isaznow.com
Az Iw En Ru

Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq məkanı olmalıdır

Aprel ayının 29-da ADA Universitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilib. Dünyanın 23 ölkəsindən 40 nəfər nüfuzlu nümayəndənin iştirak etdiyi konfransda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev iştirak edib. Prezident həm konfransdakı çıxışında, həm də ona verilən müxtəlif mövzularda olan sualları cavablandıraraq bir sıra məsələlər barədə danışıb.

Prezident İkinci Qarabağ müharibəsindən sonra baş verən pozitiv məsələlərdən danışıb. Qeyd edib ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsip təklif edib və sonda Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcəkdir. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaqdır.

Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir. İşğal dövründə yalnız Qarabağı geri qaytarmaq üzərində düşünmürdük. Azərbaycan müstəqilliyin gücləndirilməsi və onun dönməz xarakter alması, habelə heç kəsdən, nə siyasi, nə iqtisadi, nə də enerji cəhətdən asılı olmamağı üzərində çalışıb və buna nail olub. Ölkəmiz tam olaraq müstəqil oldu, müstəqil siyasət aparmaq imkanını əldə etdi və Qarabağı geri qaytardı. Ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib, bütün şəhər və kəndlər dağıdılıb. Kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir.

Bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında və qismən, Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdir. Bu, beynəlxalq konvensiyaların kobud pozulmasıdır. Qarabağda yaşayan ermənilər vahid Azərbaycan dövlətində özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər. Bunun üçün ermənilər, ilk növbədə, separatizm meyillərinə son qoymalı, reallıqları anlamalıdırlar. Xəritəyə, coğrafiyaya nəzər yetirməli və anlamadırlar ki, yüz minlərlə azərbaycanlı ən yaxın gələcəkdə Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaq və onlar belə bir mühitdə, qonşuluq şəraitində yaşamalı olacaqlar.

Bu gün Azərbaycan Qafqazda sülh gündəliyini təbliğ edir. Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib.

Öz çıxışında ölkə başçısı Ermənistanın əgər Cənubi Qafqazın ümumi təhlükəsizliyinə töhfə verməsə, kənarda qalsa, onu bir ada kimi təcrid etmə siyasəti yeritsə, hər şeydən çox özlərinin ziyan çəkəcəyini bildirib. Eyni zamanda quruculuq işlərində Azərbaycanın əldə etdiyi nailiyyətlərdən bəhs edərək, özünün baxışını, sülhsevər siyasətini qeyd edib. Bütün bunlar göstərir ki, Azərbaycan regionun aparıcı dövləti kimi Cənubi Qafqazın ən başlıca ölkəsidir. Onun iştirakı olmadan burada nə inkişaf, nə də əməkdaşlıq mümkündür. Biz regiondakı vəziyyətə təkstandartlı yanaşma istəyirik. Yalnız Ermənistan və Azərbaycana yox, Gürcüstan, Ermənistan və Azərbaycanın – Cənubi Qafqazın hər üç dövlətinə eyni bucaq altından baxılmasını istəyirik. Biz məsuliyyəti öz üzərimizə götürməliyik və ölkələrə rəhbərlik edən liderlər məsuliyyəti eyni olaraq qəbul etməlidirlər. Paralel olaraq cəmiyyəti hazırlamalıyıq. İnsanlar, jurnalistlər və ziyalılar arasında təmaslar qurulmalıdır. Sülh üçün əsaslar olmalıdır.

Prezident İlham Əliyev qeyd edib ki, düz 1 il keçdi, erməni hakimiyyəti və xalqı dərk edib ki, sülh onlar üçün nə qədər vacibdir. Hazırda bütün radikal, revanşist qüvvələrlə yanaşı sülh çağırışları da vardır. Təsadüfi deyil ki, ABŞ və digər ölkələrdən müraciət edənlər Azərbaycan Respublikasının Prezidentini təqdir etdilər. Hətta təklif edildi ki, belə bir konfrans gələcəkdə Laçın şəhərində keçirilsin. Çünki Prezident bildirdi ki, gələcəkdə Ağdam, Füzuli və digər ərazilərdə də bu cür görüşlər, konfranslar keçirmək mümkündür. Bu çox real bir məsələdir. Buna görə də bu konfrans olduqca yüksək qiymətləndirilməlidir.

 

Amil Alışov,

Sabirabad Regional Asan Xidmət Mərkəzində baş məsləhətçi

 


02:51 05.05.2022