isaznow.com
Az Iw En Ru

Zəfər Qurultayı xalqımızın tarixində xüsusi əhəmiyyətə malik hadisədir

Dünya Azərbaycanlılarının V Qurultayı və yaxud da Zəfər Qurultayı xalqımızın tarixində xüsusi əhəmiyyətə malik bir hadisədir. Dünyanın harasında yaşamağından asılı olmayaraq Qarabağ dərdi hər bir azərbaycanlının qəlbində sağalmaz bir yara idi. Qarabağ həsrəti ürəyində dünyalarını dəyişən soydaşlarımız var. Şuşadan, Qarabağdan bir ovuc torpağı, bir damla suyu illərdir dünyanın müxtəlif ölkələrində özləri ilə daşıyan həmvətənlərimizin sayları az deyildir. Müxtəlif tədbirlərdə, görüşlərdə Qarabağın işğalı ilə bağlı məğrur xalqımızın nümayəndələri gözləri kölgəli, başları aşağı olardılar. İndi isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli ordumuzun sayəsində Qarabağ və Şuşa azad olunub. Dünya Azərbaycanlılarının ölkəmizdə toplantılar keçirməsi artıq ənənəyə çevrilib. Lakin tarixdə ilk dəfə bu qurultay Bakıdan kənarda keçirilir. Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı kimi dünyada yaşayan həmyerlilərimizə öz qollarını açır. 270 illik yubileyini qeyd edən qədim Şuşa dünyanın 65 ölkəsindən 400-dən çox həmyerlimizin Füzuli hava limanından Zəfər yolu ilə gəlməsi dünya tərəfindən müharibə həqiqətlərinin bir növ tanıdılmasına xidmət edən növbəti addımdır. Müzəffər Ali Baş Komandanın Qurultayda çıxışı və dəqiqələr boyunca ayaqüstə alqışlanması sübut edir ki, cənab İlham Əliyev nəinki Azərbaycanda yaşayan azərbaycanlıların, hətta bütün dünya azərbaycanlılarının tək və əvəzolunmaz lideridir.

İndi diasporumuzun qarşısında yeni hədəflər, yeni çağırışlar dayanır. Müharibədən sonra yaranmış, tərəfimizdən yaradılmış reallıqların dünya ictimaiyyətinə çatdırılması istiqamətində diasporumuzun üzərinə böyük öhdəliklər düşməkdədir. Qurultayda Prezidentin Azərbaycan tarixinə, torpaqlarımızın müxtəlif dövrlərdə Ermənistana birləşdirilməsinə faktlarla, sübutlarla münasibət bildirməsi diasporumuzun qarşısında olan yeni hədəfləri də müəyyənləşdirmiş oldu. Cənab Prezidentin “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq” deməsi həm də ölkəmizə düşmən mövqedə olanlar üçün çox vacib və nəticə çıxarılmalı ismarıclardır.

Bir daha bizə qarşı təhlükə və təhdidlərin olması yenidən dəmir yumruğu hərəkətə gətirə bilər. Dünyanın harasında yaşamasından asılı olmayaraq vətənin bütövlüyü uğrunda bir amalla yaşamalıyıq. Öldü var, döndü yoxdur! Necə ki, şəhidlərimiz bunu öz canları, öz qanları ilə dünyaya göstərdilər. İndi bizlər, dünyada yaşayan və qəlbi Azərbaycanla döyünən hər kəs müharibə reallıqlarının dünyada qəbul olunması üçün çalışmalıdır. Biz müharibədən ötən 2 il ərzində dünyaya sübut edə bilmişik ki, Şuşa, Qarabağ Azərbaycandır! İndi isə dünyada yaşayan hər bir soydaşmız yaşadığı ölkədə, o ölkənin öz dilində aktiv təbliğat vasitəsinə çevrilməlidir.

 

Qönçə Cahangirova,

N.Nərimanov adına 2 saylı şəhər tam orta məktəb-liseyin ingilis-alman dili müəllimi

 


04:40 27.04.2022