Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələrindən biridir. Respublikamızın istər regionda, istərsə də beynəlxalq müstəvidə xüsusi rolu və böyük nüfuzu var. Ölkəmizin regionda həlledici rola malik olması qlobal xarakterli layihələrin reallaşdırılmasını da şərtləndirir.
2022-ci il iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması buna əyani sübutdur. 1993-cü ildən etibarən Azərbaycan Aİ ilə münasibətlərdə maraqlı olduğunu bəyan edib və bu qurumla müxtəlif sahələrdə yaxın əlaqələr qurmağa başlayıb. Qeyd etmək lazımdır ki, Azərbaycanın əlverişli coğrafi vəziyyəti, zəngin təbii ehtiyatları bu ölkəni Aİ üçün maraqlı edir. Azərbaycan enerji sahəsində Avropa Komisiyası ilə 15 ildən artıqdır ki, uğurla əməkdaşlıq edir. Enerji təhlükəsizliyi məsələləri dövrümüzdə çox vacib məsələlərdən birinə çevirilib. Azərbaycan ilə Aİ arasında 2006-cı ildə Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanıb. Bir sözlə, yaxşı tarixçəmiz və nailiyyətlərimiz var.
Bu gün siyasi dialoq, iqtisadi, ticarət, həmçinin enerji və nəqliyyat təhlükəzliyi kimi mühüm sferalarda Azərbaycan-Aİ münasibətləri sürətlə inkişaf edir və bu da hər iki tərəfin maraqlarına tamamilə cavab verir. Azərbaycanın başlatdığı və Aİ-nin, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Neft hasilatı ilə başladıq, sonra qaz hasilatına keçdik. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərini çəkdik. Əlbəttə ki, 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla təbii qazımız Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur. Biz bu əməkdaşlığın müsbət faydasını artıq görürük. Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Aİ arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq təbii ki, böyük nailiyyətdir.
Bu il Azərbaycan ilə Aİ arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoquna başlayıb. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Aİ tərəfindən artıq yüksək dəyərləndirilir. Ölkəmiz külək və Günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlayıb. Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Bir sözlə, bizim nəhəng resurs ehtiyatlarımız var. Bundan əlavə, əlbəttə ki, gələn illər ərzində istifadə edəcəyimiz yeni qaz yataqlarımız var. Bununla qazın hasilatını artıracağıq. Bərpaolunan enerjidən istifadə edərək ixrac üçün daha çox qazı təmin edəcəyik. Bu, birgə səylərimiz sayəsində yaradılıb və Aİ-nin dəstəklədiyi çox üstün vəziyyətdir.
Beləliklə, Azərbaycan yenə də Aİ ilə münasibətlərin real zəmində səmərəli olması üçün üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə yerinə yetirir. Bununla rəsmi Bakı bu nüfuzlu siyasi-iqtisadi qurumla əlaqələri gücləndirir və bir daha regionun aparıcı dövləti, lider ölkəsi kimi fəallığını ortaya qoyur. Əminliklə demək olar ki, Aİ-Azərbaycan münasibətləri böyük perspektivlərlə xarakterizə olunur. Azərbaycan Prezidentinin qətiyyəti və ədalətli siyasəti ilə tərəflər arasında əlaqələrin daha da güclənəcəyinə yeni ümidlər yaranır.
Pərvin Yaqubov,
Sabirabad rayonu Ətcələr kənd tam orta məktəbinin riyaziyyat müəllimi