

Azərbaycan Xalq Cümhuriyyəti dövründə təməli qoyulmuş Azərbaycan Milli Ordusunun ənənələri müstəqilliyimizin yenidən bərpasından sonra da qorunub saxlandı və inkişaf etdirildi. Bu isə ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün oldu. Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə nizami ordu yaratmağa imkan verdi və gələcəkdə onun daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Lakin müstəqilliyimizin ilk illərində ölkəmizdəki imperiya nökərləri Azərbaycan Ordusunun yaradılmasına hər vasitə ilə mane olurdular. Həm xaricdən, həm də daxildən göstərilən təzyiqlərin əsas məqsədi ordu quruculuğunun qarşısını almaqla Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğuna əngəl yaratmaq idi.
Məlumdur ki, sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi. Sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağrılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrə deyil, əsasən tikinti batalyonlarına göndərilirdilər. Məqsəd aydın idi – azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran peşəkar hərbi kadrların yetişdirilməsinə imkan verməmək. Bu məkrli siyasətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda birinci dəfə hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də diviziya komandiri Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin açılmasına nail oldu. O dövrdə bu addımı atmaq çətin bir iş idi. Məşhur Suvorov adına, Naximov adına hərbi məktəblərin mövcud olduğu bir zamanda Azərbaycanda hərbi məktəbin yaradılması çətin idi. Ancaq burada da dahi liderimiz qətiyyətli addımlar atdı. O, SSRİ hökuməti qarşısında azərbaycanlı tələbələrin rus dilini pis bildikləri üçün həmin məktəblərdə yaxşı təhsil ala bilmədiklərini əsas gətirdi və həmin tələbələrin öz dillərində təhsil almalarının və bunun üçün də Azərbaycanda hərbi məktəbin yaradılmasının vacibliyini bildirdi. Əslində o zaman Heydər Əliyev gələcəkdə Azərbaycanın müstəqil olacağına daxilən inanır və bunun üçün də Azərbaycanda milli hərbi kadrların yetişdirilməsi üçün var qüvvəsi ilə çalışırdı. Sonralar dahi rəhbər deyirdi: “Biz Cəmşid Naxçıvanski adına hərbi liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, Cəmşid Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam”.
Ümummilli Liderimiz o dövrdə azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail oldu. Bu gün Cəmşid Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında əhəmiyyətli rolu var. Həmin məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərdilər.
Azərbaycan Respublikası otuz bir il əvvəl öz dövlət müstəqilliyini bərpa edərkən artıq Ermənistanla müharibə vəziyyətində idi. Tarix boyu Azərbaycana qarşı ərazi iddiasında olan ermənilər onlara havadarlıq edən və ölkəmizi parçalamaq, onun müstəqilliyinə mane olmaq istəyən digər qüvvələrlə birlikdə Qarabağı işğal etmişdilər. O zaman Azərbaycana rəhbərlik edən şəxslər qətiyyətsizlikləri üzündən milli ordu yarada bilmədilər.
1991-ci ilin sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması baradə qərarın və həmin ilin oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı Qüvvələrin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, o zamankı respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmədi. SSRİ-nin tərkibində qalmağa, ittifaq orqanlarının himayəsi altında yaşamağa və onun vahid ordusunun saxlanmasına meyli olan Ayaz Mütəllibov Azərbaycanın müstəqil ordusunun formalaşmasında maraqlı deyildi. Ona görə də orduya dövlət səviyyəsində lazımi diqqət yetirilmir, onun təşkilatlanması üçün zəruri tədbirlər görülmürdü.
AXC-Müsavat hakimiyyəti dövründə də ölkəmizin ərazi bütövlüyünün qorunması üçün lazımi tədbirlər həyata keçirilmədi. Ovaxtkı iqtidar səriştəsizliyi üzündən düzgün hərbi siyasət yeritmək qabiliyyətində olmadığına görə ölkəni və əhalini hər cür silah və hərbi texnika ilə təchiz edilmiş düşmən ordusundan qoruya bilmir, məğlubiyyətlər və işğallar sıralanırdı.
Belə vəziyyətin yaranmasında günahkar olan ozamankı dövlət rəhbərləri sonralar bu halı etiraf etmək məcburiyyətində qalmışdılar.
