isaznow.com
Az Iw En Ru

Viləşçay su anbarında nələr baş verir..? - İdarənin sabiq baş mühəndisi, indiki rəisi Rusif Kərimov dövlət vəsaitini necə mənimsəyir..?

ASC-nin sədri Zaur Mikayılov bunları görmür..? 

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin  ( ASC ) tabeçiliyində olan Viləşçay Su Anbarının İstismarı İdarəsi  barədə oxuculara qısa məlumat verək. 
Viləşçay su anbarı Masallı rayonunda əkin sahələrinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə 1986-cı ildə  tikilmişdir. 
Masallı rayonunda Viləşçayın üzərində tikilən su anbarının həcmi 46,0 mln. m³, torpaq bəndinin hündürlüyü 37 m və üstdən uzunluğu 3,2 km-dir. Anbarın 2-ci növbəsinin tikintisi ilə bəndin hündürlüyünün daha 15 m qaldırılması və anbarın həcminin 130 mln. m³-ə çatdırılacağı nəzərdə tutulmuşdur. 
Rəsmi  sənədlərdə  Viləşçay  Su Anbarının İstismarı İdarəsinin rəisinin  Mahir  Arif oğlu Əliyev olduğu göstərilir. 
Tərəfimizdən apardığımız araşdırma zamanı bəlli oldu ki, Mahir Əliyev  hansısa səbəbdən bir ildir ki, vəzifəsindən uzaqlaşdırılıb və idarənin baş  mühəndisi Rusif  Kərimov idarəyə rəis təyin olunub. 
Yeri gəlmişkən, onu qeyd edək ki, dövlət qurumlarının əksəriyyətinin saytları  məhz bu durumdadır. Neçə il əvvəl ölən rəhbər şəxsin adı  hələ də qurumun saytında qalır. Nə isə...keçək əsas mövzuya. 
Bəli, Rusif Kərimov  uzun müddət  idarədə ikinci şəxs olub və 1 ildir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılovun sərəncamı ilə Rusif Kərimov həmin idarəyə rəis təyin edilib.
Onunla  bağlı  qısa olaraq  qeyd edə bilərik ki, Kərimov Rusif Şakir oğlu 1982-ci il tarixdə Masallı Rayonun Ərkivan qəsəbəsində anadan olub. Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinin məzunu olub.
2016-ci ildən Masallı Viləşçay Su anbarı İstismarı idarəsində əvvəl mühəndis, hidrotexnik, 2017-ci ildən isə idarənin baş mühəndisi vəzifəsində işləyib. Və hazırda  rəisdir. 
Onu da qeyd edək ki, bu su anbarları regionların sosial-iqtisadi inkişafında mühüm əhəmiyyətə malikdir. Meliorasiya və su təsərrüfatının daha da təkmilləşməsi ərzaq təhlükəsizliyinin təmin olunmasında da həlledici rol oynayır. 
Yəni dövlət bu sahəyə  milyonlarla vəsait qoyur ki, fermerlər  bundan istifadə  edərək  ölkədə ərzaq bolluğu yaratsın, qiymətlər ucuzlaşsın  və s...
Amma  məmurlar bu milyonları mənimsəyərək ölkədə ərzaq qıtlığı yaradır, süni qiymət artımına  rəvac verirlər. 
Təsəvvür edirsiniz, Viləşçay Su Anbarı İstismarı İdarəsi 621 min borcu olan QSC-ni  tenderdə qalib elan edir. 
Adamdan soruşarlar ki, bu şirkət  iş görəndirsə, niyə bunun  621 min borcu var. 
Axı, həm də Tender haqqında  qanun bunu yolverilməz hesab edir. 
Əlbəttə,  söhbət özünə yaxın şirkətə pulu keçirib mənimsəməkdən gedir. 
Hələ bu harasıdır..? 
Fermerlərə  suyu  neçəyə, hansı qiymətə  satmaqları  daha ciddi  problemdir. Axı,  dövlət  öz vəsaitini  ayırıb ki, fermerlərə  ucuz  qiymətə  şərait yaradılsın. 
Amma   keçmiş  baş mühəndis, indiki  rəisi  olan  Rusif Kərimovun öz qimətləri var. 
Bütün bunlar azmış kimi  Viləşçay Su Anbarı İstismar İdarəsində  hər il idarənin balansında olan kanalların, daxili su arxlarının təmizlənməsi üçün ASC-dən ayrılan vəsaitlər  mənimsənilir.  
İdarəyə  ayrılan  avadanlıqlar  kimlərəsə icarəyə verilir,  hər il  külli miqdarda  dəyəri olan yanacaq  silinərək mənimsənilir. Hidrotexniki qurğuların təmiri adı altında  dövlət vəsaiti silinir. 
Bu məsələ də onu da qeyd edək ki, bu idarə hər ay  rayonun icra başçısına nə isə verir. 
Bir sözlə, idarədə maşın və mexanizmlər üçün ehtiyyat hissələrinin və materialların, avadanlıqların satın alınması, kanalların lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri, həmçinin su anbarının iriqqasiya suburaxıcısında elektrik enerjisinin verilməsi məqsədilə transformatorların təmir olunması, hidravlik sistemin yağının dəyişdirilməsi, müxtəlif növ elektrik kabellərinin və naqillərin yenisi ilə əvəzlənməsi adı altında  dövlət vəsaiti mənimsənilir. 
Biz anbardakı  balıq biznesi və ən dəhşətlisi  anbarın mühafizə zonasının  ayrı-ayrı şəxslərə satılması barədə uzun-uzadı  yazmaq  istəmirik. 
Bircə onu ASC-nin rəisi  Zaur Mikayılovdan soruşmaq istəyirik ki,  bütün bunları görmürsünüz..? 
Əgər siz görə bilmirsinizsə, jurnalistlərin tapıb çıxartdığı bu faktları niyə araşdırmırsınız, çünki onların buraxdıqları səhvlər, jurnalistlərin yazdlqları yoxlayanlar üçün gəlir mənbəyidir. Bu da bizim iş prinsipimiz.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.


06:03 01.07.2022