

Aprelin 22-23-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı-Zəfər Qurultayı keçirildi. Prezident İlham Əliyevin bu qurultayda söylədiyi geniş nitq daim yaddaşlarımızda qalacaq. Birmənalı olaraq demək olar ki, dövlət başçısının nitqi məzmununa, eləcə də təhlil edilən məsələlərin miqyasına və aktuallığına görə tarixi xarakterlidir.
Ölkə başçısı bildirdi ki, indi Azərbaycan hökuməti və səfirliklərlə yanaşı, diaspor təşkilatlarımız, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. Bunun üçün xaricdə yaşayan soydaşlarımızın daha geniş imkanları var. Qırx dörd günlük Vətən müharibəsi zamanı soydaşlarımız erməni radikal qüvvələrinin hücumlarına baxmayaraq ayrı-ayrı ölkələrdə Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün əllərindən gələni etdilər və bu gün də edirlər.
Dövlətimizin rəhbəri qurultaydakı nitqində yeni tarixi şərait, yeni reallıqlar və postmünaqişə dövründə dünya ictimaiyyətinə respublikamız haqqında tam obyektiv, dolğun informasiya verilməsi, Azərbaycan tarixinin beynəlxalq aləmdə təbliği ilə bağlı diaspor təşkilatlarının qarşısında dayanan yeni vəzifələrdən bəhs etdi: “Yəni, yaşadığınız ölkələrin ictimaiyyətini, əgər belə demək mümkündürsə, maarifləndirmək lazımdır-həm Azərbaycan reallıqları haqqında, postmünaqişə dövrü haqqında və Azərbaycan tarixi haqqında. Hesab edirəm ki, bu, çox vacibdir. Çünki tarixi amillər həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün çox vacibdir”. Həqiqətən də belədir. Prezident İlham Əliyev qarşıdakı hədəfləri böyük uzaqgörənliklə, çox düzgün müəyyənləşdirib. Ölkəmizin başçısının dediyi kimi, uzaq tarixə getməyə ehtiyac yoxdur. Sadəcə olaraq, XIX əsrdə imzalanmış müqavilələri, Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrini dünya ictimaiyyətinə düzgün çatdırmaq lazımdır. Çünki bu müqavilələrdə ermənilərdən bir kəlmə də olsa bəhs olunmur. 1805-ci ili mayın 14-də Kürəkçay müqaviləsini İbrahimxəlil xan Şuşalı və Qarabağlı titulu ilə imzalayıb. Ümumiyyətlə, XIX əsrin əvvəllərində baş verən bu tarixi hadisələrdən sonra ermənilərin tarixi torpağımız olan Qarabağa kütləvi köçürülməsi prosesinə start verildi.
Təbii ki, bütün bunları xarici tarixiçilər, ekspertlər də bilir. Diaspor təşkilatlarımız xalqımıza qarşı edilən bu haqsızlıqları ardıcıl olaraq beynəlxalq ictimaiyyətə çatdırmalıdırlar. Dünyanın ayrı-ayrı ölkələrində 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi tarixi faktı haqqında da bilməlidirlər. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermənistana bağışlaması, bu da sənədlərlə təsdiq olunan faktdır.
Ötən əsrin 20-ci illərində sovet hakimiyyəti tərəfindən Azərbaycana qarşı növbəti təxribat həyata keçirildi. Tarixi Azərbaycan torpağı qədim Zəngəzur 1920-ci ilin noyabrında Vətənimizdən qoparıldı. Daha sonra Rusiya Kommunist (bolşeviklər) Partiyasının Qafqaz bürosu Qarabağı da Azərbaycandan qoparmaq istəsə də bu məkrli plan baş tutmadı.Uzun müzakirələrdən sonra qərar qəbul olundu ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Ancaq 1923-cü il iyulun 7-də Azərbaycan ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti adlı tamamilə əsassız, süni bir qurum yaradıldı. Buradaca qeyd etmək yerinə düşər ki, o zaman indiki Ermənistan ərazisində yaşayan azərbaycanlıların sayı Qarabağda yaşayan ermənilərlə müqayisədə bəlkə də iki dəfə çox idi. Ancaq məkrli düşmənlərimiz nədənsə, belə bir muxtar vilayəti orada yox, məhz Qarabağda yaratdılar. Tarixi Azərbaycan şəhəri olan Şuşanı da onun tərkibinə daxil etdilər. Burada əsas məqsəd Şuşanı erməniləşdirmək idi. Çünki ölkə başçısının dediyi kimi, Şuşa tək bir qala kimi qalmışdı və Şuşaya bütün yollar ermənilərin məskunlaşdığı yerlərdən keçirdi: “Yəni, Şuşaya gəlmək üçün mütləq ermənilərin yaşadıqları kəndlərdən keçmək lazım idi. İndi biz Zəfər yolunu çəkmişik. Zəfər yolunu bizim əsgər, zabitlər ayaqla açdılar, o dağın, dərənin, meşənin içi ilə. Yəni, bu da təxribat idi. Yəni, Şuşanı bizdən qoparmaq üçün, erməniləşdirmək üçün Şuşanı da saldılar bu süni qurumun tərkibinə. Amma alınmadı, nə qədər çalışsalar da, alınmadı. Şuşa öz milli ruhunu o vaxt həmişə qoruyurdu və işğal dövründə ermənilər Şuşanı erməniləşdirə bilmədilər”.
Bəli, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad Şuşada keçirilən Dünya Azərbaycanlılarının Zəfər Qurultayındakı dərin məzmunlu nitqindən irəli gələn tapşırıqları layiqincə yerinə yetirmək hər bir azərbaycanlı, xüsusilə də xaricdə yaşayan soydaşlarımız, diaspor təşkilatları üçün başlıca vəzifəyə çevrilməlidir.
Seyidhüseyn Hüseynov,
Sabirabad rayon Təhsil şöbəsinin metodisti