

Xəzər çox geniş bir tarixə malikdir. Bu tarix onun əsrlərlə, minilliklərlə bölgədəki mühüm əhəmiyyətindən xəbər verir. XX əsrin 70-ci illərində Xəzərin tədqiqi ilə məşğul olan görkəmli azərbaycanlı coğrafiyaşünas alim Q.M.Gül bu haqda yazırdı: "Xəzərin sərvətləri müxtəlif və rəngarəngdir. Dünya durduqca Xəzər bəşəriyyətə xidmət edə, ona bol ruzi verə bilər. Bunun üçün onun təbii sərvətlərindən, iqtisadi imkanlarından ağıl və zəka ilə zamanın tələblərinə uyğun səmərəli istifadə yolları müəyyən edilməlidir".
Bu fikir özünü Ümummili lider Heydər Əliyevin hakimiyyətə gəldiyi gündən doğrultmağa başlayıb. Ölkənin xarici siyasət kursunu müəyyən edərkən Heydər Əliyev birinci növbədə Azərbaycanın milli maraqlarına əsaslanan milli təhlükəsizlik siyasətini əsas götürməyə həmçinin ölkələrarası qarşılıqlı münasibətləri nizamlamağa çalışıb. Məhz bu siyasətin nəticəsi özünü Xəzəryanı ölkələrlə münasibətlərdə də biruzə verirdi.
Təməli Ulu Öndər tərəfindən qoyulmuş bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu illər ərzində Azərbayanın da iştirakçısı olduğu bir sıra mühüm hadisələr baş verib. Bunlardan biri 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində imzaladıqları mühüm sənəd – Xəzərin hüquqi statusuna dair Konvensiya idi. Bu hadisə təkcə Azərbaycanın və regionun deyil, bütün dünyanın gündəminə oturdu. İyirmi ildən artıq intensiv müzakirələrdən və mürəkkəb ekspert dəyərləndirmələrindən sonra, Xəzəryanı dövlətlərin ortaq məxrəcə gəlib, Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalaması 5 sahil ölkə üçün dönüş nöqtəsi kimi mühüm tarixi hadisəyə çevirildi. Zirvə toplantısında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qeyd edildiyi kimi, Konvensiya Xəzər dənizində hərtərəfli hüquqi rejimi müəyyənləşdirir. Eyni zamanda, bu sənəd fundamental hüquqi baza rolunu oynamaqla, sahilyanı dövlətlər arasında sahəvi əməkdaşlıq üçün çərçivə formalaşdırır və onlar arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu baxımdan, sənəd ölkəmizin müstəqilliyinə və Xəzər dənizində suveren hüquqlarının təsbitinə əhəmiyyətli dərəcədə töhfə verir. Bu Konvensiyanın imzalanması BMT-nin baş katibi daxil olmaqla, bütün beynəlxalq ictimaiyyət və dünya mediası tərəfindən çoxtərəfli diplomatiyanın təntənəsi kimi qiymətləndirilib. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətlərinin mövcud olması, çoxtərəfli əməkdaşlıq əlaqələrində olması Xəzər dənizində sabitliyin və təhlükəsizliyin əsasını təşkil edən mühüm faktorlardandır. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetlərindəndir.
Prezident İlham Əliyevin təşəbbüsünün nəticəsi olaraq qarşıdakı illərdə bu əlaqələrin daha da möhkəmlənəcəyinə, mühüm tarixi addımlar atılacağına ən əsası Vətənimin əbədi dostu olan Xəzərin problemlərinin aradan qaldırılacağına bütün dünya şahid olacaq.
Fatimə Məmmədova,
Sabirabad rayon Heydər Əliyev Mərkəzində məsləhətçi