

Müzəffər Ali Baş Komandan İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib. Ordu Gününü Kəlbəcərdə qeyd etməklə biz hamımız qürur hissi keçiririk. Altı ay bundan əvvəl, dekabrın 24-də birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilib. İndiyə isə Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsini açılması göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir. Yeni hərbi hissənin yaradılması Ermənistanla sərhəddə hərbi cəhətdən mövqelərimizi daha da möhkəmləndirəcək. Ali Baş Komandanın da vurğuladığı kimi, Vətən müharibəsindən keçən ilyarım ərzində biz gecə-gündüz çalışmışıq ki, ordumuzu daha da gücləndirək, daha da müasir silahlarla təchiz edək, sərhəd boyunca bütün əlverişli mövqelərə sahib olaq, yerləşək və buna nail olduq. Növbəti komando hərbi hissələrinin açılması da nəzərdə tutulur və bu silahlı birləşmələrdə minlərlə azərbaycanlı xidmət edəcək. Bu, bizim gücümüzü daha da artıracaq.
Zəngilan kimi Kəlbəcər şəhəri də park-şəhər olacaq. Kəlbəcərin də özünəməxsus füsunkar təbiəti var. Artıq ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcək. Dövlət başçısı Kəlbəcərdə mütləq aşıq mərkəzi və lazım olan digər tikililər inşa edilməsi barədə də tapşırıq verib. Bu, ancaq Kəlbəcər şəhərinin Baş planıdır. Kəlbəcər rayonunun inkişafı ilə bağlı konsepsiya, o cümlədənkəndlərin yenidən qurulması konsepsiyası da hazırdır. Səfər çərçivəsində Prezident İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolunun inşası, “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub, “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak edib, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, “İstisu” sanatoriyasının və “İstisu” mineral su zavodunun təməli qoyulub. “İstisu” sanatoriyasının bərpası regionda müalicəvi turizm infrastrukturunun ən müasir tələblərə uyğun yenidən qurulması deməkdir. “İstisu” bulağının suyu kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə seçilir. Laborator analizlər göstərib ki, mineralların miqdarı 6,7 qrama çatan bir litr suyun tərkibi litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və digər kimyəvi maddələrlə zəngindir. Bu bulaqların suyundan mədə-bağırsaq, qaraciyər, öd kisəsi və sair xəstəliklərin müalicəsində istifadə edilir. İstifadəyə veriləcək “İstisu” mineral su zavodunda həm şüşə, həm də plastik butulka istehsalı xətlərinin qurulması planlaşdırılır. Müəssisədə gündə 327 min, ildə isə 95 milyon butulka mineral su istehsal olunacaq. Suyun mənbəyinə gəldikdə, 200 metr dərinlikdə yeni quyu qazılıb. Çıxışda istilik 60-65 C dərəcəyə bərabərdir. Kəlbəcərin baş planı hazır olması və Kəlbəcərdə infrastrukturun sürətlə qurulması Böyük Qayıdışın bir hissəsi olaraq Kəlbəcər əhalisini doğma vətənə köçməyə addım-addım yaxınlaşdırır.
Nobar Qasimova,
Sabirabad rayon Surra kənd uşaq bağçasının müdiri