Hərbi iş üzrə heç bir biliyi və səriştəsi olmayan Fəhmin Hacıyevin və bu baxımdan ondan fərqlənməyən Tahir Əliyevin, Rəhim Qazıyevin, Surət Hüseynovun Silahlı Qüvvələrdə yüksək vəzifələrə təyin edilmələri ordunun mənafelərinə ciddi ziyan vurmuşdu. Bu şəxslər peşəkar zabit kadrlarına inamsızlıq göstərir, onları ordudan uzaqlaşdırır, ordu quruculuğunda bacarığı olmayan yaxın adamlarını yüksək vəzifələrə təyin edirdilər.
Ölkənin bütün sahələrini sarsıdan daxili qeyri-sabitlik, siyasi çəkişmələrin geniş vüsət alması, cinayətkar mafioz dəstələrin fitnələri, xarici xüsusi xidmət orqanlarının qarşısı alınmayan kəşfiyyat-təxribat fəaliyyətinin ordu quruculuğu prosesinə göstərdiyi dağıdıcı təsiri 1993-cü ilin ortalarında onsuz da zəif olan ordunu tamamilə məhv olmaq təhlükəsi qarşısında qoydu. Bütün bunların nəticəsində erməni silahlı qüvvələri Azərbaycan torpaqlarının 20 faizini zəbt etdi, bir milyondan artıq vətəndaşımız öz yurdlarından didərgin düşdü, minlərlə insan həlak oldu. Ölkə daxilində hakimiyyətsizlik, dövlətin parçalanması və müstəqilliyin itirilməsi təhlükəsi əhalidə ruh düşkünlüyü, vahimə və qorxu, dövlətə və orduya, sabahkı günə inamsızlıq yaradırdı.
Belə bir ağır böhranlı şəraitdə Azərbaycan xalqı öz müstəqil dövlətinin məhv edilməsi təhlükəsi qarşısında üzünü layiqli oğlu Heydər Əliyevə tutaraq onu hakimiyyətə gətirdi. Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı. Bu dövrdən etibarən ölkədəki qanunsuz silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Qısa zaman kəsiyində Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi, cəbhədə təşəbbüs Azərbaycan ordusunun əlinə keçdi. Bu uğurların müvəqqəti olduğunu güman edən düşmən öz havadarlarının köməyindən və silah-sursatından istifadə edərək 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına başladı. Lakin Azərbaycan ordu hissələrinin Füzuli, Beyləqan, Ağdam və Tərtər istiqamətlərindəki möhkəm müqaviməti ilə rastlaşan düşmən cəbhədə atəşkəsə razılıq verməli oldu.
Ulu öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzaladı. Ümummilli Liderin 20 avqust 2001-ci il tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər-Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı.
Sonrakı illərdə Azərbaycan Silahlı Qüvvələrinin zabitləri, həmçinin Türkiyənin, Ukraynanın, Rusiyanın, Pakistanın, Çinin, Almaniyanın, Böyük Britaniyanın, İtaliyanın, Rumıniyanın, Macarıstanın hərbi akademiyalarında və dinləmə kurslarında da təhsil alırlar. Zabitlərimizin Amerika Birləşmiş Ştatlarında təhsil alması haqqında artıq razılıq əldə edildi.
2003-cü il aprelin 19-da Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçirilən yubiley mərasimində çıxış edən ulu öndər Heydər Əliyev burada təhsil alan kursantların ali hərbi məktəblərə daxil olmaq üçün lazımi biliklər toplayacaqlarına və gələcəkdə Azərbaycanın dəyərli zabitləri olacaqlarına inandığını qeyd etdi. Ulu Öndərimizin yubiley mərasimində çıxışı zamanı baş verən hadisə gənc hərbiçilərimizə əsl mətinlik nümunəsi oldu. İki dəfə kəskin ürək ağrısından nitqini dayandırmalı olan Heydər Əliyev sonadək böyük iradə nümayiş etdirdi. Yenidən tribunaya qayıdıb çıxışını sona çatdırdı. Bu, addım gənc zabitlərimiz üçün əsl örnək olacaq bir addım idi.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan Ordusu böyük inkişaf yolundadır. Silahlı Qüvvələrimizin kadrları NATO standartları səviyyəsində hazırlanıb.
Ümummilli Liderimizin yaratdığı və Prezident İlham Əliyevin inkişaf etdirdiyi Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başladığı əks-hücumla cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın edərək işğal altında olan bütün torpaqlarımızı azad etdi. İndi Azərbaycan Ordusu dünyanın güclü orduları sırasında yer tutub. Bu, böyük Heydər Əliyev siyasətinin təntənəsidir.
Şafiq Heydərov,
Sabirabad rayon Suvarma sistemləri idarəsinin rəisi