

Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 10-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu dövrdə 120-dən artıq qanun və qərar qəbul olundu. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı.
4 ay Ali Sovetin Sədri vəzifəsində çalışan Ulu Öndər prezident seçildikdən sonra da parlamentlə sıx əlaqə saxlamış, xalqın rifah halının yaxşılaşmasına xidmət etməsi üçün səylərini əsirgəməmişdir. Onun əsasını qoyduğu inkişaf strategiyası və onun milli məfkurəsi tezliklə Azərbaycanı davamlı inkişaf yoluna çıxartdı. Ulu öndər Heydər Əliyev siyasi sabitliyin təminatçısı kimi nüfuz qazandı. 1991-1993-cü illərin xaosundan, anarxiyasından, vətəndaş qarşıdurmasından, Azərbaycanı parçalanmaqdan xilas edən Ümummilli Lider, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etdi və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı. Ulu Öndərin 1993-cü ilin oktyabrında Prezident seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ümummmilli lider Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət kursu sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirib, ölkəmiz Cənubi Qafqazın lider dövlətinə, regionda gerçəkləşdirilən bütün transmilli layihələrin təşəbbüskarına və fəal iştirakçısına çevrilib. Ulu Öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, uğurlu neft diplomatiyası, beynəlxalq və regional təşkilatlarla apardığı gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfələr verib. Onun ölkə iqtisadiyyatında köklü dəyişikliyə gətirib çıxaran və müstəqil dövlətimizə beynəlxalq nüfuz qazandıran yeni neft strategiyasının həyata keçirilməsi nəticəsində 1994-cü ildə dünyanın iri neft şirkətləri ilə «Əsrin müqaviləsi» imzalandı. Qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran layihələrin icrasına nail olundu. Azərbaycanın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft müqaviləsi ölkə iqtisadiyyatının dinamik inkişafının əsasını qoyub və bu gün onun nəticələri göz qabağındadır. Dahi şəxsiyyət canından çox sevdiyi xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir, müstəqil Azərbaycanı bəxş etdi.
Ulu Öndərimizin nəsillərə nümunə olan həyat yolu xalqa təmənnasız xidmətdə keçib. O, nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin edib, həm də, milli dövlətçiliyin əsasını qoyub, yeni idarəçilik məktəbi formalaşdırıb. Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət edib. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi və qüdrətli sərkərdəliyi ilə Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Ümummilli lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. İllər öncə böyük uzaqgörənliklə deyirdi: «Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır.
Böyük liderin arzuıadığı o an, nəhayət ki, 2020-ci ilin noyabrında yetişdi. Ümummilli Liderin qoyduğu möhkəm təməl əsasında Azərbaycan ildən-ilə gücləndi, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdi, qüdrətli ordu yaratdı. Məhz iqtisadi güc və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiiyyəti sayəsində rəşadətli ordumuz düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanmağa başladı.Və xalqımız, bu möhtəşəm nailiyyəti həm də, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirir.
Pəhlivan Qarayev,
Sabirabad rayonu üzrə Təhsil sektorunun müdiri