isaznow.com
Az Iw En Ru

Zəfər tariximizi yazan Rəşadətli Azərbaycan Ordusu

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan Ordusu müstəqil dövlətimizin tarixinə parlaq, qürurverici, şanlı səhifə yazdı. 2020-ci ilin sentyabr ayının 27-dən noyabrın 9-dək rəşadətli ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatları ilə İkinci Qarabağ müharibəsində parlaq Qələbə qazandıq.

44 gün davam edən Vətən müharibəsinin yekunu olaraq qalib Azərbaycan işğalçı Ermənistanı məğlubiyyət aktına imza atmağa məcbur etdi. Beləliklə, dünyanın müharibələr tarixində növbəti təslimçilik hadisəsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin şərtləri əsasında baş verdi.

Müzəffər Ali Baş Komandan və güclü Ordumuz 30 illik həsrətdən sonra xalqımızı arzu və istəklərinə - doğma torpaqlarımıza qovuşdurdu. Bu möhtəşəm uğur milli iqtisadiyyatın gücləndirilməsi, ordu quruculuğunda həyata keçirilən islahatlar, qəhrəman zabit və əsgərlərimizin şücaəti, ən əsası isə Prezident İlham Əliyevin qətiyyəti sayəsində əldə edildi. Müharibədən sonra məğlub Ermənistanla bağlı xeyli həqiqət ortaya çıxdı. Məlum oldu ki, bu ölkənin ordusunun döyüş hünəri ilə bağlı deyilənlər mifdən başqa bir şey deyil. Aydın oldu ki, Azərbaycan Ordusunun qarşısıalınmaz hücumları düşmənin zabit və əsgərlərinə qaçmaqdan başqa çıxış yolu qoymayıb.

Belə ki, Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli zərbələri nəticəsində düşmənin döyüş imkanları sarsıdılıb, böyük sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilib. Ermənilərin təcavüzkar və terrorçu xislətli millət olması bütün dünyaya məlumdur. Satqınlıq, xəyanət və dinc əhaliyə qarşı vəhşilik törətmək kimi xüsusiyyətlər ermənilərin xislətində var. Son 200 ildə ermənilərin Azərbaycan xalqına qarşı dəfələrlə xəyanəti və əliyalın mülki əhaliyə - uşaqlara, qadınlara, yaşlılara qarşı təcavüzləri tarixi faktlardır. 2020-ci il sentyabrın 27-dən başlayaraq ermənilər ənənəvi xislətlərinə sadiq qalaraq yenə Azərbaycanın mülki şəxslərinə qarşı təxribatlar törətdilər. Ermənistan silahlı qüvvələrinin bu hücumu, həmçinin yeni ərazilər işğal etmək cəhdidir. Azərbaycan Ordusu isə Ermənistana layiq olduğu cavabı verdi.

Ali Baş Komandan İlham Əliyev bu fikri hər zaman bəyan edirdi ki, danışıqlar prosesinin nəticəsiz qalacağı təqdirdə Azərbaycan Ordusu öz sözünü deyəcək. Ordumuzun döyüş imkanlarının artırılması ilə bağlı indiyədək həyata keçirilən tədbirlər də məhz bu məqsədə xidmət edirdi. Yüksək dəqiqlikli hərbi texnikaların Silahlı Qüvvələrimizin arsenalına daxil edilməsi, müasir döyüş vərdişlərinin mənimsənilməsi nəticəsində Azərbaycan Ordusunun qüdrətli hərbi gücə çevrildiyi çoxdan məlum idi.

Ordumuzun qarşısında düşmənin gücləndirilmiş səngərləri nəinki bir gün, bir neçə saat belə davam gətirə bilmədi. Bir neçə kəndimizin ardınca Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Xocavənd, Laçın, Xocalı və Tərtər rayonlarının kəndləri, Murov dağında strateji yüksəkliklər düşməndən azad edildi. Şuşanın işğaldan azad edilməsi isə dünya hərb tarixinə düşən hadisə oldu. Öz unikallığı ilə fərqlənən Şuşa əməliyyatı birmənalı şəkildə ordumuzun gücünü və əsgərlərimizin rəşadətini bütün dünyaya daha da yaxından tanıtdı.

Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək və suverenliyini bərpa etmək haqqı var. Odur ki, beynəlxalq hüququn bizə verdiyi imkandan istifadə edərək öz doğma torpaqlarımızı işğaldan azad etdik. Təbii ki, biz hər birimiz xalq olaraq ordumuzun yanında olmalıyıq. Xalqımız cənab Prezident və Ali Baş Komandan İlham Əliyevə, qəhrəman Azərbaycan Ordusuna tam dəstəyini ifadə edir.

Peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir. Bu ordunun gücü onun öz xalqına və dövlətinə sədaqətində, Vətənə sevgisindədir. Bizə bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımıza minnətdarıq. Qəhrəman Azərbaycan Ordusuna eşq olsun!

 

Gülcahan Fətiyeva,

Sabirabad rayon Tarix-Diyarşünaslıq Muzeyinin fond mühafizi

 


00:42 26.06.2022