

Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbədən sonra bölgədə yeni reallıq yaranıb. Nüfuzlu beynəlxalq təşkilatlar, ölkələr də bu reallığı qəbul edir. Xüsusilə qardaş Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi də bölgədə Azərbaycan-Türkiyə qardaşlığının yaratdığı reallığın nəticəsidir. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci ilin iyun ayında Azərbaycana səfəri və Şuşanı ziyarət etməsi çox mühüm tarixi hadisə ilə yadda qaldı. Belə ki, həmin il iyunun 15-də burada iki ölkə arasında Şuşa Bəyannaməsi imzalandı. Bəyannamədə bir sıra qarşılıqlı məsələlər, gələcək əməkdaşlığın yol xəritəsi əks olunub. Xüsusilə sənəddə yer alan iki məsələ diqqət çəkir. Bunlardan birincisi odur ki, hər iki ölkə bir-birlərinin təhlükəsizliyinin təminatı üçün BMT Nizamnaməsinə uyğun qarşılıqlı öhdəlik götürdülər. İkincisi isə Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması istiqamətində birgə iş birliyi oldu.
Şuşa Bəyannaməsinin Milli Qurtuluş Günündə, həm də Şuşada imzalanmasının da böyük mənası var. Bu, ilk növbədə ərazi bütövlüyü təmin olunmuş müstəqil Azərbaycanın və onun rəhbərinin müstəqil siyasətinin göstəricisidir. Yəni, Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan qardaşlığının gələcəkdəki qələbələrinin təməli qoyuldu. Bununla da 15 iyun həm Milli Qurtuluş Günü, həm də Şuşa Bəyannaməsinin imzalandığı gün kimi qeyd ediləcəkdir.
Prezident İlham Əliyev tarixi Şuşa Bəyannaməsi haqqında deyib: «Bu gün həyatımızda əlamətdar gündür, tarixi bir gündür. Bu gün biz qardaş ölkənin əziz Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı Qarabağ torpağında, Şuşa torpağında salamlayırıq. Mən fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqı adından əziz qardaşımı Şuşada, Qarabağda salamlamaq istəyirəm. Əziz qardaşım Azərbaycanda dəfələrlə olub, ancaq biz ilk dəfə Qarabağ torpağında - Şuşada bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır.»
Şuşa Bəyannaməsində digər önəmli məsələ Zəngəzur dəhlizi ilə bağlı məsələdir. Birmənalı demək olar ki, Zəngəzur dəhlizinin açılmaq məsələsi Vətən müharibəsindəki 44 günlük şanılı Qələbəmizin möhtəşəm nəticəsidir. Prezident İlham Əliyev bu Bəyannamənin tarixi əhəmiyyətini və dünya üçün böyük maraq kəsb edəcəyini xüsusi vurğulayıb: «Bu gün buradan - qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaqdır. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır.»
Bəli, Türkiyə Prezidenti cənab Ərdoğanın Şuşa Bəyannaməsini imzalaması və hər iki ölkənin parlamentlərinin bu sənədi ratifiksiya etmələri regionumuza yeni siyasi ab- hava gətirdi. İlk növbədə Ermənistan imzalanan müqavilənin şərtlərinə mütləq əməl etməlidir. Bu da məlumdur ki, Ermənistanda müəyyən revanşist qüvvələr sərsəm bəyanatlar səsləndirirlər. Eyni zamanda, regionda öz maraqlarını hansısa formada gücləndirməyə çalışan dövlətlər isə tarixi reallıqlardan uzaq bəyanatlar verirlər. Bu Bəyannamə ilə həmin qüvvələrə açıq-aydın mesaj verilir - strateji tərəfdaşlar, qardaş dövlətlər olan Azərbaycanla Türkiyə bir-birilərinə bundan sonra da dəstək olacaqlar. Əgər ermənilər havadarlarına güvənərək yenidən müharibə etmək arzusunda olsalar qarşılarında Azərbaycanla Türkiyənin möhtəşəm və qüdrətli birliyini görəcəklər.
Valid Hüseynov,
Sabirabad rayonu Qalağayın bələdiyyəsinin sədri