isaznow.com
Az Iw En Ru

Kəlbəcər rayonunun bərpası Qarabağın inkişafında xüsusi əhəmiyyət daşıyır

Şanlı qələbəmizdən sonra işğaldan azad olunan torpaqlara yeni nəfəs gəldi, qədim torpaqlarımızda yenidən həyat bərpa olundu. İlk vaxtlardan Prezident İlham Əliyev həmin rayonlara səfərlər edərək vəziyyətə birbaşa özü nəzarət etdi. Əsas məqsəd bölgənin iqtisadi potensialını artırmaq, yerli və xarici investitorları bərpa-quruculuq işlərinə cəlb etmək oldu.

Bu rayonlar arasında Kəlbəcər rayounu tarixi, yerləşdiyi coğrafi mövqeyi, təbii ehtiyatları ilə seçilir. Ərazisinə görə ölkəmizin ən böyük rayonlarından biri olan Kəlbəcər zəngin faydalı qazıntılarla, o cümlədən qızıl, gümüş, mis, xrom, civə, tellur, selen və s. kimi yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Söyüdlü, Ağduzdağ və Qızılbulaq qızıl, Şorbulaq və Ağyataq civə və Mehmana polimetal yataqları xüsusilə əhəmiyyətlidir. Rayon ərazisində böyük ehtiyatlara malik əlvan və üzlük daşlar, inşaat materialları yataqları mövcuddur. Rayon ərazisində hələ sovet dövründə ölkənin ən yaxşı sanatoriyaları fəaliyyət göstərib.

Bu gün sevindirici haldır ki, Kəlbəcərin Baş planı artıq təsdiq olunub. Prezident İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində səsləndirdiyi fikirlər, verdiyi tapşırıqlar heç şübhəsiz ki, bərpa işlərini daha da sürətləndirəcək. Ümumiyyətlə, Kəlbəcərdə sanatoriyanın fəaliyyət göstərməsi həm də Kəlbəcərə turist axınını sürətləndirən amil olacaq. Bu da bölgədə yeni canlamaya səbəb olacaq.

Kəlbəcərdən olan keçmiş məcburi köçkünlərin öz doğma yurdunda rahat həyat sürməsi üçün hər cür şəraitin yaradılacağını demək olar. Yeni tikilmiş yaşayış binaları, müasir standartlara cavab verən təhsil və tibb mərkəzləri, ictimai iaşə obyektləri Kəlbəcərin bərpasını tamlaşdırmaq baxımından əhəmiyyətlidir.

Məlum olduğu kimi, ölkə başçısı Qarabağın mədəni inkişafını da hər zaman diqqətdə saxlayır. Kəlbəcərin həm də o regionun əsas ədəbi mərkəzi olduğunu, Kəlbəcər sakinlərinin musiqiyə, sənətə bağlılığını da nəzərə alsaq, gələcəkdə orada inşa olunan aşıq mərkəzinin xüsusi əhəmiyyət daşıdığını deyə bilərik.

Bütün bunları nəzərə alıb Kəlbəcərin yenidən cənnətə dönəcəyi, həyatın bütün sahələrindəki gələcək  inkişafı haqqında əminliklə danışmaq olar.

 

Qalib İbrəhimov,

Sabirabad RİH başçısının Çöl Beşdəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

 


16:52 30.06.2022