isaznow.com
Az Iw En Ru

Zəngin dil mədəniyyətinə sahib olan xalq parlaq gələcəyə malikdir

Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu tarixin qeyd edilməsi 2001-ci il avqustun 1-dən Azərbaycan Respublikasında latın əlifbasına keçidlə bağlıdır. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən sərvətdir. Harada yaşamasından asılı olmayaraq, milyonlarla soydaşımız ünsiyyət vasitəsi olan dilimiz tarixən böyük inkişaf yolu keçib, zaman-zaman ən müxtəlif təzyiqlərə məruz qalsa da, öz varlığını qoruyub saxlayıb. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perispektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə müvafiq qanunun qəbul olunması ilə nəticələndi.

Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra, 1991-ci ilin dekabrında Azərbaycanda latın qrafikalı əlifbaya keçid barədə qərar qəbul edildi, amma icrası illərlə uzandı. Prezident Hüydər Əliyevin 18 iyun 2001-ci il tarixli Fərmanına əsasən, bu proses başa çatdı. 2001-ci ilin 1 avqustunda ölkə ərazisində bütün idarə- müəssisələr, təşkilatlar, Azərbaycan dilində bütün nəşrlər latın qrafikalı əlifbaya keçdi. Ölkəmizdə Azərbaycan dilinin hərtərəfli, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə idi.

Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Əlifba xalqın mədəniyyət silahı, milli mənəvi sərvətidir. Mədəni və mükəmməl əlifba əsasında aparılan yazı sistemi xalqın maddi-mədəni nailiyyətlərinin yaranmasında, yaşamasında və inkişafında başlıca rol oynayır, xalqın dilinin, elmi əlaqələrinin və digər zəruri fəaliyyət sahələrinin tərəqqisinə xidmət edir. Azərbaycan xalqının əlifbası tarixin müxtəlif dövrlərində müəyyən səbəblər ucbatından bir neçə dəfə dəyişdirilməyə məruz qalıb, sonuncu kiril qrafikalı əlifba isə ümumiyyətlə, Azərbaycan dilinin səs sisteminə uyğun olmamasına baxmayaraq qəbul edilib. Azərbaycan dilinin fonetik sisteminə tam uyğun olan yeni əlifba yaratmaq XX əsrin 80-cı illərinin sonlarında az bir zaman ərzində ümumxalq arzusuna çevrilib. Xalq milli mənəvi mədəniyyətin digər sahələrində olduğu kimi, yazı məsələlərində də öz istəyinə nail olmağı qarşıya məqsəd qoymuşdu. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dili öz inkişafında yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil dövlətimizin ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa edildi. Bu, Ulu Öndərin Ana dilimizə dəyişməz mövqeyinin daha bir parlaq nümunəsi oldu. Milli-mənəvi dəyərlərin ən qiymətlisi və bir millət kimi milli varlığın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində bu günə qədər çox mühüm addımlar atıb. Ölkədə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

Azərbaycan dilinin və əlifbasının qorunub saxlanılması və inkişaf etdirilməsi bu günümüzün və gələcəyimizin ən zəruri məsələsidir. Çünki, 50 milyondan artıq soydaşımızı birləşdirən atributdur. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbəbdən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.

 

Zəminə Əliyeva,

Sabirabad rayonu Çöl Beşdəli bələdiyyəsinin sədri

 


17:52 02.08.2022