbaycan prezidentinin siyasi portreti bütün dünyada məşhurdur.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət sürətli inkişaf dövrüdür. Azərbaycan cəmiyyətinin cənab İlham Əliyevi ulu öndər Heydər Əliyevin strateji islahatlar kursunun layiqli davamçısı kimi görməsi, əslində, bir sıra reallıqlarla şərtlənirdi.
Moskva Beynəlxalq Münasibətlər İnstitutu kimi bütün dünyada məşhur ali təhsil müəssisəsində diplomatiya elminin incəliklərinə dərindən yiyələnən, bu sahədəki nəzəri biliklərini Heydər Əliyevin siyasət və idarəçilik məktəbində qazandığı təcrübi vərdişlərlə zənginləşdirərək təcrübəli, peşəkar dövlət adamı kimi formalaşan cənab İlham Əliyevin yüksək intellekti, istedadı, şəxsiyyəti, dövlətçilik məharəti ümumi vəhdət təşkil edir. İntellektlə istedadın, ənənə ilə novatorluğun, keçmişlə gələcəyin üzvi bağlılığına, yaradıcı sintezinə nail olmaq qabiliyyəti, Azərbaycanın dünəni, bugünü və sabahına sonsuz, sarsılmaz sədaqət İlham Əliyev şəxsiyyətini hər kəsə sevdirən cəhətlərdir.
İlham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmiş, ölkəyə investisiya axınında mühüm rol oynamışdır. Onun ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft-qaz yataqlarınının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətləri vardır. İlham Əliyevin böyük əməyi olan neft strategiyasının həyata keçirilməsi, beynəlxalq şirkətlərlə neft müqavilələrinin imzalanması nəticəsində 1994-2000-ci illərdə xarici şirkətlər Azərbaycana 800 milyon ABŞ dolları məbləğində bonus vermişlər. Azərbaycanın neft sektorunda 30 mindən artıq iş yeri açılmışdır.
Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən İlham Əliyev, həm də görkəmli partiya xadimidir. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) lideridir. İlham Əliyev YAP-ın I qurultayında (1999) partiya sədrinin müavini, II qurultayında (2001) isə birinci müavini seçilmişdir. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn İlham Əliyev əhalinin geniş kütlələrinin Yeni Azərbaycanın quruculuğuna səfərbər olunmasında olduqca səmərəli fəaliyyət göstərir. 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına İlham Əliyev başçılıq etmişdir. Məhz onun rəhbərliyi ilə YAP həmin seçkilərdə parlaq qələbə çalmış və Milli Məclisdə böyük əksəriyyəti qazanmışdır.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü olmuş İlham Əliyevin Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin rəhbəri kimi fəaliyyəti doğma xalqa qətiyyətlə və cəsarətlə xidmət etmək nümunəsidir.
Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, sabit və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Lider öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən qüdrətli şəxsiyyətdir.
İlham Əliyev Prezident Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində misilsiz fədakarlıq göstərmişdir və bu sahədə fəaliyyətini uğurla davam etdirir.
İlham Əliyev uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir. Onun təşəbbüsü ilə təkcə paytaxt Bakıda deyil, eyni zamanda regionlarda da olimpiya idmanı-sağlamlıq komplekslərinin tikilib istifadəyə verilməsi, idmanın müxtəlif sahələrinin inkişafı üçün güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş müdrik siyasətin parlaq təzahürləridir.
Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında iflasa uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarına; tarixi faktlar və dəlillərlə cavablandırmışdır.
Bu gün tam əminliklə deyə bilərik ki, cənab İlham Əliyev Prezidentlik fəaliyyətinin ilk günündən “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir”, – tezisini irəli sürərək, ötən müddətdə ona bəslənilən ümidləri doğruldub, cəmiyyətin bütün arzularını gerçəkləşdirməyə çalışmaqla, xalqın maraq və mənafelərinə cavab verən çevik, qətiyyətli qərarlar qəbul edib, mühüm uğurlara imza ataraq özünü ciddi siyasətçi kimi təsdiqləyib, beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilib.
Rəşad Qurbanov,
Sabirabad rayon Gənclərin Kariyera və İnkişafı Mərkəzinin direktoru