isaznow.com
Az Iw En Ru

Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var

Azərbaycan beynəlxalq təşkilatlarda hər zaman aktiv fəaliyyət göstərməsi ilə fərqlənmiş və milli maraqlarımızın təmin olunmasına yönəlmiş siyasət həyata keçirmişdir.  Dövlət müstəqilliyimizin bərpasından bu günədək həyata keçirilmiş hərtərəfli islahatlar sayəsində beynəlxalq münasibətlərin güclü aktoruna çevrilən Azərbaycan bu gün etibarlı tərəfdaş kimi nüfuz qazanmışdır.

Prezident İlham Əliyevin yürütdüyü siyasət bu nüfuzu hər keçən gün daha da artırır. Beynəlxalq arenada nüfuzumuzun möhkəmlənməsi daimi əsasla çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsi qarşılıqlı əlaqə məsələlərini aktuallaşdırır. Bu amilləri nəzərə alan Azərbaycan, beynəlxalq təşkilatlarda daim aktiv fəaliyyət göstərməsi ilə fərqlənmiş və milli maraqlarımızın təmin olunmasına yönəlmiş siyasət həyata keçirmişdir.

Ümumiyyətlə, dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz öz xarici siyasətini beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur. Bu prinsipləri rəhbər tutan rəsmi Bakının yürütdüyü xarici siyasət Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdidlərin və risklərin aradan qaldırılması kimi həyati əhəmiyyətli məqsədə xidmət edir.

Heç kimə sirr deyil ki, bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələrindən biridir. Azərbaycan istər regionda, istərsə də beynəlxalq müstəvidə öz yeri, rolu və xüsusi çəkisi olan ölkədir. Xüsusilə də ölkəmizin regionda həlledici rola malik olması qlobal xarakterli layihələrin reallaşdırılmasını da şərtləndirmişdir.

2022-ci il 18 iyulda Avropa Komisiyası ilə verilən birgə bəyanat buna əyani sübutdur. Azərbaycan enerji sahəsində Avropa Komisiyası ilə 15 ildən artıqdır ki, əməkdaşlıq edir. Enerji təhlükəsizliyi məsələləri dövrümüzdə çox vacib məsələlərdən birinə çevirilmişdir. Azərbaycan və Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən mühüm qarşılıqlı anlaşmalar ölkəmizin gələcək inkişafına böyük töhfə verən amillərdən olub. İmzalanan bəyanat gələcək üçün xəritədir. Bu yolda böyük planlar qurulub və artıq icrasına başlanılıb. Azərbaycanın coğrafi mövqeyinin səmərəliliyi şəbəkələrin qurulması ilə bağlı işlərin genişləndirilməsinə şərait yaradacaq. Bu bəyanat Avropa İttifaqı ilə əlaqələrimizin daha da genişlənməsinə ikitərəfli və çoxtərəfli müqavilələrin imzalanmasına böyük töhfə verəcək. Bundan əlavə bəyanatın imzalanmasının tək iqtisadi yox həm də siyasi nəticələri var. Bəyanat Azərbaycanın Avropa Birliyinə inteqrasiyasını tezləşdirən, yeni müqavilələrin bağlanmasına start verən, həmçinin suverenliyimizin, ərazi bütövlüyümüzün təminatına yönələn önəmli bir addımdır.

Prezident İlham Əliyevin düşünülmüş, uğurlu addımları ölkəmizin inkişafı və rifahı üçündür. Bu nöqteyi nəzərdən Avropa Komissiyanın prezidenti Ursula Fon der Leyenin ölkəmizə səfəri və Azərbaycanın Avropa İttifaqı ilə yeni qaz sazişinin imzalanması çox əlamətdar və tarixi hadisə kimi qiymətləndirilməlidir.

 

Kənan Səmədov,

Sabirabad Regional Debat Mərkəzinin sədri

 


21:41 20.07.2022