isaznow.com
Az Iw En Ru

Diasporla İş üzrə Dövlət Komitəsinin 20 illiyi qeyd olunur

Səadət Şükürova: "Dünya ölkələri ilə yanaşı İsraildə də diaspora istiqamətində işlər sürətlə inkişaf edir"

 

Bu gün Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti həqiqətən də təqdirəlayiqdir. Ona görə ki, komitə ölkəmiz üçün çox önəmli və xüsusi əhəmiyyət kəsb edən məsələləri öz çiyinləri üzərinə götürüb. Ölkəmizlə bağlı reallıqları dünya miqyasında tanıtmaq eyni zamanda bu kimi məsələləri xarici ölkə ictimaiyyətinə olduğu kimi çatdırmaq komitənin qarşıya qoyduğu prioritet istiqamətlərdəndir. Reallıq budur ki artıq Azərbaycan dünyada tanınır. Və heç təsadüfi deyil ki, ölkəmizi dünyada tanıtmaq asan məsələ deyildi. Bu işdə ulu öndər Heydər Əliyevin və ondan sonra da prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət mühüm əhəmiyyət kəsb etdi. Eyni zamanda dövlətimiz tərəfindən reallaşdırılan silsilə tədbirlər, Azərbaycanın dünyanın mötəbər tədbirlərinə ev sahibliyi etməsi, məhşur idman yarışlarının məhz ölkəmizdə keçirilməsi ölkəmizi dünyada tanıtdı. Burda bir məqam xüsusi ilə qeyd edilməlidir ki, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın təşkilatlanması, onların vahid amal uğrunda birləşərək önəmli işləri həyata keçirmələri diaspor fəaliyyətinin bariz nümunəsidir.
Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyev hər zaman dünyanın ən qabaqcıl beynəlxalq tribunalarında çıxışında Azərbaycanın beynəlxalq imicinin dünya miqyasında tanıdılması işində diaspora təşkilatlarımızın fəaliyyətindən danışır və bu işi yüksək qiymətləndirir. Bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Dünya Azərbaycanlılarının V qurultayının açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycan və region üçün böyük əhəmiyyət kəsb edən mesajlar verib:
“Diaspor fəaliyyəti ilə bağlı önəmli məsələlərə toxunan Cənab Prezident, dövlətin bu yöndə qarşıda duran önəmli işlərdən danışıb, eyni zamanda qarşıdakı zamanda da çiyinlərimizdəki məsuliyyətin dərk edilməsinin vacibliyini vurğulayıb. Onu da qeyd edək ki, Dünya Azərbaycanlılarının Şuşada bir araya gəlməsi tarixi hadisədir. Bildiyiniz kimi Dünya Azərbaycanlıların ilk Qurultayı 2001 ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilmişdi. Və həmin dönəmdə mərhum prezident Heydər Əliyev sanki dünyanın ayrı-ayrı yerlərində yaşayan soydaşlarımıza birlik mesajı göndərdi. Ayrı olmağın bizlərə nə qədər bəlalar yaşatdığını anlatdı. Artıq bir olmanın zamanıdır demək o dönəmin ən önəmli tarixi hadisəsiydi. Və bundan sonra diaspor təşkilatları öz işlərini tək məqsəd uğrunda güc və birlik uğrunda qurdular. Və bu gün cənab prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin bariz nümunəsidir ki, həm Həmrəylik günü, həm də qurultayların keçirilməsi dünyanın hər yerində yaşayan soydaşlarımızın dəmir yumruq ətrafında birləşməsi gərəkdiyinin mesajını verdi. Bu gün biz bunun bəhrəsini görürük. Xüsusilə, Zəfər Qurultayının məhz Şuşada keçirilməsi Azərbaycan tarixində önəmli missiya idi”.
Demək olar ki, artıq dünyanın əksər ölkələrində Azərbaycanın diaspor təşkilatları öz işlərini uğurla davam etdirirlər. Və bu ölkələr içərisində İsraili xüsusi qeyd etmək istəyirəm. Ona görə ki, yəhudilərin Azərbaycanda tarixi köklərinin olması danılmaz faktdır. Hər iki xalq hər zaman dostluq və qardaşlıq şəraitində yaşayıblar. Tarixəndə bir birlərinin yanında olub, dünyaya birlik mesajı ünvanlayıblar. Xalqlarımız arasında siyasi, iqtisadi, mədəni, hərbi və digər sahələrdə mövcud olan əlaqələrin bu gündə dinamik xətt üzrə inkişafı bunun bariz nümunəsidir. Təsadüfi deyil ki, 44 günlük Zəfər savaşında İsrailin Azərbaycana, qalib xalqımıza hərbi sahədə dəstək olması birliyimizin, gücümüzün göstəricisidir.
Bir məqamı qeyd etmək istəyirəm ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov təyin edildikdən sonra diaspor təşkilatları daha da canlandılar. Dünya ölkələri ilə yanaşı İsraildə də diaspora istiqamətində işlər daha da sürətlə inkişaf etdi. Təsadüfi deyil ki, bu yaxınlarda İsraildə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsrail Knessetində baş tutan görüşlərdə İsrailin maliyyə naziri Aviqdor Liberman, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer, Yerusəlim məsələləri və irsi üzrə, eləcə də mənzil və tikinti üzrə nazir Elkin Zeev, Elina Bordaç Yalovanın rəhbərlik etdiyi İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, “İsrail Bizim Evimiz” partiyasının baş direktoru İnna Zilberqerts, Akko şəhər merinin birinci müavini, Yəhudi Milli Fondunun törəmə təşkilatı olan “Neimanuta” şirkətinin rəhbəri Zeev Noymanla görüşüb.

Görüşlərdə Azərbaycan diasporunun İsraildə fəaliyyəti, Azərbaycan-İsrail əməkdaşlığı, Qarabağın bərpa-quruculuq prosesinə investisiyaların cəlb olunması üçün səylər və imkanlar, gələcək layihələr müzakirə olunması hər iki xalqın birliyini göstərən önəmli faktordur.
Sonda İsraildə yaşayan soydaşlarımız adından dünya Azərbaycanlılarını bir mərkəzdə birləşdirən Diasporla İş üzrə Dövlət Komitəsinin bütün əməkdaşlarını 20 illik yubiley münasibətilə təbrik edirəm. Və bundan sonra da komitə tərəfindən ölkəmiz və xalqımız adına həyata keçirilən şərəfli işlərdə uğurlar arzulayıram
Səadət Şükürova;
Kanal24.az İnternet televiziyanın rəhbəri


01:46 22.06.2022