

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin altı ayının yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə çıxış edən Prezident İlham Əliyev, bu gün ilin altı ayının yekunlarını müzakirə edəcəklərini, görüləcək işlər haqqında danışacaqlarını söyləyərək, ilin altı ayında ölkəmizin uğurla inkişaf etdiyini, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələrin icra edildiyini bildirdi.
İlin altı ayının yekunları göstərdi ki, Azərbaycan həm xarici siyasətdə önəmli addımlar atmış, həm hərbi sahədə islahatlar aparmış, həm də ölkəmiz iqtisadi müstəqillik əldə edərək beynəlxalq nüfuzunu artırmışdır. Azərbaycanın apardığı uğurlu xarici siyasətinə misal olaraq Qoşulmama Hərakatındakı uğurla sədrlik etməsini, COVİD- lə bağlı 80-dən çox ölkəyə göstərilən humanitar yardımları, İslam Əməkdaşlıq Təşkilatı ilə, Avropa İttifaqı ilə, Türk Dövlətləri Təşkilatı ilə fəal əməkdaşlığı göstərmək olar.
Prezident İlham Əliyev çıxışında bu ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılmasına baxmayaraq, hələlik real nəticələr olmadığını, Ermənistanın hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyini söyləyərək, delimitasiya üzrə işçi qrupların birinci görüşü keçirildiyini, bu da ölkəmizin təşəbbüsü ilə baş verdiyini, Azərbaycan sərhədlərin delimitasiyası ilə bağlı addımların tezliklə atılmasına çalışıldığını, Ermənistan tərəfi buna o qədər də meyilli olmadığını, birinci görüşün keçirildiyini, bu görüşün daha çox tanışlıq xarakteri daşıdığını, gələn ay ikinci görüşün keçirilməsi nəzərdə tutulduğunu, ikinci görüşün artıq praktik məsələlərin müzakirəsinə həsr olunacağını, bu formatda olan əməkdaşlıqdan hələ ki, tez nəticə gözləmədiyimizi, delimitasiyanın uzun bir proses olduğunu, amma hər halda bu prosesin başladığını bildirdi.
Bu gün Ermənistan müəyyən şərtlər irəli sürür və yenə də hansısa status haqqında danışmağa başlayır, yenə də ölmüş Minsk qrupunu diriltmək istəyir. Prezident İlham Əliyev çıxışında Ermənistana yeni mesajlar verərək bildirdi ki, müharibəyə son qoyulanda, Ermənistan kapitulyasiya aktına məcburən imza atanda bizim - Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə toxunulmur, Ermənistan müəyyən müddət buna əməl edirdi, ancaq son zamanlar artıq bu, adi hala çevrilib, Qarabağın statusundan danışırlar, status hara gedib və statusa nə olub, mən müharibədən sonra demişəm, təkrarlamaq istəmirəm, əgər Ermənistanda bunu kimsə unudubsa, təkrarlaya bilərəm, amma hesab edirəm ki, hələlik buna ehtiyac yoxdur, ona görə status haqqında danışmaq Ermənistan üçün hesab edirəm ki, çox təhlükəli məsələdir, çünki biz də status haqqında danışa bilərik, Zəngəzur üçün status tələb edə bilərik, o Zəngəzur ki, 1920-ci ilin noyabrında bizdən qoparıldı.
Bununla da Prezident İlham Əliyev Ermənistana yeni mesajlar verərək, Qarabağ və Zəngəzurun Azərbaycana aid olduğunu bildirərək, Azərbaycanın qəti mövqeyini göstərdi. Dövlət başçısı çıxışında dedi: “Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik, 1 il 8 ay ərzində hələ bir dənə də kömək görməmişik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik. Bununla paralel olaraq, sosial məsələləri həll edirik və edəcəyik, heç kimin bunda şübhəsi olmasın”.
Oktay Mehdiyev,
Sabirabad Olimpiya İdman Kompleksinin direktoru