isaznow.com
Az Iw En Ru

Qarabağ və Şərqi Zəngəzur tezliklə dünyanın ən abad və gözəl məkanlarından birinə çeviriləcəkdir

Mayın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfərləri çərçivəsində bir sıra layihələrin təməlqoyma mərasimlərində iştirakları bu bölgə üçün bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyır. Əslində, onların səfər çərçivəsində  xüsusi əhəmiyyətə malik Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi ilə yaxından tanış olmaları bu işin daha sürətli və keyfiyyətli aparılmasına imkanlar yaradır. Həmçinin Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonu ərazisində Soltanlı stansiyasının və «Azərenerji» ASC-nin 330/110 kilovoltluq «Cəbrayıl» enerji qovşağının təməlqoyma mərasimində iştirak etmələri bir daha göstərir ki, işğaldan azad olunmuş torpaqlarımıza  Böyük Qayıdış hər gün daha da yaxınlaşır.

Qarabağda və Şərqi Zəngəzurda  sənaye müəssisələri ilə bərabər, tarixi və  dini abidələrimizin bərpası məsələsi də gündəmdədir.  Qeyd edək ki, 30 illik işğal zamanı erməni barbarları nəinki  yaşayış məskənlərimizi, evlərimizi, binalarımızı, zavod və fabriklərimizi darmadağın etmişlər, hətta məscidlərimizi viran qoyaraq  orada donuzlar bəsləmişlər. Bu isə təbii ki, təkcə Azərbaycana deyil, eyni zamanda, bütün İslam dünyasına  yönəlmiş bir vəhşilik idi.  44 günlük tarixi Zəfərimizdən sonra Prezident İlham Əliyev işğal zamanı məhv edilmiş bütün məscidlərin bərpasına və yenidən qurulmasına dair göstərişlər  verdi.

Mayın 26-da  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva «Paşa Holding» MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan  Zəngilan məscidində aparılan tikinti işlərinin gedişi ilə tanış oldular. Bu isə o deməkdir ki, Azərbaycanın dövlət başçısı nə qədər dünyəvi bir siyasət  yürütsə də,  xalqımızın dini inanclarına,  milli adət və ənənələrinə, o cümlədən dini abidələrinə çox böyük hörmət və ehtiramla yanaşır.

Səfər çərçivəsində Zəngilan Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olan ölkə başçısı bildirib ki, bu hava limanı Şərqi Zəngəzurda ilkdir və bölgənin iqtisadi, sosial inkişafı, eyni zamanda, ölkəmizin təhlükəsizliyi üçün ciddi önəm daşıyır. Ümumiyyətlə, Füzuli Beynəlxalq Hava Limanının açılışından sonra yaxın gələcəkdə Zəngilanda belə bir hava limanının açılışının gerçəkləşməsi  imkan verəcəkdir ki, Qarabağ və Şərqi Zəngəzur loqistik baxımdan bir lokal mərkəzdən beynəlxalq mərkəzə çevrilsin. Eyni zamanda, gələcəkdə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd  avtomobil yolunun da (Zəngəzur dəhlizi) tikintisinin başa çatdırılması ilə qonşu ölkələrlə ticarət əlaqələrimizi daha da genişləndirməyə yeni imkanlar yaranacaqdır.

Bu qürurverici faktdır ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qarabağa və Şərqi Zəngəzura səfərləri çərçivəsində yeni müəssisələrin təməlinin qoyulmaları, eləcə də tarixi dini abidələrin təmir və bərpası ilə maraqlanmaları ənənə halını alıb. Ən diqqət çəkən məsələ isə odur ki, bu gün dünyanın heç bir yerində infrastruktur layihələri belə sürətlə icra olunmur.  Azərbaycan bu məsələdə də dünya üçün bir nümunədir. Bu, bir daha  onu göstərir ki, Prezident İlham Əliyevin siyasətində Qarabağın və Şərqi Zəngəzurun tez bir zamanda bərpası və yenidən qurulması əsas yerlərdən birini tutur. Ölkəmizin başçısının Qarabağa və Şərqi Zəngəzura davamlı  səfərlərində o da aydın nəzərə çarpır ki, bütün layihələrin icrasına bilavasitə özü nəzarət edir, bəzi hallarda əlavə tövsiyə və tapşırıqlarını verir.

Prosesin ümumi təhlili  isə göstərir ki, bütün bu səfərlərin bir məram və məqsədi var: Qarabağı və Şərqi Zəngəzuru tezliklə dünyanın ən abad və gözəl məkanlarından birinə çevirmək. Bu isə qüdrətli Azərbaycanın daha qüdrətlənməsinə böyük töhfələr verəcək.

 

Qafur Nəsirov,

Sabirabad rayon Elektrik şəbəkəsinin baş mühəndisi

 


16:40 30.05.2022