

Mayın 4-də Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonuna Vahid Hacıyevin xüsusi nümayəndə təyin olunması ilə bağlı keçirdiyi videoformatdakı qəbulda bildirib ki, Yeni bölgüdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının olması strateji, iqtisadi və tarixi baxımdan çox vacib bir qərardır. Təsadüfi deyil ki, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması tarixi ədalətin bərpası kimi dəyərləndirilir. Bu həm də psixoloji baxımdan uğurlu bir addımdır. Şərqi Zəngəzurun mövcudluğu, Qərbi Zəngəzurun da mövcudluğu deməkdir. Bu addım bütün müsbət iqtisadi cəhətləri ilə birlikdə Ermənistan cəmiyyətindəki mövcud revanşist qüvvələrə ciddi bir zərbədir.
Vətən müharibəsində böyük zəfərdən sonra geniş tikinti-quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bütün infrastrukturlar yenidən qurulur. Yeni avtomobil və dəmir yolları, körpülər, tunellər, hava limanları, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su elektrik stansiyaları tikilir. "Zəngəzur dəhlizi artıq reallıqdır. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni bir yol olacaq, beynəlxalq bir yol olacaq. Ona görə və eyni zamanda, keçmiş məcburi köçkünlərin rahatlığı üçün biz dörd və altı zolaqdan ibarət olan avtomobil yolunu sürətlə inşa edirik. Bu yolun hissə-hissə istifadəyə verilməsi gələn ildən başlayacaq".
Zəngilan-Füzuli-Qubadlı kimi çoxsaylı istiqamətlərdə ən müasir standartlara cavab verən avtomobil yolları inşa olunur. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməlinin qoyulması, Laçın rayonunda Güləbird Su Elektrik Stansiyasının açılışı, Zəngilan rayonunda «ağıllı kənd» layihəsinə start verilməsi göstərir ki, Prezidentimizin əzmi və qətiyyəti, uzaqgörən siyasəti sayəsində ərazilərimiz tez bir zamanda bərpa olunacaq, insanlar öz ata-baba yurdlarına qayıdacaqlar. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli Azərbaycan beynəlxalq əməkdaşlığın inkişafında, dünya miqyasında təhlükəsizliyin təmin olunmasında çox əhəmiyyətli rol oynayır.
Səbinə Əliyeva,
Sabirabad rayon Uşaq və ailələrə dəstək mərkəzinin direktoru