isaznow.com
Az Iw En Ru

Rübün yekunları qarşıya mühüm vəzifələr qoyur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 aprel (2022) tarixində bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirə keçirib.Müşavirə də başlıca olaraq, Qarabağın işğaldan sonrakı inkişafı haqqında ətraflı məlumatlar verilmiş, davamında bütün sahələrdə gələcəklə bağlı planlar və hədəflər haqqında danışılmışdır. Çıxışında Prezident İlham Əliyev qeyd etmişdir ki, keçən il Azərbaycan üçün əlamətdar bir il olmuşdur. Bizim əsas məqsədimiz keçən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək idi, eyni zamanda beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi və hər iki istiqamət üzrə nəticələr göz qabağındadır. Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşımızda duran bütün vəzifələr icra edilmişdir. Biz, ilk növbədə, beynəlxalq təşkilatlarla öz təmaslarımızı, fəal əməkdaşlığımızı davam etdirmişik və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. İlk növbədə, BMT xətti ilə Şuşa şəhərində bu yaxınlarda beynəlxalq tədbir keçirilmişdir – Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir. Bu, çox əlamətdar hadisə idi. Bu, bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur. Əlbəttə ki, biz BMT-yə üzv olandan sonra işğalla üzləşdiyimiz dövrdə gördük ki, BMT, onun Təhlükəsizlik Şurası ədalətli qərarlar qəbul etmişlər. Əfsuslar olsun ki, bu qərarlar 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmışdır. Ancaq Qarabağ münaqişəsinin həlli, Azərbaycan tərəfindən birtərəfli həlli, eyni zamanda, BMT-nin üzərindən bu yükü götürmüş oldu. Şuşa şəhərində bu tədbirin, bir daha demək istəyirəm ki, xüsusi əhəmiyyəti var idi və təsadüfi deyil ki, Ermənistanda bu, növbəti panikaya, isterikaya səbəb olmuşdur.

Məruzəsində Qoşulmama Hərəkatına da yer verən ölkə başçısı qeyd etmişdir :”BMT-dən sonra ən böyük beynəlxalq təsisat Qoşulmama Hərəkatıdır. Qoşulmama Hərəkatına hazırda Azərbaycan sədrlik edir və bildiyiniz kimi, bütün üzv dövlətlərin razılığı və dəstəyi ilə bizim sədrliyimiz bir il daha da uzadıldı. Bu, bizə göstərilmiş böyük etimadın təzahürüdür. Qoşulmama Hərəkatı Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirmişdir və hesab edirəm ki, müharibədən sonra bu istiqamətdə əlavə önəmli hadisələr baş vermişdir. Birmənalı şəkildə Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm müharibədən sonra Azərbaycanla həmrəy olmuşdur.”

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi İlham Əliyev Vətən müharibəsində Azərbaycan Ordusunun real vəziyyətindən də bəhs etmiş, ordu quruculuğu sahəsində vacib addımlardan bəhs etmişdir :”Müharibənin 44 gününün hər günü dərindən təhlil edildi və əlbəttə, bu təhlil bizə imkan verdi ki, biz gələcək ordu quruculuğumuzu real vəziyyətə əsaslanaraq quraq. Bunu nəzərə alaraq yeni silahların, texnikaların alınması da təşkil edilir. Bununla bərabər, müharibədən sonra Müdafiə Nazirliyində struktur islahatları aparılmışdır, struktur dəyişikliyi edilmişdir və bu, ordumuzu daha da gücləndirəcək, daha da müasirləşdirəcək. Müharibədən sonra yeni qoşun növü – Komando növü yaradılmışdır və Hadrutda birinci Komando hərbi bazasının açılışında mən şəxsən iştirak etmişəm. Bu, çox güclü bir qoşun növüdür. Əminəm ki, hazırda artıq bu qoşun növü istənilən vəzifəni icra edə bilər. Biz isə sadəcə olaraq, komandoların sayını ildən-ilə artıracağıq. Hesab edirəm ki, onların sayı ilə bağlı məlumat vermək yersizdir, ancaq hər kəs bilməlidir ki, minlərlə tam hazırlıqlı döyüşçü artıq hazırlanıb və hazırlanacaq.Həmçinin, İkinci Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırıldı və artırılacaq. Hərbi məsələlərin həlli üçün nə qədər vəsait lazımdırsa, o qədər də vəsait ayrılacaq və ayrılır. Ermənistanda isə tam bu, fərqlidir. Ermənistanda xaricdən nə qədər maliyyə yardımı, yaxud da qaytarılmayan kreditlər ayrılarsa, onlar o qədər də xərcləyə bilərlər. Bu məsələyə də mən aydınlıq gətirmək istəyirəm. Hesab edirəm ki, bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır. Ermənistanın özünün silah almağa pulu yoxdur, heç vaxt da olmayıb. İkinci Qarabağ müharibəsində biz Ermənistanın haradasa 4-5 milyard dollarlıq dəyərində hərbi texnikasını məhv etmişik. Bu texnikanın bir hissəsi qənimət kimi götürülüb, biz ondan istifadə edirik. Bir hissəsi isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Sual olunur: Kasıb ölkədə bu qədər pul haradandır? Bu kreditlər haradandır? Bu kreditlərin sonra pulu qaytarılıbmı, qaytarılmayıbmı? Yoxsa silinib? Əgər o kreditlər verilməsəydi, mən tam əminəm ki, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı. Ermənistan özü gəlib boynunu büküb razılığa gələrdi, necə ki, kapitulyasiya aktını imzaladı, bütün şərtlərimizi qəbul etdi və müharibədən sonra da necə deyərlər, tam başqa mövqe sərgiləyir. Ona görə əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, biz bunu qeyri-dost addım kimi qiymətləndirəcəyik və öz addımlarımızı buna uyğun şəkildə atacağıq. Öz hesabımıza yaşayan ölkə kimi bundan sonra ordu quruculuğuna, bir daha demək istəyirəm, nə qədər pul lazımdırsa, o qədər də ayıracağıq.

Müşavirə zamanı hesabatlar dinlənilmiş və dövlət başçısı tərəfindən görülən işlərə münasibət bildirilmişdir. Azərbaycanda minimum əməkhaqqı və bazar münasibətləri təhlil edilmişdir.Məruzənin yekununu dövlət başçısı işğaldan azad edilmiş ərazilərlə bağlı planlara diqqət yetirmişdir. Beləliklə, keçmiş məcburi köçkünləri qaytarmaq üçün kompleks tədbirlər görürük. Yaşayış binaları, infrastruktur, iş yerləri, kənd təsərrüfatı ilə məşğul olmaq imkanları, sənaye parkları – biz planlı şəkildə bu işləri görəcəyik. Bu, ancaq azad edilmiş torpaqlarda bu il görüləcək işlərin siyahısıdır və əminəm ki, bütün planlar həyatda öz əksini tapacaq. Biz istədiyimizə nail olacağıq. Azad edilmiş torpaqlarda görülən işlərlə bağlı Azərbaycan xalqına bundan sonra da müntəzəm məlumat veriləcəkdir.

 

Mirxədicə Mirişova,

Sabirabad rayonu Muğan Gəncəli kənd uşaq bağçasının müdiri


18:17 15.04.2022