isaznow.com
Az Iw En Ru

Türkiyə-Azərbaycan birliyinin mövcud səviyyəsi beynəlxalq sülh və rifaha töhfə verir.

Bu il Azərbaycan öz Müstəqillik Gününü qardaş Türkiyə ilə birlikdə qeyd etdi. 2018-ci ildə Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə əlaqədar keçirilmiş hərbi paradda, həmçinin 2020-ci ildə Vətən müharibəsində qazandığımız möhtəşəm qələbəyə həsr olunmuş Zəfər paradında olduğu kimi, builki tədbirlərdə də Azərbaycan və Türkiyə liderlərinin birgə iştirakı dostluğun, qardaşlığın və müttəfiqliyin göstəricisidir. Bu gün Türkiyə-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim yeni prioritetlər istiqamətində möhkəmlənir,  bütün sahələr üzrə davamlı inkişafı ilə dünyanın diqqətini cəlb edir. İki qardaş ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının dostluq münasibətlərinin mühüm rol oynayır. Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın bugünlərdə Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında iştirak etmələri və tədbirdəki çıxışlarda verdikləri mesajlar münasibətlərimizin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinin göstəricisidir. Türkiyə-Azərbaycan münasibətləri dünya ölkələri arasında bənzəri olmayan münasibətlərdir. Bu münasibətlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi strateji siyasət sayəsində hər iki qardaş xalqın maraqlarına uyğun  inkişaf edir.

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının keçirilməsinin böyük əhəmiyyəti var: “Bu tədbirin keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat, təhsil və digər sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.  Festivalda iştirak səviyyəsi bir daha təsdiqləyir ki, ölkələrimizin gələcəyi, gənclərin yeni texnologiyalara olan marağı gələcək inkişaf üçün böyük təməldir. Festival eyni zamanda Azərbaycan-Türkiyə qardaşlığına daha bir nümunə oldu. Azərbaycan Prezidenti İlham Əliyev də TEKNOFEST Azərbaycan” Festivalındakı çıxışında ölkələrimiz arasında mövcud olan münasibətləri yüksək dəyərləndirdi. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördük. Türkiyə bizim yanımızda idi. Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq” - deyən Azərbaycan Prezidenti xatırlatdı ki, bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışı, bunun təkrarının 2021-ci ildə Zəfər paradında yaşanması, iyunun 15-də - Milli Qurtuluş Günündə Şuşa Bəyannaməsinin imzalanması ilə ölkələrimiz arasında münasibətlər yeni inkişaf mərhələsinə, rəsmən müttəfiqlik zirvəsinə yüksəldi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışında Türkiyə və Azərbaycan arasında münasibətlərin Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çatdığını, ikitərəfli əlaqələrimizin təkcə bölgəyə deyil, bütün dünyaya nümunə ola biləcək bir səviyyəyə çatdığını qeyd etdi.  Müharibədə olduğu kimi, sülh dönəmində də Azərbaycanın yanında olduqlarını vurğulayan Türkiyə Prezidentinin bu sözləri ölkələrimiz arasında münasibətlərin ancaq yüksələn xətlə inkişaf edəcəyini təsdiqləyir. Dövlət başçılarının festivalda verdikləri mesajlar tədbirdə iştirak edən gənclər üçün də önəmlidir. “TEKNOFEST”də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldular, bir-birini tanıdılar və gələcəkdə də daim bir yerdə olacaqlar. Gələcəyimiz olan gənc nəsillərin ölkələrimiz arasında bütün sahələrdəki nümunəvi əməkdaşlığı daha da inkişaf etdirəcəklər.


Rəşad Qurbanov,

Sabirabad rayon Gənclərin Kariyera və İnkişafı Mərkəzinin direktoru

 


16:12 02.06.2022